Sığorta bazarı – etibarlı iqtisadi himayə

post-img

Son 3 ildə bu qoruyucu şəbəkəyə qoşulanlar 70 faiz artıb

Bu gün ölkəmizin sığorta bazarında dinamik inkişaf nəzərə çarpır. Bu uğuru maliyyə sistemi qarşısında qoyulan çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi vəzifələrin davamlı şəkildə həyata keçirilməsi şərtləndirir. Başqa sözlə, sığorta bazarı iştirakçıları üçün əlverişli mühitin yaradılması, şirkətlərin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, məlumatların mübadiləsi qaydasının təkmilləşdirilməsi, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması kimi istiqamətlərdə tədbirlərin görülməsi sözügedən sahədə tədricən yüksək göstəricilərin əldə edilməsinə zəmin yaradır. 

Hazırda sığorta bazarının orta dövr (2025-ci ilədək) üçün inkişafı məqsədilə qarşıda bir sıra vəzifələr durur. Həmin vəzifələr sırasında mövcud bazarın ümumi biznes həc­minin artırılması, bunun üçün möv­cud könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və yeni məhsul­ların yaradılması tədbirlərinin ger­çəkləşdirilməsi xüsusi diqqət çəkir. Bütün bunlarla yanaşı, sözügedən sistemdə hüquqi bazanın genişlən­dirilməsi və təkmilləşdirilməsi, icbari sığorta növlərinin artırılması üzrə fəaliyyətin sürətləndirilməsi də əsas hədəflərdən biridir. 

Xatırladaq ki, Azərbaycan yeni­dən müstəqillik əldə etdikdən son­ra sığorta sistemində müəyyən layihələrin icrasına başlanıb. Bu istiqamətdə yeni şirkətlər yaradılıb, onların bir qismi formalaşma döv­ründə zamanın tələblərinə cavab vermədiyindən bazarı tərk edib, di­gərləri isə beynəlxalq səviyyəyə uy­ğunlaşaraq bugünümüzə gəlib çatıb. 

Mövcud sığorta strukturlarında bazarda sabit mövqeyə malik olmaq üçün idarəetmənin təkmilləşdirilmə­si, müasir informasiya texnologiyası proqram təminatının reallaşdırıl­ması, risklərin idarəedilməsi kimi məsələlər diqqətdə saxlanılır. Eyni zamanda, biznesin müasir təşkili və idarəedilməsi, xidmət keyfiyyəti, marketinq araşdırmaları ilə bağlı layihələrin icrası da daim önə çəki­lir. Sığorta şirkətlərində maliyyə-in­vestisiya fəaliyyətini genişləndirmək, kapitalı artırmaq və dayanıqlılığı gücləndirmək, qanunvericilik tələblə­rinə ciddi yanaşmaq, habelə elektron uçot və hesabat sistemlərini müasir­ləşdirmək, şəffaflıq və ədalətlilik kimi məsələlər də prioritet istiqamətlərdir.

Həyata keçirilən tədbirlərin nə­ticəsidir ki, son 3 il ərzində yerli sığorta bazarında 70 faizlik artım qeydə alınıb. Yerli sığorta bazarında artım dinamikası hədəf minimumu­nu üstələyərək 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə isə 26 faiz həcmində olub. Bu barədə bəhs edən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı di­rektoru Elmar Mirsalayev mediaya müsahibəsində bildirib ki, bu uğu­run əsası milli iqtisadiyyatımız üçün mühüm strateji önəm daşıyan və nəzərdə tutulan illər ərzində sığor­ta bazarının həcminin hər il 10 faiz artmasını başlıca hədəf indikatoru olaraq müəyyənləşdirən “Azərbay­can 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin qəbul edil­məsi ilə qoyulub.

İcraçı direktor onu da vurğulayıb ki, ötən ilin ümumi sığorta icmalına əsasən, yerli bazarda hesabat döv­rü ərzində 2022-ci illə müqayisədə 25,9 faiz çox olmaqla 1 milyard 222 milyon 537 min manat sığorta haqqı təmin edilib. Elmar Mirsalayev, həm­çinin bildirib ki, 2023-cü il ərzində baş vermiş sığorta hadisələrinə görə həyata keçirilən ödənişlər 2022-ci illə müqayisədə 35,6 faiz artaraq 587 milyon 325 min manata yüksəlib. 

Maliyyə bazarlarına, o cümlə­dən sığorta sektoruna nəzarətedici orqan olan Mərkəzi Bankın uğurlu və məqsədyönlü tənzimləmə siyasəti, o cümlədən peşəkar sığorta bazarı iş­tirakçılarının aktual çağırışlara adek­vat operativ yanaşması nəticəsində əldə olunan bu uğur növbəti illər üzrə irəli sürüləcək proqnozlar üçün əmin­lik göstəricisidir. 

Yeri gəlmişkən, Azərbaycanda aqrar sığortanın inkişafı barədə də qısa bəhs etmək istərdik. Bu sahə yeni sahə olsa da, onun tətbiqi kənd təsərrüfatına bir dinamizm, inkişaf gətirib. Prezident İlham Əliyevin rəh­bərliyi ilə ölkədə həyata keçirilən iq­tisadi islahatların tərkib hissəsi olan aqrar sığorta ötən müddətdə özünü fermerlərin və fərdi təsərrüfat sahib­lərinin əsl dayağı, himayədarı kimi təqdim etməyi bacarıb. Bütövlükdə isə, bu mexanizmin işə düşməsi ötən müddətdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham Əliyevin “Aqrar Sığorta Fondu­nun yaradılması barədə” 19 avqust 2019-cu il tarixli Fərmanı və “Aqrar sığorta haqqında” Azərbaycan Res­publikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin sənədlər kənd təsər­rüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. 

Dövlət başçısının imzaladığı məlum fərmana əsasən, ölkəmizdə aqrar sığorta sisteminin təşkilini, in­kişafını və dayanıqlılığını, eləcə də idarəedici qurumun formalaşdırılma­sını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığor­ta Fondu qeyri-kommersiya hüquqi şəxs yaradılıb. Aqrar sığorta mexa­nizminin tətbiqinin əsas məqsədi isə təsərrüfat sahiblərini və fermerləri gözlənilməz təbiət hadisələrindən müdafiə etmək üçün işlək bir mexa­nizmin yaradılmasından ibarətdir. 

Ötən müddətdə ölkə ərazisində baş verən leysan yağışları, sel-su­basma da daxil olmaqla, demək olar ki, bütün təbii fəlakət riskləri–fırtına, sel, qasırğa, tufan, dolu və digər hadisələr sığorta təminatına daxil edilib. Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fın­dıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. Bütövlükdə isə, ötən dövrdə ölkəmiz­də sığortalanan bitkilərin sayı 14-dən 41-ə çatdırılıb. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat