ABŞ-ın bombardmanları Yaxın Şərqdə yeni cəbhə aça bilər

post-img

Yaxın Şərqdə münaqişə ocaqları artmaqda davam edir. Fevralın 3-nə keçən gecə ABŞ-ın hərbi hava qüvvələrinin Suriya və İraqdakı obyektləri bombardman etməsi beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. 

Dünyanın aparıcı politoloq və siyasi ekspertlərinin səsləndirdikləri fikirlərə əsasən, Birləşmiş Ştatların endirdiyi zərbələrin miqyası və amerikalı siyasət­çilərin bəyanatlarının tonu onu göstərir ki, münaqişənin gərginləşməsinin növ­bəti mərhələsi artıq baş verib. Toqquş­malar yeni mərhələyə daxil olub. Bu, Yaxın Şərqdə kifayət qədər uzun sürə­cək bir qarşıdurmanın anonsu ola bilər.

Vaşinqtonun bu addımı atmasının sə­bəbi bəllidir. Yanvarın 27-də ABŞ-ın İor­daniyadakı hərbi bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində 3 nəfər həlak olmuş, 40-dan çox hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Va­şinqton hücumun arxasında İranın durdu­ğunu iddia etsə də, rəsmi Tehran bu hü­cumun ona aid olmadığını bəyan etmişdi.

Pentaqon rəhbəri Lloyd Ostin də məhz bunu əsas gətirərək bildirir ki, İor­daniyanın şimal-şərqindəki ABŞ bazası­na pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq Yaxın Şərqə zərbələr endir­məyə başlamaq haqqında göstəriş verib. 

İraq və Suriyadakı hədəflərə ilk zər­bələr çərçivəsində, ABŞ 30 dəqiqə ərzin­də bu ölkələrə 125-dən çox mərmi atıb. Bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zama­nı açıqlayıb. Onun sözlərinə görə, əmə­liyyatda ABŞ-ın B-1 bombardmançıları da daxil olmaqla, bir sıra təyyarələr iştirak edib. Ağ Ev hədəflərə endirilən zərbələri uğurlu hesab edib. Amma məsələ bunun­la bitmir. ABŞ Prezidenti Co Bayden ba­zaya hücuma cavab tədbirlərinin davam edəcəyinə söz verib.

Vaşinqtonun hava zərbələrinə ilk dəstək Böyük Britaniyadan gəlib. Rəs­mi London bildirib ki, ABŞ-ın öz ordusu­na hücumlara cavab vermək hüququnu dəstəkləyir. “Reuters” xəbər verir ki, Brita­niya hökumətinin nümayəndəsi hadisəni şərh edərkən deyib: “Böyük Britaniya və ABŞ sadiq müttəfiqlərdir. Biz onların əmə­liyyatları ilə bağlı şərh verməyəcəyik, la­kin hücumlara cavab vermək hüquqlarını dəstəkləyirik”. 

O həmçinin qeyd edib ki, Krallığın hö­kuməti uzun müddətdir ki, İranın bir sıra qruplara siyasi, maliyyə və hərbi dəstəyi də daxil olmaqla, regionda sabitliyi pozan fəaliyyətini pisləyir.

Avropa İttifaqı isə ABŞ-ın Suriya və İraqa hücumlarından sonra Yaxın Şərq­dəki vəziyyəti kritik hesab edib. Aİ diplo­matiyasının rəhbəri Josep Borrell hücum aktını şərh edərək deyib: “Biz həmişə tək­rar edirik ki, Yaxın Şərq hər an partlaya biləcək bir qazandır. Biz hamını gərginliyi azaltmağa çağırırıq, biz çox kritik vəziyyət yaşayırıq”. 

ABŞ-ın İranı suçlamasına baxmaya­raq, Suriya və İraqa hücum etməsi bir çox politoloqların şərhində Vaşinqtonun buna risk etməməsi kimi qiymətləndirilir. Rusi­yalı ekspertlər hesab edirlər ki, Birləşmiş Ştatların belə addım atmasının qarşısını alan İranın gücüdür, ona görə də İslam Respublikasına birbaşa hücum ehtimal­ları çox azdır. Lakin buna baxmayaraq, İrana qarşı təxribat və terror aktlarının da­vam edəcəyi istisna edilmir. 

Rusiya Siyasi Elmlər Assosiasiya­sının üzvü, politoloq Vladimr Şapova­lov yazır: “Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, İran ərazisinə heç bir zərbə endirilməmişdir. Deməli, biz hazırda Ame­rikanın İrana qarşı təcavüzünün, belə demək mümkünsə, ən radikal ssenarisini görmürük. Bununla belə, ABŞ İranın hərbi potensialından çox ehtiyat edir, çünki o, öz tarixində heç vaxt belə nəhəng düş­mənlə vuruşmayıb”.

ABŞ-ın özündə də siyasi elitanın nü­mayəndələri bu hücumu kəskin tənqid ediblər. Nümayəndələr Palatasının üzvü Markori Teylor Qrin bildirib ki, bu zərbələr Amerika dövlətinin daxili problemlərinə və təhdidlərinə məhəl qoyulmaması şəraitin­də baş verir. Qrinin fikrincə, Yaxın Şərq ölkələrini vurmaq əvəzinə, ABŞ ordusunu Amerika ictimaiyyətini çoxdan narahat edən qeyri-qanuni miqrant problemini həll etmək üçün, məsələn, Amerika sərhədləri boyunca yerləşdirmək daha məqsədəuy­ğun olardı. 

İ.ÇAYRUDLU
XQ



Dünya