Baş katib: Parlamentlərarası İttifaq Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlıdır

post-img

Fevralın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan və Parlamentlərarası İttifaq arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, habelə regiondakı cari vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fikir mübadiləsi və təmasların qurulmasına töhfə verməsi baxımından Parlamentlərarası İttifaqın mühüm mandata sahib olduğunu vurğukayaraq, ölkəmizin də İttifaqın fəaliyyətində aktiv iştirak etdiyini bildirib. Parlamentlərarası İttifaq ilə ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə əsası qoyulmuş Hərəkatın Parlament Şəbəkəsi arasında əməkdaşlığın geniş perspektivlərinin olduğu, bu istiqamətdə İttifaqın cari ilin martında Cenevrədə keçiriləcək 148-ci Assambleyasının əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olacağı diqqətə çatdırılıb.

Ölkəmizin 2024-cü ildə BMT sisteminin ən irimiqyaslı tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir bu istiqamətdə görülən hazırlıq işləri barədə ətraflı məlumat verib, Parlamentlərarası İttifaqın tədbirdə yaxından təmsil olunacağına ümidvarlığını vurğulayıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov ötən il Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra BMT və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin 30 ildən sonra ilk dəfə bölgəyə səfərinin təşkil olunduğunu bildirib. Ölkəmizin sərgilədiyi bu mövqeyə baxmayaraq, işğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra beynəlxalq təşkilatların hazırkı normallaşma gündəliyinə xələl gətirdiyi bildirilib. Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə qarşı atılan son addımın da bu qəbildən olan ikili standartların növbəti nümayişi kimi qiymətləndirdiyimiz diqqətə çatdırılıb.

Baş katib Martin Çunqonq ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edərək, Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın uğurlu sədrliyinə inandığını deyən Baş katib sözügedən tədbirin təşkilatçılığı ilə bağlı əvvəlki sədrliklərlə yaxın təmasların qurulmasının Azərbaycanın görülən işlərə münasibətdə sistematik yanaşma nümayiş etdirdiyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Siyasət