“Çovdar”ın yeni qızıl yataqları

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ötən il “Çovdar” qızıl yatağının ehtiyatlarının artırılması və istismar müddətinin uzadılması istiqamətində səmərəli fəaliyyət göstərib. 

Qeyd edək ki, QSC tərəfindən yataqda hasilat iş­lərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə “Çovdar”ın satılması mümkün olan qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar tədbirləri ilə paralel həyata ke­çirilən optimallaşdırma və əlavə kəşfiyyat layihələrinin icrası nəticəsində həmin göstərici 535 min unsiyaya çatdırılıb. 

Həmçinin, QSC-nin geoloqlarının kəşf etdikləri “Ağ­yoxuş” və “Mərəh” qızıl yataqları, eləcə də SSRİ döv­ründə üzə çıxarılan, müasir dönəmdə isə geniş tədqiq edilən “Tülallar” qızıl yatağı hesabına bu cür ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq 778 min unsiyaya çatdırılıb. Bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi qızıl ehtiyatının 4 dəfədən çox artırılmasına nail olunub.

Sözügedən cinah yataqları resurslarının istisma­rı hazırda “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçirilir. ÇİRES “Çovdar” Filiz Emalı Sahəsinin bazasında 2020-ci ildə yaradılıb. Məqsəd emal prosesində mövcud maddi-texniki baza­dan mərkəzləşdirilmiş qaydada istifadə edilməsidir. Bu­nunla müstəqil şəkildə səmərəsizlik riski daşıyan cinah yataqların iqtisadi səmərəliliyi təmin edilir.

2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlardan əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub. Yaxın perspektivdə isə regionda yeni cinah yataqların kəşf edilməsi və resurların artırılması ilə ÇİRES-in fəa­liyyət müddətinin daha da uzadılması hədəf olaraq qar­şıya qoyulub.

XQ

İqtisadiyyat