Daşnaksütyun partiyası Paşinyanın səhvlərini “düzəltmək” istəyir

post-img

Terrorçu təşkilatın Azərbaycanın ərazi bütövlüyünü təhdid edən bəyanatına sözardı

Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə maneələr getdikcə artmaqdadır. İlk baxışdan, düşünmək olar ki, hansısa xarici baxışın rəsmi İrəvanın götürdüyü kursa aidiyyatı yoxdur. Ancaq bu, heç də belə deyil. Əksinə, kənardan gələn və faktiki olaraq sülhün “boykot” olunmasını nəzərdə tutan “təşəbbüslər” fonunda Ermənistan hakimiyyətində susqunluq var. Susqunluq isə razılıq əlamətidir. Deməli, baş nazir Nikol Paşinyan administrasiyası terrorçu Daşnaksütyun partiyasının bəyanatı ilə hesablaşır. Hər halda, erməni iqtidarının sülhün hazırkı prinsipləri ilə tamamilə zidd olduğu aşkar görünən sənədə münasibətdə heç bir müqaviməti yoxdur. 

Digər tərəfdən, hazırda sülhü “boy­kot” etmək yönümlü bəyanat verənlər vaxtilə Ermənistanın hazırkı iqtidarının qəzəbinə tuş gəlmişdilər. Paşinyanın komandası onlara geriliyin əlaməti kimi yanaşırdı. İndi isə bu qüvvələr, sanki, əl-ayaq açmaqdadırlar. Məsələn, vaxtilə Paşinyan belələrinin ölkəyə girişinə qa­dağa qoyurdusa, hazırda, bu, aradan qaldırılır. Söhbət erməni lobbi və diaspor təşkilatlarının təmsilçilərinin üzləşdikləri yasaqlardan gedir. Yəqin, razılaşarsınız ki, xaricdəki erməniliyin ən öndə gedən qüvvəsi daşnaklardır. Deməli, onların yaydıqları bəyanat da adi bir sənəd kimi qarşılana bilməz. 

Beləliklə, Ermənistan hakimiyyəti­nin susqunluğu fonunda Daşnaksütyun partiyası Azərbaycanla sülh gündəmi ilə bağlı bəyanat yayıb. Sənədi destruktiv­lik baxımından səciyyələndirən bir neçə cəhət var. Birincisi, daşnaklar Ermə­nistan hakimiyyətinin aylar, hətta, illər əvvəl irəli sürdüyü məsələləri yenidən gündəmə gətirirlər. Təəssürat yaranır ki, sanki, Qarabağda separatçı rejim fəaliy­yətdədir, rəsmi İrəvan Qarabağ ermə­niləri üçün beynəlxalq təminat tələb edir. 

Ümumən, “Daşnaksütyun”un bəya­natı erməni məkrinin növbəti təsdiqi, er­məni avantürizminin təzahür formasıdır. Heç şübhəsiz, mərkəzi qərargahı Pa­risdə yerləşən qurumun bu sayaq açıq tekstə üstünlük verməsi səbəbsiz de­yil. Fransanın tutduğu mövqe öz rolunu oynamaqdadır. Nəzərə alaq ki, terrorçu partiyanın təmsilçilərinin ölkənin rəsmilə­ri ilə sıx əlaqədə olduqları yalnız indinin reallığı deyil. 

***

Əlqərəz, “Daşnaksütyun” partiyası­nın bəyanatındakı ilk cəfəng məqam bu­dur: Qarabağa aralıq status verilməlidir. Deyəsən, daşnaklar, birbaşa, Paşinyan­dan əvvəlki dövrə gedib çıxırlar. O döv­rə ki, Ermənistan hakimiyyəti Qarabağ danışıqları müstəvisində heç nəyə razı deyildi və ən müxtəlif vasitələrlə sta­tus-kvonu, yəni işğalı saxlamağa üstün­lük verirdi. İndi isə terrorçu təşkilat bildirir ki, yaydığı bəyanat Azərbaycan və Er­mənistan arasında gedən hazırkı danı­şıqlar prosesindən sonra hər iki ölkənin yüksək rütbəli rəsmilərinin açıqlamaları­nın təhlilinə əsasən hazırlanıb. Partiya, öz aləmində, ən optimal çıxış yolu tapır. Bəs daşnaklar daha nə istəyirlər? 

Sən demə, Qarabağ məsələsinin yekun siyasi həllinə və “Artsax xalqının” fundamental hüquqlarının tam həyata keçirilməsinə qədər, bölgə erməniləri­nin kollektiv, maneəsiz və təhlükəsiz öz vətənlərinə qayıtmaları təmin edilməli­dir. Daşnakların fikrincə, haqqında söz açdığımız aralıq statusu geri qayıdışın faktoru rolunu oynamalıdır. Təminat isə beynəlxalq standartlara söykənməli, hələ Qarabağa sülhməramlı qüvvələr də yerləşdirilməlidir ki, “Artsax xalqı” ef­fektiv təhlükəsizlik mühitinə sahiblənsin. Görəsən, daşnaklar başqa heç nə istə­mirlər ki?...

Bəyanatda daha sonra bildirilir ki, Bakı və İrəvan arasında müzakirə olu­nan hazırkı sülh sazişi layihəsinin ra­zılaşdırılması prosesində Azərbaycan Ermənistandan digər güzəştlər əldə et­mək imkanını saxlamaqla, Qarabağın və Ermənistanın bəzi ərazilərinin güc tətbiqi və güc tətbiqi hədəsi ilə reallaş­dırdığı işğalını de-yure möhkəmləndir­məyə çalışır. Göründüyü kimi, daşnaklar Qarabağın işğalı məntiqini qabardırlar ki, əslində, bu, Ermənistan ərazilərinə qəsd ritorikası ilə paralel şəkildə dövriyyəyə buraxılır. Rəsmi İrəvan hazırda Qarabağ deyil, ikinci amil üzərində dayanır. Hər­çənd, Paşinyan iqtidarının da Qarabağ ritorikasının olduğu məlumdur. Əlbəttə, bir qədər fərqli. Məsələn, Qarabağ ermə­nilərinin bölgəyə təhlükəsiz şəraitdə geri dönüşü. Təhlükəsizlik dedikdə nəzərdə tutulan isə erməni əhali üçün ayrıca bey­nəlxalq təminatlardır. Yəni, faktiki olaraq, indi daşnakların irəli sürdüyünü, aylar əvvəl, daha doğrusu, lokal xarakterli an­titerror tədbirlərinədək, rəsmi İrəvanı da gündəmə gətirirdi. Bütün bunlar isə heç bir halda Azərbaycan tərəfindən məqbul qiymətləndirilə bilməz. Çünki məsələ ölkəmizin konstitusyon təminatlarının heçə sayılmasıdır. 

***

Bəli, “Daşnaksütyun” hesab edir ki, Azərbaycan Qarabağ məsələsini bağla­mağa çalışır və bu, Ermənistana qarşı təhdidləri artırır, onun təhlükəsizliyini, ərazi bütövlüyünü, suverenliyini şübhə altına alır və nəqliyyat yollarını təcrid duruma salır. Belə çıxır ki, daşnaklar sipər kimi Qarabağ amilinin üzərində dayanırlar. Deməli, bölgə Ermənistanın nəzarətində olmalıdır ki, digər ssenarilər reallaşmasın (?). 

Ancaq daşnaklar şikayətlənirlər də. Bildirirlər ki, Bakının “növbəti düşmən hərəkətlərinin, o cümlədən, hərbi təca­vüzün qarşısının alınması üçün effek­tiv mexanizmlər yaradılmır”. Ona görə də qurum mövcud reallıqların nəzərə alınmasını, “milli dövlət maraqlarının müdafiəsinə əsaslanan münasibətlərin tənzimlənməsi naminə “prinsiplər” irəli sürür. 

İlk prinsip budur ki, guya, etimad mühitinin yaradılması üçün Azərbaycan qoşunları Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmalı, eləcə də bütün hərbi əsirlər, məhbuslar geri qaytarılmalı, mövcud humanitar prob­lemlər həllini tapmalıdır. Yəqin, fikirlər ta­nış gəlir. Ermənistan hakimiyyəti də eyni məsələləri qabardır. Ancaq daşnaklar bir qədər də “irəli” gedirlər. Daha doğrusu, geri qayıdırlar. Onların bəyanatlarında “Ermənistan – Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi” fikri vurğulanır. Yəni, bu, o deməkdir ki, terrorçu partiya Azər­baycana qarşı ərazi iddiasından əl çək­mir. 

Bəyanatdakı növbəti destruktiv məqama keçid alaq. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti sərhədlərin de­limitasiyası və demarkasiyası prose­sində SSRİ Baş Qərargahının 1974-cü ildən sonrakı xəritələrinin əsas götürül­məsi üzərində dayanır. Eyni zamanda, 1991-ci ilin Alma-Ata Bəyannaməsini rəhbər tutur. O bəyannaməni ki, keçmiş müttəfiq respublikaların SSRİ-dən çıx­dıqları zaman malik olduqları ərazilərin bir-biri tərəfindən tanınmasına əsaslanır­dı. Əlbəttə, bu yanaşmanın özü də düz­gün deyil. Ən əsası ona görə ki, əvvəla, Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğalda saxlamış Ermənis­tan ölkəmizin ərazi bütövlüyünə hörmət bəsləməyib. Yəni, Alma-Ata prinsiplərinə tam etinasız yanaşıb. İkincisi isə bir hal­da ki, Alma-Ata Bəyannaməsi SSRİ-dən çıxarkən mövcud olmuş ərazilər amilini əsas götürürsə, o zaman nə üçün So­vetlər Birliyinə qoşulma kənara qoyul­malıdır? Hansı səbəbdən Azərbaycan İttifaqa böyük ərazi ilə daxil olub, oradan kiçik ərazi ilə ayrılmalıdır? Yaxud, nəyə görə Ermənistanın Sovetlər Birliyindən ayrılması ona əlavə ərazi qazancı ver­məlidir? 

Bütün bunların fonunda daşnaklar öz aləmlərində daha tədbirli davranırlar. Guya ki, diplomatikdirlər. Onlar bildirir­lər ki, demarkasiya və delimitasiya üçün əsas Azərbaycanın MDB-yə üzv olduğu dövrdə qüvvədə olan faktiki sərhədləri olmalıdır. Yəni, 24 sentyabr 1993-cü ilə qədərki sərhədlər. Burada “faktiki sər­hədlər” ifadəsinə diqqət yetirək. Belə çıxır ki, terrorçu partiya ölkəmizin MDB-yə qo­şulmasınadək işğal olunmuş Xankəndi­ni, Xocalını, Şuşanı, Laçını, Xocavəndi, Kəlbəcəri, Ağdərəni, Ağdamı, Cəbrayılı və Füzulini Azərbaycan kimi görmür. Deməli, “Daşnaksütyun” partiyası Paşin­yanın səhvini belə “düzəldir”. 

Nəhayət, sonda daşnaklar bildirirlər ki, yuxarıda sadalanan prinsiplərə əməl edilmədən imzalanacaq hansısa sənəd regionda sülhün və sabitliyin bərqərar ol­masına töhfə verməyəcək, əksinə, prob­lemlərin güc yolu ilə və ya güc təhdidi ilə həlli presedentini təsdiqləyəcək. Bu, nə deməkdir? O deməkdir ki, terrorçu par­tiya, əvvəla, sülhün real şərtlərinə mü­nasibətdə təhdid yolu tutur. Əlbəttə, bu, həm Azərbaycanı hədələməkdir, həm də Ermənistan hakimiyyətini. Belə çıxır ki, “Daşnaksütyun”un istəklərinə zidd han­sısa sülh sazişi imzalansa, dünya ermə­niliyi durumu qəbul etməyəcək. Qəbul etməyib nə edəcək? Bunu bilmək üçün çox da düşünməyə ehtiyac yoxdur. Çün­ki “Daşnaksütyun” vurğuladığımız kimi, terrorçu qurumdur. 

Onu da bildiririk ki, “Daşnaksütyun” partiyası dünyanın anti-Azərbaycan, an­ti-türk mövqe tutan, Cənubi Qafqazda əlahiddə maraq və mənafelər gerçəkləş­dirmək istəyən qüvvələrin əli ilə hərəkətə gətirilən terrorçu təşkilatdır. Qurumun hazırda Cənubi Qafqazda sülhün for­malaşma şərtlərinə müdaxilə yönümlü sənəd yayması həm də həmin dairələ­rin “sifarişi”, daha doğrusu, “mesajıdır”. Mesajın birbaşa ünvanı isə Ermənistan iqtidarıdır. Deməli, baş nazir N.Paşinyan administrasiyasına təzyiqlər var və heç şübhəsiz, qarşıdakı müddətdə bu təz­yiqlər bir qədər də güclənəcək. Vəziyyət belə davam etdikcə isə sülh yalnız üfüq­də közərəcək... 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət