AŞPA tribunasında Xocalı cəlladlarına göz yaşı tökülür

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin mandatı təsdiq edilmədikdən və deputatlarımız xüsusi bəyanatla çıxış edərək bu təşkilatla əlaqələri kəsdikdən sonra meydan ermənilərə qalıb. Artıq Azərbaycan nümayəndələri AŞPA-da olmaması erməni deputatların əlinə fürsət verib – ağızlarına gələni danışır, hər cür yalan və iftira püskürürlər. 

Budur, dünən erməni KİV-ləri öz deputatlarının təş­kilatın divarları arasında qaynatdıqları “qəhrəmanlıqlar” haqqında ağızdolusu söhbət açıblar. Məsələn, “panora­ma.am” Ermənistan Milli Assambleyasının “Mənim şərə­fim” fraksiyasının rəhbəri Hayk Mamicanyanın Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası­nın plenar iclasında danışdığı əsl cəfəngiyata geniş yer ayırıb. Mamicanyan, təbii ki, Azərbaycan deputatlarının olmamasından sui-istifadə edərək gözünü yumub, ağzı­nı açıb. AŞPA-nın ermənipərəstləri isə, yəqin ki, erməni deputatın “cəsarətinə” heyran qalıblar. 

İndi görək, Mamicanyan nə deyib? “İlham Əliyevin de-fakto Dağlıq Qarabağ Respublikasının keçmiş rəh­bərlərini həbs etməyə nə hüququ var idi? Kim kimi, nəyə görə və nəyin naminə? Bu, cinayətdirmi? Azərbaycanın bizə qarşı açdığı müharibədə vuruşmaq cinayətdirmi? Məhz bu səbəbdən 2020-ci ildən bu günə qədər erməni hərbi əsirlər Bakıda girov kimi saxlanılır. Yoxsa öz xalqı­nın işğalçılardan müdafiəsini təşkil etmək cinayətdir? Levon Mnatsakanyan və David Manukyan məhz bu sə­bəbdən indi Bakı həbsxanasındadırlar. Yoxsa, soydaşla­rına ümid vermək və ya sadəcə olaraq xeyriyyəçilik et­mək cinayətdir? Məhz bu səbəbdən Əliyev rejimi Ruben Vardanyanı həbs etməklə məsuliyyətə cəlb edib”.

Mamicanyan AŞPA tribunasından sual edib ki, nə vaxtdan “öz ölkəsinə şərəf və ləyaqətlə xidmət etmək” cinayətə çevrilib. Onun fikrincə, adı çəkilən erməni hər­bçiləri məhz buna görə həbsə düşüblər. “Arsax prezi­dentləri” Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan isə Bakı həbsxanasında ona görə saxlanılır ki, beynəlxalq təşkilatların hesabatlarına görə, “demok­ratiya baxımından heç də Azərbaycandan geri qalma­yan bir ölkəni idarə ediblər”. Daha sonra o, Azərbaycana qarşı onsuz da qərəzli mövqe tutan, ikili standartlarla ya­naşan AŞPA rəhbərliyindən soruşur: “Yaxşı, belə çıxır ki, demokratik yolla prezident seçilmək cinayətdir?” 

Gülməlidir, deyilmi? Birincisi, bir Azərbaycan məsə­lində deyildiyi kimi, “ev qalıbdı əyriyə, həm yeyə, həm səyriyə”. Görünür ki, azərbaycanlıların iclasda olmama­sı ermənilər üçün böyük meydan yaradıb, sözün həqiqi mənasında, ağızlarına gələni danışırlar. Əlbəttə, utan­masan, oynamağa nə var ki! Erməni deputatlar bizim orda olmamağımızdan sui-istifadə edərək, həqiqətən, utanmazlıq meydanı açıblar. 

Əgər AŞPA rəhbərliyində bir qədər ədalət hissi olsay­dı, heç olmasa, erməni deputata deyərdi ki, sus, faktları təhrif etmə, utan, ayıbdır. Bəlkə AŞPA rəhbərliyindəkilər bilmirlər ki, Azərbaycan həbs etdiyi erməni cinayətkarla­rını nə üçün damlayıb? Yaxşı, bu Mamicanyan erməni­dir, ağzına gələni danışır. Yoxsa AŞPA rəhbərliyi də son 30 ildə Cənubi Qafqazda baş verənlərdən xəbərsizdir? Axı onlar yaxşı bilirlər ki, problem Ermənistanın Azər­baycana qarşı ərazi iddiasından başlayıb. Müharibəni də Azərbaycan deyil, Ermənistan başlayıb. Bu illər ər­zində Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistan tərəfindən işğalda saxlanılıb. Keçmiş Dağlıq Qarabağ ərazisindən kənardakı 7 rayon da işğal olunaraq dağı­dılıb, viran edilib, nəinki mədəni abidələr, sadə qəbiris­tanlıqlar da vandalizmə məruz qoyulub. Xarici qonaqlar Ağdamı Qafqazın Xirosiması adlandırıblar. 

Mamicanyan Levon Mnatsakanyan və David Ma­nukyan kimi canilərin nə üçün həbs edildiyini soruşur. Bunun səbəbini də AŞPA-da yaxşı bilirlər. Onlar 30 il ərzində Azərbaycanın 30 minə qədər, yəqin ki, Ermə­nistanın bundan da artıq sakininin əbəs yerə döyüş meydanlarında həlak olmasına baiskar olublar. Elə “Ar­sax prezidentləri” kimi təqdim edilən beynəlxalq hərbi cinayətkarlar da hər iki ölkədə on minlərlə gənc insanın həyatına son qoyulmasına səbəb olublar. Məhz onların rəhbərliyi və birbaşa göstərişləri ilə dinc Azərbaycan kəndlərinə gecə hücumları təşkil olunub, günahsız in­sanlara amansız işgəncələr verilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azər­baycanlılara qarşı amansız soyqırımı aktı həyata ke­çirilib. Məhz adı çəkilən canilərin separatizm fəaliyyəti nəticəsində 30 illik sülh danışıqları dövründə iki xalq arasında barışıq əldə olunmasına imkan verilməyib. Nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra da Qarabağdan erməni birləşmələrinin çıxıb get­məsinə, Qarabağın erməni sakinlərinin Azərbaycana inteqrasiya olunub öz evlərində rahat yaşamasına im­kan verilməyib. Son nəticədə Azərbaycan lokal xarak­terli tədbir keçirməklə Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri ölkə ərazisindən çıxarıb. 

Həmin separatçılar bundan sonra da erməni əhalinin Qarabağda qalmasına razılıq verməyiblər və bu əhali Ermənistana miqrasiyaya çağırılıb. Beləliklə, Azərbay­canın bütün cəhdlərinə baxmayaraq, erməni sakinlər heç bir təzyiqə məruz qalmadan Azərbaycan ərazisini tərk ediblər. Mamicanyan bunlarımı “öz ölkəsinə şərəf və ləyaqətlə xidmət” adlandırır?!

İkili standart beşiyi olan AŞPA da ermənilərə şərait yaradır. Əslində, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təkcə AŞPA-dakıların deyil, Qərb­də çoxlarının yuxusuna haram qatıb. Sadəcə, məsələyə ədalətli yanaşmaq lazımdır...

Siyasət