Əli tətikdə qalmaq

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Yaxud “durbin diplomatiyası”na son

Əslində, ortada çox qəribə durum var. İndi bu qəribəlik haqqında düşünəndə məşhur “Nə etməli?” deyimi yada düşür. Bəli, biz nə etməliyik ki, yaşadığımız Cənubi Qafqaz regionunda haqq-ədalət öz yerini tapsın? Elə bir haqq-ədalət ki, daimi sülh üçün müjdə versin? 

Yox, yuxu danışmaq niyyətindən uzağıq. Nə də dünya utopiklərinin ədalət axtarışlarının tə­siri altındayıq. Hadisə və proseslərə real, açıq gözlə baxırıq, soyuqqan­lılığımızı itirmirik. Çün­ki bu hissləri bir kənara qoymağımızın başımıza hansı bəlaları açdığının fərqindəyik. Keçdiyi­miz yolu incələyərkən, özümüz üçün aqibət də müəyyənləşdiririk. Daha doğrusu, parlaq gələ­cəyimiz baxımından nəyi etməli olduğumuzu. Axı, Çernışevskinin yuxarıda vurğuladı­ğımız fundamental sualının aktuallığını nəzərdən qaçırmamaq alın yazımızdır. Elə əli tətikdə qalmaq da. 

Bəli, biz müstəqillik illərində əli tətikdə qalmağın alnımı­za yazıldığının fərqinə bir qədər gec vardıq. Sanki, yuxuda olduq. Ayılanda gördük ki, necə deyərlər, “lələ köçüb yur­du qalıb”. Heç yurdumuz da qalmadı. Bizə biz olduğumuzu öyrədən lələlərimizin də güllələndiyini, əsir götürüldüyünü gördük. Neyləsinlər, onlar da saf qəlbli olublar. Dahi Sabir demişkən, əcnəbi seyrə balonlarla çıxanda, biz hələ avtomobil minməmişdik. 

Hesab edirdik ki, xoşbəxtik. Gün gəldi “xoşbəxtlik oğ­rularının” lələlərimizin yurdlarına qənim kəsildiklərinin acı səhnələri ilə baş-başa qaldıq. Şükür ki, yuxudan ayılmağı ba­cardıq, özümüzdə güc və qüvvə toplayıb bizim olanı özümüzə qaytardıq. Artıq sərhəd bütünlüyümüz var. Şair dostumuz El­çin Mirzəbəylinin təbirincə desək, dünyanın ən xoşbəxt ölkə­sindəyik. 

Ancaq xoşbəxtliyimizi gözü götürməyənlər özlərinin ya­rıtmaz əməlləri ilə, sanki, növbəyə durubar. Biri gedir, o biri gəlir, biri danışır, o biri susur və ya əksinə. Meydanı boş qoy­murlar. Hər dəfə yeni həyasızlıqlarla üstümüzə yeriyirlər. Gəl­sinlər, tam rahatıq. Çünki illər bizə onları tanımağı öyrədib. Aldıqları nəfəsdən belə nə deyəcəklərini, nə danışacaqlarını, hansı cəfəngiyyatı dilə gətirəcəklərini duyur və bilirik. Bəzən boz, soyuq sifətlərinə baxmağımız da kifayətdir ki, məqsədlə­rindən xəbərdar olaq.

Bir az da onlar bizə baxsınlar. Ermənistana gələn hər xa­rici qonağı, dövlət və hökumət rəsmisini Azərbaycanla hələ­lik şərti olan sərhədə gətirirlər. Onlar isə əllərində durbin bizi izləyirlər. Elə bilməyin ki, nə isə görürlər. Nəyi görməlidir­lər ki? Heç nəyi. Sadəcə, ortada psixoloji məqam var. Onlar itirdiklərinə tamaşa edirlər. Ancaq yox, gördükləri də var. Bu barədə də danışacağıq. 

Qırıq durbinlərindən gördükləri illər ərzində Azərbaycan­la Ermənistan arasındakı sərhədi Ağdamda, Füzulidə, Tərtər­də təsəvvürə gətirdiklərinə tam tərs mənzərədir. Gördükləri erməni avantürizminin niskil səhnələridir. Təsəvvürlərinə gə­tirdikləri illər ərzində qurduqları oyunlardır. Oyunların pozul­ması nəticəsində yaranmış durumu seyr edirlər. 

ABŞ-ın Ermənistandakı səfirliyi ali diplomatik missiya­nın işçilərinə Azərbaycanla sərhədə yaxın düşməməyi tövsiyə edir, qadağa qoyur və sair. Təhlükəli imiş. Ermənistan haki­miyyəti isə ölkəyə gələnlərin səfər proqramına sərhəd gəzin­tisini daxil edir. Ermənipərəst Qərb dünyası da, Ermənistan hakimiyyəti də başını itirib. Sual olunur: təhlükə mövcuddur­sa, orada nə işiniz var? Yaxud, təhlükə yoxdursa, nə üçün onu qondarmaqla məşğulsunuz?

Bəli, Qərb təhlükə qondarmaqla məşğuldur. Onun üçün Azərbaycan–Ermənistan sərhədində gərginliyin qalması şərt­dir. Qərb istəmir ki, ölkələr arasında dinclik və əmin-amanlıq mühiti olsun. Yox, düşünməyin ki, bu mənada hazırda Qərb dünyasına qarşı çıxan Rusiyanın sülh niyyəti ilə bağlı səs­ləndirdikləri səmimidir. Elə deyil. Otuz ilə yaxın müddətdə erməni avantürizminin, obrazlı desək, “peçinə odun qoyan” Kreml olub. Ancaq şair demişkən, çərxi-fələk tərsinə dövran edir indi. İndi erməni də özünü insan sayır və Rusiyaya qarşı çıxır. Moskvada buna təəccüblənirlər. Görəsən, niyə? 

Diqqət yetirək, görək, çərxi-fələk necə tərsinə dövran edir. Rusiyanın dövlət başçısı Ermənistana gəlsə, həbs olunacaq. Çünki İrəvan Roma Statutunu ratifikasiya etməklə, Bey­nəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvünə çevrilib. O məhkəmənin ki, Rusiya Prezidentinin və digər ölkə rəsmilə­rinin həbsinə order çıxarıb. Belə bir şeyi təsəvvürə gətirmək mümkün idimi? Təsəvvür etmək olardımı ki, Azərbaycanla sərhəddə rus hərbçiləri deyil, avropalı müşahidəçilər keşik çəkəcək? 

Erməni avantürizmi, necə deyərlər, əl dəyişdirir, mahiy­yəti isə dəyişmir. Mahiyyət yenə dağıdıcıdır, təxribatçıdır. Er­mənistan və dünya erməniliyi bu “ampluadan” çıxmağı bacar­mır. Bir tərəfdən, xislətlərinə hakim kəsilmiş murdarlıq var, digər yandan, imkan vermirlər. Elə bilirsiniz ki, ölkəyə gəlmiş xariciləri Azərbaycanla sərhədə gətirib, əllərinə durbin verib bizim tərəfə tamaşa etdirmək yalnız İrəvanın öz təşəbbüsüdür. Yox! Elə zənn etməyin ki, Birləşmiş Ştatların Ermənistandakı səfirliyi ölkənin Azərbaycanla sərhədini yalnız İrəvana dəstək üçün təhlükəli sayır. Amerikanın özünə lazımdır bu durum. Bu mənada, avantüristlərlə onları dəstəkləyənlər arasında qə­ribə bir anlaşma var. Bir-birini işarədən qanırlar. Haqqında söz açdığımız gərginlik hər iki tərəfə eyni dərəcədə lazımdır. 

Axı yüz illik plan pozulub. Yüz illik erməni avantüriz­minə ağır, sarsıdıcı zərbə vurulub. Sanki, Rusiya Qərb dün­yasına həmin avantürizmin sınıq-salxaq hissəciklərini təhvil verib. İndi ikincilər onu yığmaqla məşğuldurlar. Ermənistanın təhlükəsizliyi məsələsini qaldırırlar. Kimdən qoruyacaqlarmış ölkəni? Əlbəttə ki, Azərbaycandan. Yaxşı bilirlər ki, güclü və qüdrətli Azərbaycan avantürizmin sınıq-salxaq duruma düş­müş hissələrinin müqavimət meyillərini boğmaq əzmindədir. Durbinlilər isə düşüncələrində bu avantürizmi boğacaq ordu­nun mövqelərini seyr edirlər. Görmək istədikləri həm də bu­dur. 

Sonda bir daha haqq və ədalət haqqında. Bəli, Azərbaycan Cənubi Qafqaz regionunda tarixi ədaləti bərpa etməkdə qərar­lıdır. Biz yaxşı bilirik ki, bunu etməmək yaşadığımız bölgəni daha böyük bəlalara “hamilə” saxlamaqdır. Tarixin təkrarlan­masına imkan verə bilmərik. Buna haqqımız yoxdur. Ona görə də missiyamız müqəddəsdir. Xaricdə kimin nəyi, necə düşün­məsindən asılı olmayaraq, məsələnin mahiyyəti məhz budur. 

Erməni avantürizmini Qarabağdan təmizləmişik, Ermə­nistanın özündən də təmizləməliyik. Ona görə də deyirik ki, ölkənin konstitusiyası dəyişilməlidir. Ona görə bildiririk ki, Ermənistan qonşularına qarşı ərazi iddiasından əl çəkməlidir. O səbəbdən vurğulayırıq ki, saxta erməni təəssübkeşlərinin “durbin diplomatiyası”nı iflasa uğradacağıq. Bunu etməsək, gələcəyimiz şübhə altına düşəcək. Bunu etməliyik ki, gələcə­yimizi, inkişafımızı və tərəqqimizi riskə atmayaq.

Siyasət