Ermənistanın general heyətində “yarpaq tökümü”

post-img

Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış, vaxtilə özü barəsində “yenilməz, məğlubedilməz ordu” kimi miflər düzüb-qoşmuş Ermənistan ordusunda yüksək vəzifələrdən azad edilmələr, yeni təyinatlar və yerdəyişmələr həyata keçirilib. Ölkə prezidenti Vaaqn Xaçaturyanın imzaladığı sərəncamla general-mayor Artak Budaqyan Ermənistan–Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub. Hərbi akademiyanın rəisi, polkovnik Artur Yeroyan baş qərargah rəisinin müavini təyin edilib.

Həmçinin, Karen Qriqoryan silahlı qüvvələrin baş qərar­gahının mühəndis qoşunları idarəsinin rəisi vəzifəsindən azad edilərək baş qərargah rəisinin müavini postuna gətirilib. Digər sərəncamla Hamlet Levonyan Ermənistan sülhməramlı briqadasının komandiri, Armen Seyranyan silahlı qüvvələrin baş qərargahının strateji planlaşdırma idarəsinin rəisi, David Aleksanyan isə silahlı qüvvələrin baş qərargahının döyüş hazırlığı idarəsinin rəisi təyin edilib. Vaçaqan Nersisyan baş qərargahın döyüş hazırlığı idarəsinin rəisi vəzifəsindən azad olunub. Vigen Mkrtçyan baş qərargahın rabitə və avtomatlaş­dırılmış idarəetmə sistemləri idarəsinin rəisi təyin edilib.

Nəhayət, ən çox maraq doğuran ge­neral-leytenant Kamo Koçuntsun baş qərargah rəisinin birinci müavini vəzifə­sindən azad edilməsi olub. Bütün bu sərəncamlar baş nazir Nikol Paşinyanın təqdimatı əsasında imzalanıb.

Baş verən kadr dəyişikliklərinin Er­mənistan tərəfinin fevralın 12-də iki ölkənin şərti sərhədində törətdiyi hərbi təxribatdan dərhal sonraya təsadüf et­məsi, bu fonda baş verməsi diqqətdən yayınmır. Məsələ ondadır ki, oxşar hal­lar artıq həllini tapmış Qarabağ mü­naqişəsinin mövcud olduğu zamanlarda da yaşanmışdı. Yada salaq ki, şanlı hər­bi qələbəmizin müjdəçisi olmuş 2016-cı ilin Aprel döyüşlərindəki məğlubiyyət o vaxtkı müdafiə naziri Seyran Ohanya­nın vəzifəsini itirməsinə gətirib çıxar­mışdı. Halbuki, Ohanyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla çox yaxın idi. Onlar Qarabağda separatizm hərəkatında, dinc azərbaycanlıların qətlə yetirilməsində birgə iştirak etmiş­dilər. Sarkisyan Ohanyanın bütün naqis əməllərinə göz yumurdu. Ancaq Aprel döyüşlərindəki məğlubiyyət o qədər bö­yük idi ki, bu yaxınlıq da Seyranı xilas edə bilməmişdi.

Hayastanın 44 günlük Vətən müha­ribəsindəki sarsıdıcı məğlubiyyəti isə müdafiə naziri David Tonoyanın işdən uzaqlaşdırılması ilə nəticələnmişdi. Mü­haribənin başa çatmasını rəsmiləşdirən üçtərəfli Bəyanat 2020-ci il noyabrın 10-da imzalanmışdı. Bundan 10 gün sonra – noyabrın 20-də Tonoyan və­zifədən çıxarılmışdı. İndi – Azərbaycan torpaqlarının işğaldan tam azad edildi­yi, üçrəngli bayrağımızın Xankəndinin mərkəzində dalğalandığı bir zamanda Tonoyan İrəvanda dəmir barmaqlıqlar arxasında saxlanılır və məhkəmənin barəsində çıxaracağı hökmü gözləyir. Onun 2019-cu ilin martında ortaya atdı­ğı bədnam “Yeni müharibə – yeni əra­zilər” tezisi isə yaddaşlardan silinməyib. Xatırlatmaq yerinə düşər ki, 2019-cu il martın 29-da Vyanada Azərbaycan Pre­zidenti və Ermənistan baş naziri arasın­da görüş keçirilmişdi. Tonoyan isə hə­min vaxt ABŞ-da rəsmi səfərdə idi. O, iki ölkə rəhbərinin danışıqlarından dərhal sonra Nyu-Yorkda erməni icmasının nü­mayəndələri ilə görüşdə demişdi: “Mü­dafiə naziri kimi deyirəm ki, mən “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə – yeni ərazilər” formuluna çe­virmişəm”. Daha sonra istehza ilə bildir­mişdi ki, güzəştlər mümkündür: “Biz hü­cumçu bölmələrin sayını artıracağıq və səngərdən, müdafiə vəziyyətindən hərbi əməliyyatları düşmən ərazisinə keçirə biləcək bölmələrin sayının artırılmasına keçəcəyik”.

Azərbaycan Ordusunun gücü, dö­yüş əzmi qarşısında Tonoyanın ordu­su qorxaraq qaçdı. Hayların özlərinin açıqlamalarına görə, işğalçı orduda 11 mindən çox fərari olmuşdu. İndi isə qar­şı tərəf, təxminən, 5 aylıq nisbi sakitlik­dən sonra yeni təxribata əl atdı. Ancaq anındaca artıqlaması ilə cavabını aldı. Hazırda Hayastan ordusunda müşa­hidə olunan yüksək vəzifələrdən azad edilmələr, yeni təyinatlar və yerdəyiş­mələrin də şərti sərhəddəki təxribatın uğursuz olmasından qaynaqlanması ehtimallardan biridir. Güman etmək olar ki, təxribatın istənilən effekti verməməsi yüksək rütbəli zabitlərin işdən çıxarıl­masında rol oynayıb. Eyni zamanda, ölkənin baş naziri Nikol Paşinyanın ordu ilə münasibətlərinin hamar olmaması da nəzərdən qaçmamalıdır. Ola bilsin ki, Paşinyan yeni kadr təyinatları ilə onun siyasi xəttinə zidd mövqe göstərən yük­sək rütbəli zabitlərdən canını qurtarmaq istəyir.

Hərbi ekspert, ehtiyatda olan pol­kovnik Şair Ramaldanov mövzu ilə bağlı “XQ”yə açıqlamasında bildirdi ki, hər hansı kadr dəyişikliyi ölkənin daxili işidir. Güc strukturlarındakı dəyişikliklər də ölkəyə rəhbərlik edən şəxsin səlahiy­yətindədir: “Ermənistan güc strukturla­rında kadr dəyişikliyi mütəmadi olaraq keçirilir. Müdafiə nazirliyində dəyişik­lik olacağı barədə də məlumat var idi. Qeyd edilirdi ki, bu dəyişiklik paket ha­lında olacaq. Yəni, bir neçə nəfər işdən çıxarılacaq. Ancaq dəyişikliyin təxribatın törədilməsindən sonraya təsadüf etmə­si, həqiqətən də, nəzərdən qaçmır. Pa­şinyan hər zaman hiyləgərliyi ilə seçilib. O, göstərmək istəyir ki, insidentlə bağlı müəyyən tədbirlər görülüb və yüksək vəzifəli şəxslər vəzifədən azad olunub və sair. Hər halda, Paşinyan Ermə­nistanda mülki vəzifələrə, belə deyək, Sorosun yetirmələrini təyin edir. Digər tərəfdən isə İrəvanın Rusiyaya münasi­bətinə baxmaq lazımdır. Orada artıq NA­TO-nun nümayəndələri var. Bəzi məlu­matlar açıq, bəzi məlumatlar gizlidir. Hər halda, müəyyən proseslər gedir. Burada ən vacib sahə, əlbəttə, güc strukturları­dır, ordudur. Ola bilsin ki, müəyyən mü­şahidələr aparılır, orduda Rusiyaya me­yilliliklə bağlı məlumatlar toplanır. İstisna etmirəm ki, Rusiyaya meyillilik ordudakı son dəyişiklikdə əsas faktor kimi götürü­lüb. Hər halda, Ermənistan ordusundakı yüksək vəzifəli kadrların hamısı Rusiya­da və keçmiş SSRİ-nin digər respubli­kalarında ali hərbi təhsil alıblar. Onların arasında başqa hansısa ölkədə ali hərbi məktəbləri bitirən şəxslər demək olar ki, yoxdur. Ermənistan ordusu hazırda Cə­nubi Qafqazda rusmeyilli kadrların ən çox olduğu ordudur. Bu faktoru nəzərə almaq lazımdır”.

Ş.Ramaldanov qeyd etdi ki, Paşin­yanla ordu arasında hələ də problemlər var: “Ali baş komandanın orduda nüfuzu çox aşağıdır. Paşinyanın Rusiyaya qarşı olan addımları orduda birmənalı qarşı­lanmır. Baş nazirin Qərbə və NATO-ya meyilliliyi də yüksək rütbəli zabit heyəti tərəfindən müəyyən narazılıq elementləri ilə müşayiət olunur. Ona görə də hesab edirəm ki, kadr dəyişikliyi sırf Paşinya­nın qərarı deyil. Mənə elə gəlir ki, onun havadarları tərəfindən orduda müəyyən “islahatlar”ın aparılması istisna olun­mur. Zənnimcə, hər bir yüksək vəzifəli şəxsin xarakteristikası aparılıb. Bunun nəticəsində onların Rusiyaya meyillilik dərəcəsi nəzərə alınıb. Digər tərəfdən, Ermənistan ordusunda Paşinyanın və müdafiə nazirinin, belə deyək, sevimli kadrları var. Bu faktor da burada müəy­yən rol oynayır. Yaşla əlaqədar ordudan tərxis edilmələri də istisna etmək olmaz”.

Polkovnikin fikrincə, Paşinyanın son vaxtlar Rusiyaya və KTMT-yə olan mənfi münasibəti dövlət qurumlarına, o cümlədən, orduya da öz təsirini göstərir. O, Hayastanda Avropa İttifaqının mülki missiyasının yerləşdirildiyini xatırladıb: “Biz bilirik ki, həmin missiya sərhədi müşahidə etmək üçün yox, daxili pro­sesləri müşahidə edib istiqamətləndir­məsi üçün orada yerləşib. Təbii ki, məxfi məlumatlar toplanılması və həmin məlu­matlar əsasında Rusiya meyilli kadrların uzaqlaşdırılması, onların yerinə NATO meyilli kadrların gətirilməsi mümkündür. Qərbə yönəlmiş Paşinyan üçün orduda ruspərəst kadrların çoxluğu, əlbəttə, sa­bah böyük problemə çevrilə bilər. Bu, hətta dövlət çevrilişinə belə gətirib çıxa­ra biləcək amildir”.

Bununla belə, Ş.Ramaldanov kadr dəyişikliyinin hansısa nəticələrə gətirib çıxarmayacağını vurğuladı: “Rusiyada təhsil alan vəzifəli kadrların hamısını dəyişmək zaman tələb edir. Birincisi, ona görə ki, onların hamısını əvəz et­mək üçün yetərincə zabit kadr ehtiyatı yoxdur və yaxın vaxtlarda da olmaya­caq. Hətta, yüksək vəzifəli şəxslər Qərbyönümlü olsalar da, onların tabeliyində olanlar yenə ruspərəstdir. Belə olan hal­da, düşünmürəm ki, 5-10 nəfərin vəzifə­sinin dəyişilməsi, yaxud ordudan uzaq­laşdırılması yaxın zamanlarda hansısa konkret nəticələrə gətirib çıxarsın”.

Politoloq İlyas Hüseynov isə bil­dirdi ki, Zəngilan istiqamətində törədilən hərbi təxribat, ardınca Azərbaycanın həyata keçirdiyi tədbirlər – qisas əmə­liyyatı Ermənistan ordusunda bir sıra dəyişikliklərə gətirib çıxardı. İnsidentdən ötən müddət ərzində yüksək rütbəli və vəzifəli generalların işdən çıxarılması, yaxud onların yerdəyişməsi baş verdi: “Ümumiyyətlə, mən bu cür hallarda tə­sadüflərə inanmağın tərəfdarı deyiləm. Məntiqi əlaqə bir sıra hallarda daha üs­tün görünür. Şərti sərhəddə törədilən təxribatlar, baş tutmayan hərbi-siyasi oyunlar nəticədə cəza mexanizminin işə düşməsinə gətirib çıxardı”.

İ.Hüseynov qeyd etdi ki, Ermənis­tan daxilində bu kimi təxribatlara böyük ümidlərlə yanaşırlar. Xüsusilə, kənar geosiyasi oyunçuların dəstəyinə ümid edirlər. Onun sözlərinə görə, haylar Er­mənistanı məzlum, yazıq görkəmində təqdim etməklə ölkəyə əlavə dəstək ax­tarışındadırlar: “Ermənistana hərbi tex­nikanın daşınması, Fransanın briqada generalının İrəvanda hərbi məktəbdə mühazirə oxuması, Azərbaycan sərhə­dini keçən çexiyalı casusun yaxalanma­sı, Paşinyann “The Telegraph”a müsahi­bəsində sərt ritorikadan istifadə etməsi, Aİ-nin ali nümayəndəsi Jozep Borrelin Ararat Mirzoyanla görüşdə məsələyə həqiqətdən uzaq yanaşması təsadüf sayıla bilməz. Ermənistan havadarları­nın köməyi ilə regionda sabitliyi pozmaq istəyir. Bu cür istəklər isə son təxriba­ta cavab olaraq həyata keçirilən qisas əməliyyatında olduğu kimi, necə deyər­lər, beşiyindəcə boğulmalıdır”.

Səxavət HƏMİD
XQ





Siyasət