Paşinyanın sərsəm məntiqi: Silaha pul var, ekologiyaya yox

post-img

Ermənistan iqtidarının ekofəallara cavabı təhqiramizdir

Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, son iki ildə ölkə­dəki hərbi sənaye kompleksində yerli şirkətlərdən satınalmaların həc­mi 20 dəfə artıb. S.Papikyan, eyni zamanda, xaricdən silah alınmasına da toxunub. O, mövcud xüsusda Ermənistan baxımından, kifayət qədər fantastik rəqəmlər açıqlayıb. Məlum olub ki, ölkə ötən il özünün hərbi arsenalını Fransa və Hindistan silahları hesabına xeyli zənginləşdirib. Üstəlik, Ermənistanın dövlət büdcəsindən hərbi məqsədlər üçün ayırma­ların həcmi də artıb. Əslində, bununla bağlı diskussiyalar indinin söhbəti deyil. Bəs, nəyə görə bu yazıda məsələnin üzərində dayanmaq qərarına gəldik?

Ondan başlayaq ki, Ermənis­tandakı bəzi ekoloji qurumlar, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı təşkilatlar “həyəcan təbili” çalırlar. Onlar dağ-mədən sanayesi üzrə görülən işlərin ölkənin ekoloji mü­hitinə ağır zərbə vurduğunu qabar­dırlar. Həmçinin, Azərbaycanın eyni sahədə fəaliyyət göstərən təşkilat­ları ilə həmrəylik nümayiş etdirirlər. Bu həmrəyliyin nəticəsi olaraq Er­mənistanın baş naziri Nikol Paşin­yana müraciətin ünvanlandığı da məlumdur. Paşinyan sözügedən müraciətə cavab verib. Əlbəttə, buna cavab demək mümkünsə… 

Nikol ölkənin ekologiyasının po­zulduğuna dair iddiaları qəbul edib. Mövcud istiqamətdəki narahatlıqla­rı başa düşdüyünü bildirib. Lakin, erməni baş nazir deyib ki, hazırda Ermənistan dövlətinin ekoloji vəziy­yəti yaxşılaşdırmaq üçün yetərincə vəsaiti yoxdur. Elə əsas məsələ də bu deyimdədir.

Əlbəttə, N.Paşinyanın cavabı absurddur. Ancaq nəzərə alsaq ki, Nikol ümumən absurd fikirlər gündəmə gətirməklə məşğuldur, o zaman onun söylədiklərində təəc­cüblü heç nə yoxdur. Əlbəttə, təəc­cübümüzün olmaması erməni baş nazirin fikirlərinin paradoksallığını 2-ci plana keçirmir. Ona görə ki, or­tada S.Papikyanın diqqətə çatdırdı­ğımız açıqlaması var. 

Bəli, deməli, hər şey aydındır. Ermənistan silaha pul xərcləməyi düşünür, ancaq ekologiyanı qoru­maq məsələsi gələndə vəsait tapıl­mır. Bu məqam erməni iqtidarının daxili ictimai rəyi nəzərə almaq istəməməsi, onunla hesablaşmaq­dan boyun qaçırmasıdır. 

Əslində, Ermənistana silah yox, ekologiya, sağlam ətraf mühit daha çox lazımdır. Ölkənin Qərb dəyər­ləri, insan hüquq və azadlıqları ilə “silahlanmış” hakimiyyəti isə uta­nıb-qızarmadan pulunun olmadı­ğını bildirirsə, ortada son dərəcə böyük həyasızlıq var. Yada salaq ki, Paşinyandan əvvəlki erməni iq­tidarı da eyni yolu tuturdu. Həmin iqtidarın dövründə işğal altındakı Azərbaycan ərazilərində əsl ekosid törədilirdi. Gözləmək olardı ki, Nikol və komandası hakimiyyətə gələn­də, ilk növbədə insanlığın həssas yanaşdığı problemlərin aradan qaldırılmasına çalışacaq. Ancaq Qərbpərəst hakimiyyət tam fərqli yol tutdu və bu gün də həmin “kur­sa” sadiqdir. 

Cənubi Qafqazın rüsvayçılığı­na, dövlət adına parodiyaya çev­rilmiş Ermənistan özünə indiyədək malik olmadığı imic formalaşdır­maq üçün, ilk növbədə, silahlanma­ğa deyil, məhz ekoloji müstəvidəki problemləri aradan qaldırmağa üs­tünlük verməlidir. Paşinyanın “pul yoxdur” açıqlaması isə təkcə onun deyil, bütövlükdə onu hakimiyyətə gətirən Qərb dünyasının faciəsidir. Bir daha aydın olur ki, Qərbə Er­mənistan Cənubi Qafqazdakı ma­raqlarını gerçəkləşdirmək naminə lazımdır. Sadə ermənilərin nələr çəkdiyi Paşinyanı və tərəfdarlarını düşündürmədiyi kimi, Qərbin ermə­nipərəst dairələrini də əsla maraq­landırmır. 

Sonda bir məqamı da diqqətə çatdıraq. Ermənistan hakimiyyəti ölkəni bürümüş ekoloji etiraz mühi­tini boğmağa çalışır. Bu “məqsədlə” formul da fikirləşilib. Məsələn, er­məni nəşri olan “Hraparak” bir müd­dət əvvəl Ermənistanın Milli Təh­lükəsizlik Xidmətinə çağırış etmişdi. Çağırışda ölkənin ekologiya sahə­sindəki təşkilatların, guya, Azərbay­can hakimiyyətinə işlədiklərinə dair motivlər yer almışdı. Qəzet onların fəaliyyətini şübhələndirmək yolu tutmuşdu. Bu, subliminal mesaj idi. 

Paşinyan və komandası “Hra­parak”ın dili ilə ekofəalları şantaj etmişdi. Yəni, faktiki olaraq, belə demişdi: əgər kampaniyanızı da­yandırmasanız, Azərbaycana iş­ləməkdə günahlandırılıb həbsxa­naya atılacaqsınız. Paşinyançılar “səbəb” də tapıblar: guya ki, Azər­baycan Ermənistanın dağ-mədən sanayesinin inkişafına, ümumən ölkənin iqtisadi cəhətdən güclən­məsinə maneçilik törədir, ona görə də Ermənistandakı ekoloji təşkilat­ları işə salıb. Hər halda, bundan sərsəm iddia ola bilməz. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət