III MƏQALƏ
Tarixi ədalət – Azərbaycan dövlətçiliyinin tarixin sınağından çıxmış prinsipi
Prezident İlham Əliyevin bu ilin əvvəllərində yerli telekanallara verdiyi müsahibədə ədalətlilik haqqında ifadə etdiyi fikirlər milli ideya kontekstində məsələnin bu aspektini çox yaxşı izah edir. Dövlət başçımız yuxarıdakı iqtibasdan da göründüyü kimi, ədalətə inamın zəruri olduğunu vurğulayır. Yəni Azərbaycan dövlətçiliyində və cəmiyyətin özünütəşkili ənənəsində ədalətə inam ilk sırada yer almışdır. Bu özəllik Azərbaycan cəmiyyətinin mövcudluq fəlsəfəsinə o dərəcədə hopmuşdur ki, artıq onu bizim toplumun var olmaq psixologiyasının əsas komponentlərindən biri kimi dərk etməyimiz son dərəcə vacibdir.
Buna görədir ki, dövlət başçısı ədalətə inam faktorunu üç mühüm toplumsal (kollektiv) psixoloji məqam kontekstində izah edir. Birincisi, ədalətə inamsızlıq “istər-istəməz insanların şüuruna mənfi təsir göstərir”, ikincisi, “ruh düşkünlüyünə gətirib çıxara bilir”, üçüncüsü, “bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır” (bax: İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
Bu müddəalar milli ideya baxımından prinsipial fəlsəfi və psixoloji əhəmiyyət kəsb edir. Yeni tarixi mərhələdə milli ideyanın sosial-siyasi və psixoloji funksiyasının əhəmiyyətli cəhətlərini anlamaq üçün onların üzərində bir qədər geniş dayanmaq lazımdır.
Ədalətsizliyin insanların şüuruna təsiri
Prezident İlham Əliyev müsahibəsində ayrıca vurğulayır ki, “30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı”. Bu, ümumiyyətlə, “istənilən cəmiyyət üçün yaxşı hal deyil”. Tarixən ədalətə dərin inam əsasında özünüyaradan Azərbaycan cəmiyyəti üçün ədalətə inamın sarsılması daha ağır nəticələr verə bilər. Toplum, bütövlükdə özünü inkişafdan qalar. Vahid bir sistem kimi mövcud ola bilmə imkanları minimuma enər. O halda hansısa milli ideyanın səmərəli funksionallaşmasından danışmaq belə –mümkün olmaz. Yəni ən yaxşı və güclü milli ideya belə, reallaşma şansını itirmiş olur.
Məhz buna görə də Prezident İlhamƏliyev Azərbaycan cəmiyyətində ədalə-tə inamın bərpasını milli ideya kontekstində mühüm vəzifələrdən biri kimi xarakterizə edir. Ədalət hissinin tamamilə itirilməməsi üçün isə ərazi bütövlüyünün bərpası əsas şərt kimi qəbul edilmişdir. Fəlsəfi baxımdan, bu, o deməkdir ki, ərazi bütövlüyünün bərpası digər məsələlərlə yanaşı, həm də xalqda ədalətə inamın bərpa olunması deməkdir.
Öz növbəsndə bu prosesin çox mühüm məna çalarlarından biri də ədalətin tarixi aspektdə Azərbaycan toplumu üçün böyük əhəmiyyəti olduğunu insanlara çatdırmaqla əlaqəlidir. Vurğulanan səbəblərdən, Azərbaycan toplumu üçün ədalətin tarixiliyi dövlətçilik kontekstində çox əhəmiyyətlidir. Ona görə ki, tarixən Azərbaycan dövlətçiliyində ədalət faktoru əsas yerlərdən birini tutmuşdur.
Belə nəticə alınır ki, İlham Əliyev Prezident kimi ədalətin bərpasını həmişə Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən biri olaraq zəruri saymışdır. Bu özəllik isə tarixi ədalətin dərindən və üzvi olaraq milli ideyanın mənası, məzmunu və mahiyyətində mühüm prinsip statusunda nəzərə alındığını ifadə edir. Ərazi bütövlüyünün bərpası milli ideya kimi bu səbəbdən tamamilə tarixi legitimliyi olan müsbət bir fenomen-prosesdir!
Bu əsasda tarixi ədalətin yeni mərhələdə milli ideyanın substantiv və funksional olaraq vacib yer tutması mümkündür (bizcə, faydalı olardı). Yəni Azərbaycan tarixin bütün mərhələlərində ədalət prinsipini milli ideyanın mərkəzi amillərindən biri kimi əbədiləşdirməlidir! Məsələnin digər aspekti Prezidentin vurğuladığı iki vacib sosial-psixoloji faktorla bağlıdır.
Ruh düşkünlüyü – toplumsal fəsad
Bu, doğrudan da, ağır dağıdıcı sosial-psixoloji haldır. Əgər cəmiyyət ruh düşkünlüyünə uğrayarsa, onun özünə qiymət verməsi ciddi təhriflərə müşayiət olunur. Faktiki olaraq, cəmiyyət keçmiş-müasirlik-gələcək qarşılıqlı əlaqəsi kontekstində özünü adekvat dərk edib, konkret zaman-məkan reallıqlarında perspektivlilik aspektində qiymətləndirə bilmir. Bu, ümumi halda toplumun adekvat empatiya (özünüdərketmə) qabiliyyətini itirməsi deməkdir. Belə halın mövcud olduğu cəmiyyətin bütövlüyünü saxlaması mümkün deyil. Proses uzun müddət mənfi istiqamətdə davam edərsə, bütövlükdə, xalq yoxa çıxa bilər. Bu cür gedişatın əsas əlamətlərindən biri kollektiv reallıqlar səviyyəsində bədbinliyin olmasıdır.
Bədbinlik – özünəinamın düşməni
Özünəinamın fərdi və xalq anlamında rolu çox güclüdür. Hər iki anlamda fəaliyyətin sonuclarına birbaşa təsir edir. Hətta, özünəinam güclü olanda digər sosial, psixoloji, mənəvi çatışmazlıqların bərpası imkanı meydana gəlir. Kollektiv miqyasda özünəinam isə olduqca əhəmiyyətli faktor kimi bütövlükdə cəmiyyətin sosial, psixoloji, mənəvi, mədəni, əxlaqi özəllikləri ilə sıx bağlıdır.
Bunlara görə, bədbinlik özünəinamın azalmasının və ya olmamasının yekunudur. Bədbin cəmiyyətin daxili bağlantısı minimum səviyyədə olur. İnsanları birləşdirən ictimai faktorlar öz funksiyasını yerinə yetirə bilmir. Başqa fəsadlarla yanaşı, bu, həm də kollektiv səviyyədə milli ideyanı görə bilməmək halını yaradır. Fəlsəfi ifadə ilə, bədbinlik fərdin özünü milli ideya kontekstində identifikasiya etmək qabiliyyətini itirməsi kimi bir qorxulu durum yaranmasını motivasiya edir.
Beləliklə, ədalətsizlik, ruh düşgünlüyü və bədbinlik toplumsal miqyasda xalqın mövcudluğuna risk ola biləcək bir mühit formalaşdıra bilir. Prezident İlham Əliyev bu faktorların birgə təsirini sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün “çox təhlükəli amillər” kimi qiymətləndirməkdə tamamilə haqlıdır. Xüsusilə milli ideyanın reallaşması aspektində bu məqamın ayrıca əhəmiyyəti vardır.
Milli ideya və sağlam cəmiyyət: əks-əlaqə prinsipi kontekstində
Belə çıxır ki, tarixi ədalətin bərpası cəmiyyətdə ədalətə inamı, ruh yüksəkliyini və toplumsal nikbinliyi sitmullaşdırır və onların qarşılıqlı təsirlərini milli ideyanın reallaşması aspektində harmoniya halına salır. Bu isə sağlam cəmiyyətin yaranmasının mühüm əlamətlərindəndir. Müəyyən edilmiş milli ideyanın həyata keçməsi yalnız sağlam cəmiyyət mühitində mümkündür. Müasir tarixi mərhələ üçün cəmiyyətin “sağlamlığı”nın fəlsəfi anlamı azad və güclü vətəndaş cəmiyyətinin yaranması ilə sıx bağlıdır.
Bu fəlsəfi müddəaların fonunda milli ideya ilə sağlam cəmiyyət arasında əks-əlaqənin xüsusi məzmuna malik olması nəticəsini almaq olar. Konkret olaraq, milli ideya sağlam cəmiyyətin mövcudluğunu, sağlam cəmiyyət isə milli ideyaya inamı tələb edir. Bunun üçün milli ideya konkret mərhələ üçün real və əsaslı olmalı, inkişafın və özünütəşkilin əsas prinsiplərinə dayanmalıdır. Bu mənada Azərbaycanda milli ideyanın bir mərhələsinin tamamlanması sağlam cəmiyyətin yarandığının təsbiti və təsdiqidir. Cəmiyyət özünü adekvat empatiya edə bilir, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün öz ədalətini gözləyir, ruh yüksəkliyinə malikdir və sosial-psixoloji nikbinliyə malikdir. Vurğulanan bu özəlliklər milli ideyanın ilk mərhələsinin komponentləri kimi çox əhəmiyyətlidirlər. Eyni zamanda, yeni tarixi mərhələnin milli ideya kontekstində elə təməl sahəsini formalaşdırırlar ki, yeni milli ideyanı müəyyənləşdirmək üçün prinsipial əhəmiyyət daşıyırlar.
Bununla milli ideyanın reallaşmasında tarixi ədalətin bərpasının böyük əhəmiyyətini anlamaqla yanaşı, çox vacib bir məqamın aktuallığına da əmin oluruq. Bu, milli ideyanın həyata keçməsində ədaləti təmin edən liderin mövcudluğu ilə bağlıdır.
Ədaləti təmin edən lider – milli ideyanın yaradıcısı və daşıyıcısı
Tarixin bütün dönəmlərində xalq üçün əhəmiyyəti olan ədaləti liderlər təmin edirlər. Cəmiyyət üçün milli ideya baxımından vacib olan yuxarıdakı faktorların reallaşması birbaşa liderin fəaliyyəti ilə sıx bağlıdır. Təsadüfi deyildir ki, tarixdə “Qanuni Süleyman” ifadəsi vardır və yaxud elə liderlər olmuşlar ki, onlara xalqın vicdanı və ədaləti kimi qiymət verirlər. Həmin liderlər milli ideyanın yaradıcıs və daşyıcılarıdır. Nümunə kimi, Heydər Əliyevin müasir mərhələdə müstəqilliyi milli ideyasının yaradıcısı və əsas daşıyıcısı olmasını göstərə bilərik. Bununla yanaşı, Şarl de Qoll Fransanıın müstəqilliyi ideyasının XX əsrin ikinci yarısında yaradıcıs idi. Mustafa Kamal Atatürk türklərin istiqlal milli ideyasının XX əsrdə yaradıcısı və əsas daşıyıcısı kimi, Mahatma Qandi isə Hindistanın azadlığı ideyasınını yaradıcısı kimi qəbul edilir.
Azərbaycan üçün XXI əsrin çox çətin şərtləri altında ərazi bütövlüyünü bərpa etmək, sözün həqiqi mənasında, bu milli ideyanın yaradıcısını və daşıyıcısını tələb edirdi. Vurğulanan anlamda məsələnin mahiyyəti ondan ibarətdir ki, sağlam, ədalətli, özünəinamlı, ruh yüksəkliyinə malik və nikbin cəmiyyətdə toplumsal maraqları ifadə edə bilən şəxsiyyət – lider olmalıdır. Məhz həmin liderin fəaliyyəti sayəsində vurğulanan müsbət toplumsal keyfiyyətlər potensialdan aktuallığa çevrilə bilir, yəni sosial praktika vasitəsilə tarixi reallığa çevrilir. Bu gerçəklikləri Prezident İlham Əliyevin aşağıdakı fikirləri çox gözəl ifadə edir: “Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən”.
Beləliklə, Azərbaycan üçün milli ideyanın reallaşması kontekstində tarixi ədalətin bərpası bir sıra faktorların mövcudluğunu zəruri etmişdir. Tarixi ədalətin bərpası baxımından bunun iki məqamı önəmli olmuşdur. Birincisi, tarixi ədaləti təmin edə bilən şəxsiyyət-liderin mövcudluğu, ikincisi, sağlam cəmiyyət (“azad və güclü multikultural vətəndaş cəmiyyəti” mənasında). Lider azad və güclü multikultural cəmiyyəti formalaşdırmaqla onun ədalətə inamını bərpa edir və bununla da müəyyən edilmiş prinsiplər üzrə milli ideyanın reallaşması üçün “sağlam təməl fəaliyyət sahəsi” yaradır. Eyni zamanda, “sağlam təməl fəaliyyət sahəsi”nin başqa bir vacib komponentinin – milli qürur hissinin formalaşması üçün münbit və stimulverici şərait formalaşır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru