Qərbin “sehrli çubuğu” artıq öz təsir gücünü itirib

post-img

Ermənipərəst dairələr və dövlətlər köhnə siyasi texnologiyalardan əl çəkməlidirlər

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq işğal altındakı torpaqlarının böyük hissəsini azad etməsi, 2023-cü ilin sentyabrında isə cəmi bir sutka ərzində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı xunta rejiminin nəzarətində qalan ərazilərdə də dövlət suverenliyimizin bərqərar olması Qərbdəki ermənipərəst dairələrin, necə deyərlər, yuxularının ərşə çəkilməsinə səbəb olub. Onlar illərlə himayə etdikləri separatçı rejimin təslimolma aktına imza atmasını, ağ bayraq qaldırmasını, daha sonra onun buraxılmasını, yaraqlılarının tərk-silah edilməsini, “qlavar”larının həbs olunaraq Bakıya gətirilməsini... heç cür qəbul edə bilmirlər.

Qərbdəki ermənipərəst da­irələr, onların təmsil və idarə etdiyi dövlətlər Azərbaycan torpaqların­da separatizmin çiçəklənməsinə, geniş intişar tapmasına uzun illər ərzində böyük investisiya, el dilin­də desək, sanballı maya qoymuş­dular. Onlar bizi uzun illər ərzində mövcud vəziyyətlə – torpaqlarımı­zın itirilməsi, status-kvo ilə barış­mağa çağırırdılar. Bir çox hallarda təzyiqlər göstərirdilər. Ermənistanı silah-sursatla təchiz edirdilər. İndi həmin mayanın batmasını heç cür özlərinə və bizə bağışlaya bilmir­lər. Bu gün bölgədə mövcud olan durum onların qorxulu yuxusu idi. İndi həmin yuxu gerçək olub. Buna görə də bəzi Qərb ölkələrinin hö­kumətlərində çoxluq təşkil edən ermənipərəstlər intiqam hissi ilə alışıb-yanırlar.

Əlbəttə, heç bir fransız, holland, flamand, alman, kanadalı, yaxud amerikalı ermənilərin əvəzinə gə­lib bizimlə döyüşəsi deyil. Bu, bir reallıqdır. Heç Ermənistan ordusu­nun hərbçiləri belə Vətən mühari­bəsi dövründə bizimlə döyüşməyi bacarmadılar. Erməni mənbələri­nin öz məlumatlarına görə, işğalçı ölkənin ordusunda 11 mindən çox fərari olmuşdur. Ermənistan rəh­bərliyi həm Vətən müharibəsində­ki məğlubiyyətdən, həm də 2021-2023-cü illərdə baş verən hərbi toqquşmalardakı uğursuzluqdan ibrət götürdü, Azərbaycanın qar­şısında gücsüz olduğunu tam mənası ilə dərk etdi və nəhayət, 2022-ci il oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi Birliyinin I sammitində ölkəmizin ərazi bütöv­lüyünü tanıdı. Baş nazir Nikol Pa­şinyan bu mövqeyini 2023-cü ilin mayında İrəvanda keçirdiyi mət­buat konfransında da təsdiqlədi. Beləliklə, 2019-cu ilin sentyabrın­da Xankəndi şəhər mərkəzi sta­dionunda çıxış edərkən “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan “dəmir yumruğ”un gü­cünü gördükdən sonra “Azərbay­canın ərazi bütövlüyünə Qarabağ da daxildir”, başqa sözlə “Qarabağ Azərbaycandır!” dedi.

Ermənistan dövləti və onun rəhbərliyi hazırda aqressiv ritori­kadan əl çəkmiş kimi görünür. On­lar Azərbaycanla sülh müqavilə­sinin imzalanmasından, regionda nəqliyyat kommunikasiyalarının açılmasından, bunun Ermənista­na verəcəyi iqtisadi faydalardan, “Sülhün kəsişməsi” layihəsindən, sərhədlərin delimitasiya və demar­kasiyasından bəhs edirlər. Hətta, ölkənin baş naziri əsas qanundan və digər qanunvericilik aktlarından Azərbaycanla sülhə mane olan müddəaların çıxarılmasına çalışır. Ermənistan vətəndaşlarının sülhə əsas əngəl olan müstəqillik bəyan­naməsi ilə münasibətlərini tənzim­ləməli olduqlarını bildirir. Başqa sözlə desək, Paşinyan bugünkü inkişafı tormozlayan, keçmişin qa­lığı olan müstəqillik bəyannamə­sindən hayların canını qurtarmağa çalışır. Hay toplumunu mübtəla ol­duğu “miatsum” xəstəliyindən şə­falandırmaq istəyir.

Eyni zamanda, praktika göstə­rir ki, Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyət daha səmərəli nəticələr doğurur. Azər­baycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bir müd­dət öncə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində dediyi kimi, son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyanı təəc­cübləndirməyi bacarıb. H.Hacıyev bunu deyərkən Azərbaycan Prezi­denti Administrasiyası və Ermə­nistan baş naziri aparatının 2023-cü il dekabrın 7-də yaydığı mühüm birgə açıqlamaya istinad etdiyini vurğulayıb. Məlum olduğu kimi, bunun nəticəsində mübadilə sazi­şi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edildi. Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermə­nistan isə Azərbaycanın COP29-a evsahibliyi etmək üçün namizədli­yini dəstəklədi. H.Hacıyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın və Ermənistanın vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar apar­mağa qadir olduğunu göstərdi.

Azərbaycan və Ermənistanın birbaşa danışıqlar yolu ilə müna­sibət qurmasının daha səmərəli yol olduğunu “Atlas” Araşdırmalar Mərkəzinin bugünlərdə keçirdi­yi sorğu da bir daha təsdiq edib. Qeyd edək ki, sorğu Milli Məclisin deputatları, siyasi ekspertlər və xarici siyasət, o cümlədən təh­lükəsizlik mövzularında ixtisasla­şan jurnalistlər arasında keçirilib. Sorğuda 100 respondent iştirak edib. “Azərbaycan və Ermənistan arasında danışıqlar hansı format­da davam etdirilməlidir?” sualına respondentlərin 91,6 faizi “Birbaşa danışıqlara üstünlük verilməlidir!” cavabı üzərində dayanıb.

Bütün bunlara baxmayaraq, Qərbdəki bəzi dövlətlər və dairələr Ermənistanı şirnikləndirərək, təx­ribata çəkərək İrəvanın sülhə gəl­məsinə mane olurlar. Bu proses­də, necə deyərlər, birinci skripkanı məhz Fransa “ifa” edir.

2020-ci ilin Vətən müharibəsi günlərində və ondan sonra Azər­baycanı hansısa sanksiyaların tətbiq olunacağı ilə təhdid edən, məsələni BMT Təhlükəsizlik Şura­sında müzakirəyə çıxaran ölkələr­dən biri olan Fransa TŞ-nin sədri kimi rüsvayçılıqla üzləşməsinə baxmayaraq, sonrakı illərdə də öz əməllərindən əl çəkmədi. Lokal xarakterli antiterror tədbirlərindən sonra isə bu istiqamətdə çağırışla­rın sayı daha da artıb. Demək olar ki, hər həftə Qərbdəki hansısa de­putatın, konqresmenin, senatorun Azərbaycana sanksiya tətbiq olun­masına dair fikirlərinə rast gəlirik. Əfsuslar olsun ki, həmin siyasət son vaxtlar sistemli və ardıcıl xa­rakter alıb. Sanki onlar “ermənilər­dən daha artıq erməni olmağı” qarşılarına məqsəd qoyublar. Yan­varın 17-də Fransa parlamentinin yuxarı palatası – Senat Ermənista­nın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib, həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb.

Bir neçə gündən sonra 2001-ci ildə böyük ümidlərlə daxil olduğu­muz Avropa Şurasının Parlament Assambleyasındakı ermənisevər­lər fransızların çağırışına qoşu­lublar. Assambleya Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun bir il müddətinə alın­masına dair qətnamə qəbul edib. Həmin qətnamədə də Qarabağ­dan erməni sakinlər gedişinə toxu­nulub. O ermənilərin ki, onlar özləri bölgəni könüllü tərk ediblər və bu, avropalılara da yaxşı məlumdur.

Bir neçə gün öncə isə AŞ­PA-dakı qaragüruhun səsinə oke­anın o tayından səs gəlib. Məlum olub ki, daha bir qətnamə ABŞ Senatında hazırlanıb. Söhbət senatorlar Ed Marki və Bill Kese­di tərəfindən hazırlanmış kağız parçasından gedir. Sənədə digər ermənipərəst senatorlar – Mar­ko Rubio, Harri Piters, Elizabet Uorren, Şeldon Vaythaus, Robert Menendes və Piter Uelç də qoşu­lublar. Senatorlar Dövlət Departa­mentini Azərbaycana təhlükəsizlik sahəsində yardım göstərməyi də­yişdirməyə və ya dayandırmağa çağırıblar.

Maraqlıdır ki, Azərbaycanla bağlı bütün qətnamələrin mətni bir-birinə bənzəyir. Onların hamı­sında Qarabağdan erməni əhali­nin “məcburi köçürülməsi”, “etnik təmizləmə”, bölgədəki hansısa “erməni mədəni irsinin dağıdılma­sı” kimi fikirlər özünə yer tapır. Bu isə onların eyni mərkəzdən hazır­landığına şübhə yeri qoymur. Bu da diqqət çəkən detaldır ki, onlar azərbaycanlı əhali Qarabağdan zorla çıxarılanda, soyqırımları ilə üzləşəndə, torpaqlarımızdakı ye­raltı və yerüstü sərvətlərimiz talan olunanda özlərini korluğa və karlı­ğa vururdular.

Ancaq Qərbdəki dairələr bir­dəfəlik anlamalıdırlar ki, onların bir toxunuşla bütün istəkləri reallaşdı­ran “sehrli çubuq” kimi yanaşdıq­ları sanksiya aləti öz gücünü çox­dan itirib. Qərbin yeni müstəqillik qazanmış ərazi və əhalicə kiçik ölkələrə yanaşması hər zaman belə olub: Tənqid edək, təzyiq göstərək, qorxuya salaq, bundan sonra nəyi istəsək qəbul edəcək­lər! Bu, uzun illər sınaqdan çıxarıl­mış siyasi texnologiya idi. Ancaq daha o zamanlar keçdi. Azərbay­canın ötən onilliklər ərzində edilən təzyiqlərə mərdliklə sinə gərmə­si həmin siyasi texnologiyanın köhnəldiyini sübut etdi. Odur ki, Qərbdəki ermənipərəst dairələr köhnəlmiş siyasi texnologiyadan birdəfəlik əl çəkməlidirlər. Onsuz da, heç nə alınmayacaq.

Yeganə HACIYEVA, 
politoloq

– Qərb ölkələri hələ bir neçə əsr öncədən ümid edirdilər ki, bölgəmizə ermənilərin köçü­rülməsi ilə buradakı türk və müsəlman dövlətlərə təzyiq mexanizmi formalaşdıra bilə­cəklər. Ancaq Azərbaycanın işğal olunmuş bütün əraziləri­ni azad etməsi, o cümlədən Xankəndidə Dövlət Bayrağımızın ucaldılması ilə onların bu oyunu pozuldu. Qərblilər Vətən mü­haribəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul et­mək istəmirlər. Çünki ölkəmizə təzyiq elementləri Qərb dairələ­rinin əllərindən alınıb.

Eyni zamanda, Qərb ölkələri Ermənistanı himayə etməklə öz nüfuzlarını qorumağa çalışırlar. Onlar “hər şeyə qadir” Qərb mifinin dağıdılmasından narahatdırlar. “Qoca qitə” digər re­gionlarda da oxşar situasiyalarla üzləşib. Bizim regionda baş verənlər “domino effekti” verərək, Qərbin digər bölgələrdəki mövqeyinə də ciddi ziyan vurur. Ona görə də qərblilər bey­nəlxalq təşkilatlarda Azərbaycan əleyhinə hansısa qətnamələri qəbul etməyə çalışırlar.

Söhbət ABŞ-dan gedirsə, deməliyik ki, ölkənin Konqresi çoxdan erməni lobbisinin, necə deyərlər, “işğalı altındadır”. ABŞ hazırda öz dövlətçiliyinin yaxşı mərhələsini yaşamır. No­yabrda keçirləcək prezident seçkiləri ilə bağlı proseslər ölkə­nin faktiki iki hissəyə bölündüyünü göstərir. Seçki ərəfəsində lobbi qrupları siyasi partiyalara, xüsusilə demokratlara diktə edə bilirlər. Lobbi qruplarının vasitəsilə il ərzində Konqresin müzakirəsinə istənilən erməniyönümlü sənəd çıxa bilər. Çünki erməni lobbisi ABŞ-da mütəşəkkil qüvvədir. Onların proseslərə birbaşa təsir aləti var. Zənnimcə, məsələ bu şəkildə dəyərlən­dirilə bilər.

Səxavət HƏMİD
XQ



Siyasət