Ohanyan ayıbına kor olmaqdansa...

post-img

Keçmiş sovet ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı motoa­tıcı alayının ikinci motoatıcı taborunun komandiri kimi mayor rütbəsində 1992-ci ilin fevralında Xocalı soyqırımının aktiv iştirakçısı, daha sonra – may ayında Şuşaya dörd istiqamətdən hücuma keçən dəstələrdən birinə rəhbərlik etmiş, 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan yenə öz ampluasındadır. Hazırda Ermənistan parlamen­tindəki müxalifətçi “Hayastan” fraksiyasına rəhbərlik edən Ohanyan vaxtaşırı jurnalistlərə müsahibələr verir. Bu müsahibələri oxuyanda onun normal düşüncə sahibi olduğuna inanmırsan.

İkinci Qarabağ müharibəsində əv­vəlcə birbaşa ordu sıralarında könül­lü, sonra isə “dqr qlavarı” Arayik Arut­yunyanın “müşaviri” kimi iştirak edən, 2020-ci il noyabrın əvvəlində Şuşa uğ­runda gedən döyüşlərdə ordu koman­dirlərindən biri olan, Azərbaycan Ordu­sunun yaxınlaşdığını görən kimi qaçıb aradan çıxan Ohanyan bugünlərdə id­dia edib ki, məğlub olan ordu deyil, bu hakimiyyətin rəhbərlik etdiyi dövlətdir: “Ermənistan ordusu son dərəcə ağır məcburi müharibə (?) və “Artsax”ın mühasirəsi (?), eləcə də 1988-ci ilin de­kabrında baş vermiş zəlzələ şəraitində qurulub. Amma biz bu şəraitdə də fə­dai dəstələrindən (könüllülərdən-S.H.) ibarət nizami ordu qurub qələbələr qa­zana bildik. Bu illər ərzində biz ordumu­zu silahlandıra və onu nəinki qalib, həm də rəqabətədavamlı orduya çevirə bil­mişdik. Ordunun və xalqın birliyi sayə­sində güclü, təhlükəsiz, iqtisadi inkişafa və digər imkanlara malik vahid, inteq­rasiya olunmuş Ermənistan-“Artsax” strukturu mövcud idi. İndiki hakimiyyətin zamanında bu birlik məhv edilib. Birlik və mənəvi-psixoloji ruh isə bizim qələ­bəmizi təmin edən əsas amillər idi”.

Sabiq nazirin sözlərinə görə, indi­ki hakimiyyətin sayəsində nizami ordu yenidən müxtəlif könüllü birləşmələrə çevrilib: “İndiki hakimiyyət inkar etsə də, deməliyik ki, keçmişdə ordu məğlubedil­məz idi, bölgəmizdə rəqabətqabiliyyətli ordu idi. Bu gün hakimiyyətdə olanlar isə dövlətin potensialından tam istifadə etmədilər, əksinə, xalqımızı parçaladı­lar. Məhz bu parçalanmaya görə məğ­lub olduq. Lakin məğlubiyyətə uğrayan ordu deyildi. İndiki hakimiyyətin idarə etdiyi dövlət məğlubiyyətə uğradı”.

Qeyd etdiyimiz kimi, S.Ohanyan 8 il müdafiə naziri vəzifəsini tutub. Ondan öncə isə keçmiş qondarma re­jimin və Ermənistanın işğalçı ordu­sunda müxtəlif vəzifələrdə işləyib. O cümlədən, 1997–1999-cu illərdə Ermənistan ordusunun korpus koman­diri, 1999–2007-ci illərdə separatçı rejim ordusunun başçısı, 2007-ci ildən etibarən Hayastan silahlı qüvvələrinin baş qərargah rəisi və müdafiə nazirinin 1-ci müavini olub. Vətən müharibəsi başlayanda Ohanyan 4 il idi ki, vəzifə­sindən uzaqlaşdırılmışdı. Onun mənsub olduğu düşərgə, yəni Qarabağ klanı isə cəmi 2 il idi ki, siyasi səhnədən, necə deyərlər, süpürülüb atılmışdı. Yəni, Azərbaycanın məğlub etdiyi, əslində, Serj Sarkisyanın, Robert Koçaryanın və həmin Seyran Ohanyanın ordusu idi.

Ohanyanın soyadı bizə həm də “Ohanyan səddi” adlanan müdafiə istehkamları sistemini xatırladır. Hə­min sədd işğal dövründə S.Ohanyanın birbaşa rəhbərliyi altında qurulub və sonradan daha da möhkəmləndirilib. Azərbaycan və Ermənistan arasında­kı təmas xətti eynilə “Ohanyan səddi” ilə üst-üstə düşürdü. Haylar hər zaman həmin müdafiə xətti ilə öyünürdülər. Onun uzunluğu 180 kilometrdən 200 kilometrə qədər idi. Murovdağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəd rolunu oynayırdı. Şərq is­tiqaməti isə “Ohanyan səddi”nin əsas seqmentini təşkil edirdi. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı – Ohan­yanın nazir olduğu dövrdə ordumuz həmin səddi yarmağa müvəffəq oldu. Hektarlarla ərazi düşməndən geri alın­dı. Əsas uğur Lələtəpə yüksəkliyinin ələ keçirilməsində qazanıldı. Gələcək böyük zəfərimizin ilk “qaranquşu” olan Aprel döyüşləri Ermənistan ordusuna və şəxsən S.Ohanyana ağır zərbə oldu. Məhz həmin döyüşlər Ohanyanın nazir vəzifəsindən çıxarılmasında mühüm rol oynadı. Bütövlükdə, Serj Sarkisyanın siyasi hakimiyyəti isə laxladı. Azərbay­can Ordusunun şanlı Aprel qələbəsi ilə əsası qoyulan Ermənistan cəmiyyətin­dəki narazılıq 2 il sonra – 2018-ci ilin yazında kulminasiya nöqtəsinə çatdı və Sarkisyan vəzifəsi ilə vidalaşmalı oldu.

Bütün bunları qeyd etməkdə məqsə­dimiz Azərbaycanın məğlub etdiyi or­dunun, əslində, Sarkisyan–Koçaryan ordusu olduğunu göstərməkdir. Həmin ordunun başında isə Ohanyan dayanırdı. Bu xüsusda fikirlərini Prezident İlham Əliyev də zaman-zaman bildirib. Döv­lətimizin başçısı 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışı zamanı dedi: “Bu müharibə, eyni zamanda, er­məni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ər­zində, 30 il ərzində ermənilər “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altın­da saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qə­nimət kimi götürüldü və indi Hərbi Qə­nimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.

Prezident qeyd etdi ki, növbə­ti mif onların “sərkərdələri” ilə bağlı idi: “Guya, Ermənistanda elə görkəm­li generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların general­ları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbay­can Ordusu öz torpaqlarını qəhrəman­casına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə! Siz fərarisi­niz, qorxaqsınız! Biz sizi məhv etmi­şik! Xocalı soyqırımında ən fəal rol­lardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı”.

Bəli, Prezident İlham Əliyev Er­mənistanın keçmiş müdafiə naziri deyərkən S.Ohanyanı nəzərdə tutur. Ohanyan isə, necə deyərlər, ayıbına kor olmaqdansa, sağa-sola “müsahibələr paylamaqla” məşğuldur.

Ancaq onun cavabı elə Ermənista­nın media mənsubları tərəfindən verilir. Bu günlərdə “Armenian Report” say­tında yerləşdirilən məqalədə bildirilir ki, postsovet dövründə Ermənistanın müdafiə nazirləri sarıdan bəxti gətir­məyib: “1990-cı illərin qanlı müharibə­si müharibədən sonrakı illərdə müdafiə nazirliyində ən mühüm postlara cəsur və bacarıqlı komandirləri gətirməli idi. Təəssüf ki, bizim ölkədə Vazgen Sar­kisyan istisna olmaqla, hər şey tamam tərsinə getdi. Bütün digər müdafiə na­zirləri kürsüyə yalnız zənginləşmə für­səti kimi baxırdılar. Burada Koçaryana və xüsusən də Sarkisyana yaxınlığına görə nazir kürsüsündə ən uzun müd­dət oturmuş general-polkovnik Seyran Ohanyan xüsusilə fərqlənir. Ohanyanın dövründə nazirlik tamamilə korrupsiya bataqlığında idi və ordu sürətlə parça­lanmağa başladı. Hazırda parlamentdə­ki “Hayastan” fraksiyasının rəhbərinin indiki hakimiyyətin ünvanına ittiham xarakterli çıxışlar edərək, özünü vətə­nin maraqlarının qoruyucusu kimi göstərmək cəhdləri indi daha gülünc­dür. Eyni zamanda, Seyran Muşeqoviç hələ də Ermənistanın gələcəyi ilə bağlı qorxulu hekayələr səsləndirməyi baca­rır. Onlar hesab edirlər ki, ölkə üçün nə qədər pis olarsa, Paşinyanı devirmək və hakimiyyətə qayıtmaq şansları bir o qədər çox olacaq. Ancaq xalq sizi ona görə devirməyib ki, yenidən haki­miyyətə qaytarsın. Siz bizim dövlətin başında görmək istədiklərimizin uzun siyahısında sonuncusunuz”.

Məqalədə deyilir ki, ordunun və­ziyyəti haqqında Ohanyan yox, başqa­ları danışmalıdır. Çünki ordunu məhv edən elə Ohanyan və generalları olub: “Müdafiə nazirliyinin binalarını, torpaq sahələrini güzəştli qiymətlərlə özgənin­kiləşdirən, sonradan on qat baha qiy­mətə satan o və generalları idi. Məhz Ohanyan və onun generalları öz xidmə­ti vəzifələrini yerinə yetirmədilər və bu, ağır nəticələrə gətirib çıxardı. Xüsusilə 2016-cı ilin aprelində Azərbaycanın müharibəyə hazırlığı dövründə bizim hərbçilər yatırdılar. Məhz Ohanyan və onun generalları qeyri-döyüş şəraitində çoxlu hərbi qulluqçunun ölümünə görə məsuliyyət daşıyırlar, onların heç biri cəzalandırılmayıb. Nizamnamədən kə­nar hərəkətlər, oğru düşüncəsi, zabitlə­rin özbaşınalığı, əsgərlərin vəhşicəsinə döyülməsi və öldürülməsi, irimiqyaslı korrupsiya – bütün bunlar Ohanyanın müdafiə naziri olduğu dövrdə inanıl­maz dərəcədə “çiçəklənib”.

Bildirilib ki, həmin vaxt heç kim Seyranın məsuliyyətə cəlb olunmasını tələb etməyə cürət etmirdi, çünki Serj Sarkisyan şəxsən Ohanyanın arxasın­da dayanırdı: “Serj yalnız 2016-cı ilin aprel uğursuzluğundan, ərazi və insan itkilərimizdən sonra ondan ayrılmaq məcburiyyətində qaldı. Ancaq Sarkis­yanın dövründə onlar məsuliyyətə cəlb olunmadılar. Yalnız “məxməri inqila­b”dan sonra generallar və nazir varla­nanda, milyonlarla sərvət toplayanda, sıravi əsgərlərin alt paltarının belə ol­madığı acınacaqlı durum ictimaiyyətə açıqlanmağa başladı. Onda Ohanyan ilan kimi qıvrıldı... Məlum oldu ki, Seyran Muşeqoviçin və generallarının zolaqlı şalvarlarının ciblərinə pullar göydən tökülübmüş. Siz milyonlarla dollar qazandınız, mövqelərdəki əsgər­lərin isə normal çəkmələri, hətta gecə görmə cihazları da yox idi”.

“Armenian Report” qeyd edir ki, bütün bunlara görə, ilk növbədə, Sey­ran Ohanyan məsuliyyət daşıyır.

Azərbaycan Ordusunun sabiq kor­pus komandiri, ehtiyatda olan polko­vnik Şair Ramaldanov “XQ”yə bil­dirdi ki, Ohanyanın gündəmə gəlmək istəyində və belə fikirlər söyləməsində təəccüblü hal yoxdur. Qeyd etdi ki, “Qarabağ klanı” yenidən hakimiyyətə gəlməyə can atır: “Paşinyan İkinci Qarabağ müharibəsi başlananda haki­miyyətə yeni gəlmişdi. Onun dövründə orduda hansısa islahatlar aparmaq vaxt baxımından mümkünsüz idi. Bu elə Ohanyanın ordusu idi. “Ohanyan səd­di”nin keçilməz olduğu barədə mifin müəllifi də Seyran özü idi. Azərbay­can Ordusu həmin xəttin keçilməz və Ermənistan ordusunun məğlubedilməz olmadığını 2016-cı ilin Aprel döyüş­lərinin ilk saatlarında sübut etmişdi. Yəni, bu, həmin Ohanyanın qurub-ya­ratdığı sədd və ordu idi”.

Şair Ramaldanov qeyd etdi ki, Ohanyanın rəhbərlik etdiyi ordu barədə mənfi fikirlər söyləyəcəyini gözləmək olmaz: “Ohanyanın dövründə orduda korrupsiya, hərbçilər arasında nizam­namədən kənar münasibətlər, çoxlu özünəqəsd faktları, hətta, müəyyən hərbi bölüklərin əmrə tabe olmaqdan imtina etməsi kimi hallar mövcud idi”.

Müsahibimiz vurğuladı ki, İkinci Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsinə cavabdeh olan da Ohanyan idi və o, şəhər işğaldan azad edilərkən güclə qaçıb canını qurtarmışdı. Bu mə­nada Ohanyanın hansısa başqa fikirlər söyləyəcəyini gözləmək də düzgün ol­mazdı.

Siyasi ekspert Zaur Məmmədov isə dedi ki, Ohanyanın bu çıxışı siyasi gündəmdə qalmaq üçün edilən cəhdlər­dən biridir. Onun sözlərinə görə, hazır­da müxalifət Paşinyandan sonrakı dövrə hazırlaşır: “Hətta, vəziyyət gərginləşər­sə və Paşinyanın hakimiyyətdən getmə­si qarşısıalınmaz proses olarsa, bununla bağlı iqtidar komandasında da müəy­yən ssenarilər mövcuddur. Yəqin ki, xarici qüvvələrin də vəziyyətin dəyişə­cəyi təqdirdə müəyyən planları var. Bu kontekstdə Ohanyanın ordu ilə bağlı dedikləri təsadüfi sayıla bilməz. Çünki ordunun hansı vəziyyətdə olması Er­mənistanda hər kəsə məlumdur”.

Z.Məmmədov qeyd etdi ki, Ermə­nistanda ordu ilə bağlı strateji planlaş­dırma mövcud deyil. Hərbçi kadrlar yeni alınan hərbi texnikaları mənim­səməkdə problem yaşayırlar. Ölkə ət­rafında geosiyasi mübarizə gedir. Belə olan vəziyyətdə Paşinyan ordunun güc­ləndirilməsinə çalışsa da, mövcud kad­rlarla, maddi və siyasi resurslarla bunu etmək müşküldür.

Siyasi şərhçi onu da bildirdi ki, Pa­şinyanın orduda islahatlar həyata keçir­mək üçün 3-5 il, Koçaryan–Sarkisyan–Ohanyan üçlüyünün isə 20 ildən çox vaxtı olub. Ancaq onlar bu zamanı ordu quruculuğuna yox, korrupsiya və rüş­vətə, siyasi rəqibləri ilə haqq-hesab çək­məyə, ambisiyalarının təmin olunması həsr ediblər. Nəticə isə göz önündədir.

Səxavət HƏMİD
XQ

Siyasət