Erməni milli və siyasi kimliyi üçün “gilyotin”

post-img

Paşinyanın konstitusiya islahatları təşəbbüsünə reaksiyalar 

Ermənistanda konstitusiya islahatları fonunda gedən diskussiyalar hər gün güclənməkdə, daha doğrusu, sərt xarakter almaqdadır. Mövcud müstəvidə ölkə iqtidarına qarşı təzyiqlər də artmaqdadır. Yazımızda Ermənistandakı son proseslərə münasibətdəki iki baxışı təqdim edəcəyik. 

Bəri başdan deyək ki, baxışlardan bi­rincisi ənənəvidir – erməni iqtidarı, necə deyərlər, ağına-bozuna baxmadan tənqid olunur, ölkədəki durumdan heç bir çıxış yolu göstərilmir. Bir sözlə, psixoz yaşan­tısı baş verir. Hesab edirik ki, ikinci baxış Ermənistan dövlətinin və erməni cəmiyyə­tinin faciə mənzərəsini vurğulamaq baxı­mından dolğundur, həmçinin ibrətamizdir, düşünməyə vadar edir. Bəs kim və ya kimlər düşünəcək?.. 

Başlayaq ondan ki, Ermənistan parla­mentinin “Ermənistan” müxalif fraksiyası­nın katibi Artsvik Minasyan hakim “Vətən­daş sazişi” partiyasını keçmiş sovet təhlükəsizlik orqanlarının, dəqiq desək, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (“KQB”) üsullarını təkrarlamaqda günah­landırıb: “Sizin “KQB”dən heç bir fərqiniz yoxdur. Yanaşmalarınız bolşeviklərdən fərqlənmir. Siz milli olan hər şeyə hücum çəkirsiniz. Milli kimliklə bağlı hər şeyi məhv etmək ideyasını təbliğ edirsiniz”.

Minasyan onu da bildirib ki, hakim qüvvə dövlətçiliyin əsaslarını qorumaq adı altında həmin əsasları çürüdür. Habelə, iqtidarın irəli sürdüyü ideyalar onun seçki proqramında əksini tapmış müddəalarla ziddir: “Seçki proqramınızda bunun tam əksini dediniz. Qarabağın işğaldan azad edilməsi, onun mühafizəsinin gücləndiril­məsi və “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasının təşviqi məsələlərinə toxunurdunuz. Amma indi siz bütün bun­lardan imtinaya əsaslanmış gündəmi təb­liğ edirsiniz. Eyni zamanda, bunu Ərdoğa­nın (Türkiyə Prezidenti – red.) və Əliyevin (Azərbaycan Prezidenti – red.) tələblərini yerinə yetirməklə reallaşdırırsınız”.

Minasyan hesab edir ki, bütün yuxa­rıda deyilənlər fonunda, Paşinyan iqtidarı Ermənistanın milli qüvvələrini baş verən­lərdə günahkar kimi göstərməyə çalışır və bu, ölkə hakimiyyətinin tam siyasi deqra­dasiyasından xəbər verir: “Yalan tezislər irəli sürməklə, dövlətçiliyimizi öldürürsən, Qarabağı düşmənə verirsən, sonra du­rub yalan danışırsan, hamını və hər şeyi günahlandırırsan. Cəmiyyətə hörmət et­mirsənsə, heç olmasa, özünə hörmət et. Yalan yaymağı dayandırın! Nə vaxtadək belə davam edəcəksiniz?! Ölkəni məhv edənə qədər?!”.

Əlbəttə, A.Minasyanın söylədikləri re­allıqdır. Paşinyan hakimiyyəti, həqiqətən də özünün deqredasiya dövrünü yaşayır. Ancaq söhbət yalnız ölkənin hazırkı haki­miyyətinin böhranındanmı gedir? Əlbəttə yox! Bu, ümumən müasir Ermənistan döv­lətçiliyinin üzləşdiyi məntiqi qanunauyğun­luqdur, acınacaqlı sonluqdur. Minasyanın söylədikləri isə heç də vəziyyətdən çıxış yolu deyil, əksinə, durumun bir qədər də mürəkkəbləşdirilməsinə çağırışdır. Çünki partiya funksioneri olan müxalifətçi deputat konstitusiya islahatları müstəvisində Pa­şinyan iqtidarının reallığı dəyişmək cəhdini xəyanət kimi qiymətləndirir. 

Əslində, Minasyan tipik erməni xis­lətinin ümumiləşdirilmiş obrazıdır. Yəni, onun kimi düşünənlər Ermənistan cə­miyyətində kifayət qədərdir. Bu qəbildən olanların işi-gücü ittihamdır. Onlar özlə­rinin ucuz populizmlərini işə salaraq, ob­razlı desək, ölkəni gözləyən fəlakət üçün qapıları taybatay açırlar. Elə isə Ermə­nistanın hazırkı vəziyyətinə nəzər salmaq baxımından növbəti düşüncə məhsulunu diqqətə çatdıraq. Yəni, yazımızın ikinci hissəsinə keçid alaq. 

***

Əslində, Rusiya Xarici İşlər Nazirliyi­nin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Mar­kedonovun “Bunin&Co” teleqram kanalı üçün yazdıqları erməni deputat A.Minas­yanın bildirdiklərinin fundamental ifadə­sidir. Ən əsası isə ikincidən fərqli olaraq birinci, Ermənistanla bağlı hadisə və pro­seslərə, o cümlədən, erməni iqtidarının konstitusiya islahatı gündəminə ayıq baş­la yanaşır, habelə, ortaya xeyli dərəcədə həssas sayılacaq münasibət qoyaraq, acı reallıqları sadalayır, vəziyyətin çıxılmazlı­ğını əsaslandırır.

Beləliklə, S.Markedonov bildirir ki, Er­mənistanda konstitusiya islahatı ilə bağlı müzakirə, faktiki olaraq, erməni milli və xarici siyasət kimliyi ilə bağlı mübahisəyə çevrilir. “Baş nazir Nikol Paşinyan Ermə­nistanın İctimai Radiosunun “Təhlükəsiz mühit” proqramına müsahibəsində de­yib ki, postsovet Ermənistanı dövlətçili­yinin əsasını qoyan 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsi ölkə və onun vətəndaşları üçün sülh təminatı deyil. O, Ermənistanın “Miatsum” (Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi) ideyasına əsaslanan öz müqəddəratını təyinetmə prinsipini gələcək üçün risk­lər yaradan layihə kimi qiymətləndirir”, - deyən politoloq durumu özünəxas şəkildə təsvir etməsi ilə diqqət çəkir. 

Markedonov bildirir ki, Paşinyan 1990-cı il Bəyannaməsi və ölkə konstitusiyası ilə təsbit olunmuş erməni siyasi kimliyini “öküzləri” qıcıqlandıran “qırmızı paltar”la müqayisə edib və təhdidləri aradan qal­dırmaq üçün həmin paltarları çıxartmağın vacibliyi üzərində dayanıb. Siyasi mü­şahidəçinin sözlərinə görə, erməni baş nazirin fikirləri “qırmızı paltarları” tikən “sevimli nənə”nin artıq həyatda olmaması deməkdir. “Beləliklə, baş nazir Ermənis­tan dövlətçiliyinə əsaslı şəkildə yenidən baxılmasını, yəni Qarabağdan və “Böyük Ermənistan” ideyasından, tamamilə, imti­nanı təklif etdi”, - deyən rusiyalı politoloq vurğulayır ki, Paşinyan “üçüncü respubli­ka”nın postsovet dövlətçiliyinin əsaslan­dığı prinsiplərdən uzaq dayanmasının vacibliyini önə çəkir.

S.Markedonovun diqqət çəkdiyi daha bir xüsus var. O deyir ki, hazırda Ermə­nistan daxilindəki vəziyyətin gərginlik pa­radiqması ölkədə konstitusiya islahatları­na dair məsələnin Azərbaycan rəhbərliyi tərəfindən də irəli sürülməsi ilə bağlıdır. Politoloq bunda təəccüblü heç nə görmə­diyini bildirir. Onun sözlərinə görə, rəsmi Bakı uzun illərdir belə mövqe nümayiş etdirib. Rusiyalı siyasi icmalçının fikrincə, Ermənistanda konstitusiya islahatlarının təşviqi məsələsinə boz rəng çalarları qa­tan ölkənin iki hərbi məğlubiyyəti və Qara­bağın ermənisizləşməsidir. Buna görə də Paşinyanın açıqlamaları və metaforaları ziddiyyətli qiymətləndirmələrə səbəb olub. Markedonov bu mənada İctimai Radionun icraçı direktoru Qaregin Xumaryanın baş nazirlə müsahibəyə görə üzr istəməsinə diqqət çəkib. Qeyd edək ki, Q.Xumaryan Nikolla müsahibə sonrası bunları bildirib: “Bizə dedilər: türklər güclüdür, ermənilər zəifdir, türklər erməniləri qırır. Və bundan belə nəticə çıxarmaq olar: “Gəlin özümü­zü gücləndirək”. Amma əvəzində deyildi ki, gəlin erməni olmağı dayandıraq”.

Bu da hadisə və proseslərə ayıq başla baxmalı olan erməni ziyalısının mövqeyi! Göründüyü kimi, fəlakəti yaxınlaşdıran elə Ermənistanın intellektual kəsimidir. Yəni, düşünməli olan təbəqə sərsəmlə­yirsə, başqalarından nə gözləyəsən? Əl­bəttə, heç nə! Elə Markedonov da möv­cud məqamın üzərinə gəlir. Ancaq bir qədər fərqli formada. O bildirir ki, media adamının, yəni Xumaryanın özəl qiymət­ləndirməsi Ermənistandakı ictimai nara­zılığı qeydə almaq üçün yetərli göstərici sayılmaya bilər. Yəni, prinsipcə, partiyala­rın və siyasi müxalifət nümayəndələrinin təşəbbüsləri daha önəmlidir. Siyasi təh­lilçi bu mənada “Ayakve” (Erməni səsi) Hərəkatının koordinatoru Avetik Çələb­yanın bildirdiklərinə toxunur və vurğula­yır ki, Çələbyan siyasətdə yeni sima de­yil, müxtəlif fondlar və qurumlar yaradıb: “2022-ci ildə hətta həbs edilib. Bu gün Çələbyan Paşinyan və komandasının hərəkətlərini konstitusiya çevrilişinə cəhd kimi qiymətləndirir. Onun sözlərinə görə, “erməni xalqından müharibə ilə şərəfsizlik arasında seçim etmək istənilir”.

Bəli, Markedonov, bəlkə özü də fərqinə varmadan, erməni cəmiyyətindəki bəlaları sadalayır. Nəhayət, o, belə qə­naətə gəlir ki, Paşinyanın təkliflərini nikbin adlandırmaq olmaz. Çünki baş nazirin irə­li sürdükləri millətin ən ağır travmalarının dindirilməsidir. Ancaq politoloqun gəldiyi yekun nəticə də var: “Ermənistan ordu­sunun, dövlətinin və cəmiyyətinin Paşin­yanın qarşısını almaq, məğlubiyyətin və yeni itkilər riski olmadan mənfi tendensi­yaları aradan qaldırmaq üçün real imkan­ları varmı? Və bəlkə də ən vacibi: Yenidən Qarabağlaşma və ya “Miatsum” üçün kə­nardan qarant, daxildən isə hərəkətverici qüvvə kim ola bilər?”

***

Göründüyü kimi, Markedonov Minas­yanın haqqında söz açdığı faciəvi durumu incəliklərinədək təsvir edir. Bu təsvir, heç şübhəsiz, mesajdır. Politoloq, əslində, demək istəyir ki, hazırda Ermənistanın fə­lakətli durumdan heç bir çıxış yolu yoxdur. Eyni zamanda, onun söylədikləri ölkənin üzləşdiyi indiki acınacaqlı situasiyanın nə üçün yaşandığı barədə düşünməyə sövq edir. Bəli, istər-istəməz, belə qənaət for­malaşır ki, Ermənistanın bəlalarının kökü onun 2018-ci ildən Rusiyadan uzaqlaş­ması və Qərb xətti götürməsi ilə əlaqə­dardır. Axı, “Miatsum” ideyasına əsaslan­mış müasir Ermənistan dövlətçiliyi məhz Moskvanın patronajlığı altında idi. Yəni, onun bütün ideya bazası, avantürist ma­hiyyəti gücünü şimaldan alırdı. 

Məsəl var, deyirlər ki, it arabanın köl­gəsində yatır, elə bilir öz kölgəsidir. Eyni durumu Ermənistan üzərinə gətirsək, ha­zırda Rusiyanın kölgəsinin Ermənistan üzərindən getdiyini demək mümkündür. Kölgə yoxdursa, deməli, erməni dövləti layihəsi də bitib, tam iflas növbəsi çatıb. Ölkədə mövcud reallığı dərk edənlərin və qorxunc aqibətdən uzaqlaşmaq istəyən­lərin sayı isə çox azdır, yaxud yalançı vətənpərvərlərin, ucuz populistlərin ya­nında onların səsi eşidilmir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət