İran və Cənubi Qafqaz dövlətlərinin Qərb dirənişi

post-img

Seyid Kamal Xərrazinin İrəvana səfərinin diqqətçəkən məqamları

İran İslam Respublikası Cənubi Qafqaz regionundakı bütün ölkələrin müstəqil­liyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və heç bir şəraitdə coğrafi sərhədlərin dəyişdirilməsini qəbul etmir. Bunu Ermənistanda səfərdə olan İranın Ali Dini Rəhbərinin müşaviri, ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Seyid Kamal Xərrazi deyib. İslam respublikasının İrəvandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, K.Xərrazi qeyd edib ki, ölkəsi Ermənistanla tarixi və dostluq əlaqələrini genişləndirməkdə qərarlıdır, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını birləşdirən qovşaq kimi ondan istifadəyə hazırdır. 

K.Xərrazi Tehranın regionun inki­şafına və tərəqqisinə xidmət naminə Ermənistanın iqtisadi və elmi potensi­alından bəhrələnməyi vacib saydığını dilə gətirib. Əlbəttə, İranın yüksək ranqlı rəsmisi başqa məqamlara da toxunub ki, bu barədə söz açacağıq. Ancaq, ilk növbədə, onu vurğulayaq ki, cənab Xərrazinin İranın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını birləşdirən qovşaq kimi Ermənistandan istifadəyə hazır olduğuna dair fikirləri ikincinin hakimiyyət orqanları tərəfindən ortaya atılmış “Dünya kəsişməsi”, yaxud “Dün­yanın kəsişməsi” layihəsinə dəstək kimi qiymətləndirilməkdədir. Hər halda, İrəvandakı siyasilər məsələyə mövcud kontektsdən yanaşırlar. Nəzərə alaq ki, “Dünyanın kəsişməsi” 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbay­canın siyasi leksikona daxil etdiyi “Zən­gəzur dəhlizi” ideyasına zidd təşəbbüs­dür.

O da məlumdur ki, “Zəngəzur dəhlizi” ideyası Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol kontekstindədir. Ölkəmiz məsələnin “Azərbaycandan – Azərbaycana yol” məntiqini əsas götürərək, həmin is­tiqamətdə hansısa gömrük və sər­həd nəzarətinin olmamasının vacibliyi üzərində dayanır. İrəvan isə buna razı deyil. Baxmayaraq ki, Bakı Ermənista­nın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək niyyətindən uzaqlığını dəfələrlə vurğulayıb. Bəs qarşı tərəf ölkəmizin mövcud xüsusdakı fikirlərinə hansı səbəbdən əhəmiyyət vermir? Hesab edirik ki, suala cavab İran üçün də əhəmiyyətlidir və məsələyə yazının sonunda qayıdacağıq. 

Hələlik isə onu deyək ki, Ermə­nistanın hakimiyyət nümayəndələri Naxçıvana yol xüsusunda Azərbay­can Prezidenti İlham Əliyevin, o cüm­lədən, rəsmilərimizin səsləndirdikləri fikirləri qəsd kimi qiymətləndirirlər və ölkələrinin ərazi bütövlüyünün və suve­renliyinin toxunulmazlığı məntiqini qa­bardırlar. Vurğuladığımız kimi, cənab Xərrazi də İrəvandakı açıqlamasında eyni məqama toxunur. İlk baxışdan, Tehranın ifadə tərzi ilə İrəvanın və Qər­bin ermənipərəst dairələrinin mövqeləri üst-üstə düşür. Amma ilk baxışdan. 

İran Qərbin timsalında regionda kə­nar oyunçuların görünməsini istəmir. Həmin oyunçuları cəlb edən İrəvandır. Hər halda, İslam respublikasında bu məqam nəzərə alınmamış deyil. Sual yaranır: ola bilərmi ki, Xərrazi İrəvana məsələnin yolverilməzliyini bildirmək üçün yollanmışdı? Çünki İran rəsmisi­nin Ermənistandakı bəyanatları xüsu­sunda üzərində dayandığı ilk məqam sərhədlərin dəyişməsinin yolverilməz­liyidirsə, ikinci xüsus “region region ölkələri üçündür” deyimidir. Nəzərə alaq ki, sərhəd erməni avantürizmi sə­bəbindən dəyişə bilər. Hazırda həmin avantürizmi körükləyən isə Qərbdir. 

Cənubi Qafqazda kənar oyunçula­rın görünməsinə xoş yanaşmayan İran Rusiyanın, Türkiyənin, Ermənistanın, Azərbaycanın, Gürcüstanın və özünün iştirakı ilə “3+3” platformasını dəstək­ləyir. Yəni, regiona diqqətini mövcud müstəvidə artırır. Bu platforma hazırda İslam dövlətinin baxışlarına fundamen­tallıq qazandıran müstəvidir. Ekspertlə­rin fikrincə, K.Xərrazinin regiona səfəri və bundan əvvəl İranın Ali Milli Təh­lükəsizlik Şurası katibinin Moskvadakı danışıqları, Tehranın regiondan kənar, yəni, Qərb qüvvələrini sıxışdırmaq istə­yindən xəbər verir. Yəni, cənub qonşu­muz hərəkətə keçib.

Bəli, İran “3+3” formatını aktivləş­dirməyə çalışır. K.Xərrazi Ermənista­nın paytaxtında bu barədə danışdı. Tehran indiyədək iştirakdan imtina edən Gürcüstanı da mövcud müstə­viyə cəlb etməyə çalışır. İstəyir ki, regi­ondakı qüvvələrin tam konsolidasiyası reallaşsın, nəticədə Cənubi Qafqazın siyasi problemlərinə kənar müdaxilələ­rin qarşısı alınsın. 

Tehranın nəzərindəki “ekstraregio­nal qüvvələr” ifadəsi özündə Avropanı, ABŞ-ı və İsraili ehtiva edir. Məlumdur ki, İranın siyasi dairələrində vaxtaşırı İsrailin Azərbaycandakı hərbi-siyasi mövcudluğu xüsusunda mülahizələr səslənməkdədir. Bu mülahizələr gün­dəmə gəlir, ardınca ölkənin ayrı-ayrı rəsmiləri, sanki, təhlükə hiss edirlərmiş kimi bəyanatlar verirlər. Ancaq reallıq budur ki, Azərbaycan – İsrail münasi­bətləri nə qədər güclü olsa da, ikinci­nin regionda hərbi-siyasi mövcudluğu xüsusundakı baxışlar subyektivlikdən o yana getmir. Həm də o səbəbdən ki, Azərbaycan müstəqil xarici siyasət kur­su aparmaqdadır və bunun örnəkləri, kifayət qədər, çoxdur. 

Ancaq Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda fəallığını artırması faktdır və bu trayektoriyada Ermənistan vacib halqanı təşkil etməkdədir. Daha doğrusu, alətə çevrilməkdədir. Bunu da nəzərə alaq: İranda belə bir fikir var ki, Ermənistan Qərblə münasibətləri güc­ləndirmək perspektivinə əsaslanaraq, İranla münasibətləri lazımi və istədiyi səviyyədə dərinləşdirməkdən çəkinir. Lakin, buna baxmayaraq, İran Ermə­nistanla bütün sahələrdə əlaqələri ge­nişləndirməyə səy göstərir. K.Xərrazi İrəvana səfəri zamanı, o cümlədən, ekspertlərlə görüşdə bu marağı bə­yan edərək, hərbi sənaye, informasi­ya təhlükəsizliyi, iqtisadiyyat və enerji sahələrindəki qarşılıqlı əməkdaşlıqdan söz açıb. O, hətta, Ermənistanın mü­dafiə qabiliyyətinin gücləndirilməsi üçün İranın yardımının mümkünlüyü barədə bəyanat da səsləndirib. 

Ancaq indiki məqamda demək ol­maz ki, İran Ermənistana görə Azər­baycan faktorunu kənara atmaq niy­yətindədir. Yəni, buna getmək Tehrana sərfəli deyil. Ümumən, İslam respub­likası həmişə öz siyasətini aparıb. Bu siyasətdə Qərbə dirəniş vacib məqam­dır. Ukraynada müharibə başlayandan sonra Qərb Rusiyaya qarşı hər cür sanksiyaları tətbiq edəndə, bu, Mos­kva ilə Tehranı yaxınlaşdırdı. Nəzərə alınmalıdır ki, Kremlin iflası Tehranın süqutu deməkdir. Yəni, İran yaxşı bilir ki, Moskva Ukrayna cəbhəsində uğur­suzluqla üzləşsə, növbə ona çatacaq. 

Məsələyə Qərbin prizmasından da yanaşaq: Əgər 2022-ci ilə qədər “şər oxu”nu İran, Suriya və Şimali Koreya formalaşdırırdısa, indi Rusiya da on­lara qoşulub. Qərbdə Tehranın uzun müddətdir Yaxın Şərqin müəyyən döv­lətlərində öz müvəkkil qüvvələrini ya­ratması və onların zaman-zaman fəal­laşması xüsusunda fikirlər gündəmə gətirilir. Hesab edilir ki, indiki mərhələ­də Tehran mövcud istiqamətdə Rusiya­nın dəstəyini alır. 

Bəs İranla yaxın, Rusiya ilə isə ta­rixinin ən pis münasibət dövrünü yaşa­yan Ermənistan hakimiyyətinin Aİ-nin mülki müşahidəçilərini Ermənistan – Azərbaycan sərhədində patrul xidmə­tinə dəvət etməsi, Tehranın İrəvana münasibətini dəyişibmi? Sualı başqa cür də qoymaq mümkündür. Qərbin regional aktivliyinə qarşı çıxan Tehra­nı sözügedən missiyanın mövcudluğu narahat etmirmi? Qeyd edək ki, ötən il Azərbaycanla gərginlik şəraitində İrandan səslənmiş rəsmi bəyanatların birində bildirilmişdi ki, Aİ müşahidə­çilərinin regiondakı mövcudluqları İs­lam respublikasının maraqlarına zidd deyil. Hərçənd, həmin açıqlamadan sonra mövzuya qayıdılmır. Belə nəticə hasil olur ki, sözügedən bəyanat sırf Azərbaycana inad xüsusunda səslən­mişdi. Daha dəqiq desək, həmin vaxtkı soyuqluğun ruhundan irəli gəlirdi. Ha­zırda soyuqluq tam aradan qalxmaq üzrədir… 

Əlbəttə, onu da vurğulamalıyıq ki, Qərbin Ermənistandakı varlığı İra­nın regional siyasətində, xüsusən də İrəvana münasibətdə real dəyişiklik yaratmır. Qeyd etdiyimiz kimi, İran ha­kimiyyəti həm “qırmızı xətləri”ni, həm də “heç bir şəraitdə coğrafi sərhədlə­rin dəyişdirilməsinin yolverilməzliyini” bildirir və bildirməyə davam edir. Çox güman ki, İslam respublikası avropalı müşahidəçilərə Azərbaycanı cilovla­yan, ümumən cilovlayıcı real faktor kimi yanaşmır. Ona görə də Tehranın şübhələri çoxdur. Əslində, K.Xərrazinin səfəri şübhələri aradan qaldırmaq niy­yətindən irəli gəlməkdədir. 

Bəli, Tehran Aİ-ni “Azərbaycanın Er­mənistana qarşı potensial təcavüzünün qarşısını almaq” ritorikasının keçərliliyi baxımdan da hesaba almır. Görünür, İranın prinsipial şəkildə düşündüyü budur: Qərbin regiondakı mövcudluğu, ilk növbədə, Rusiyaya, sonra isə İrana qarşı yönəlib. Yəni, Tehran İrəvanı va­sitə və alət kimi görmək məntiqindən uzaqdır. Bəs, riskləri minimuma endir­mək mexanizmi nədir? Yenə də “3+3” platformasının üzərinə gəlirik. İran ha­zırda bu platformanın dərinləşməsində maraqlıdır. Onun Ermənistana münasi­bətinin dəyişib-dəyişməməsinə gəlin­cə, bu, yalnız Qərbin regiondakı hərbi komponentinin meydana çıxmasından sonra mümkündür. 

K.Xərrazinin Ermənistana səfəri xüsusunda siyasi ekspertlərin qabart­dıqları bir nüans da var. Azərbaycan Tehranın etirazlarına rəğmən, Ermə­nistana təcavüzə girişərsə, ikinci Cə­nubi Qafqaz regionundakı maraqları­nı qorumaq naminə nə qədər uzağa gedə bilər? Yəni, İran Ermənistanın müdafiəsinə qalxarmı? Əlbəttə, suala birmənalı cavab vermək çox çətindir. Amma indiyədək keçilmiş yol var. İran Azərbaycanın ərazi bütövlüyünü tanı­dığını həmişə bəyan edib. Baxmaya­raq ki, İslam respublikasında Qarabağ məsələsində İrəvana dəstək baxışı da aktuallığını saxlayıb. Ancaq Bakı Teh­ranın istər 44 günlük müharibəyə, istər ondan sonrakı hərbi qarşıdurmalara, istərsə də lokal xarakterli antiterror təd­birlərinə seyrçi qalmasını təmin etməyi bacardı. Həm də ona görə ki, İranın rəsmi diplomatiyası, ölkənin qaragüruh siyasilərindən fərqli olaraq, kifayət qə­dər, rasionaldır. 

Digər tərəfdən, İranın doktrinal əsasları ölkənin qüvvələrinin xaricdəki müharibələrdə iştirakına isti yanaşmır. Yəni, indiki durumda Tehranın İrəvana dəstəyi də Qərbin ikinciyə dəstəyi kimi konsultativ mahiyyətə söykənməkdə­dir. Eyni zamanda, bildirməliyik ki, İran Ermənistana münasibətdə Qərbdən daha sərtdir. Yəni, ölkənin İrəvanın şıltaqlıqlarına dözmək kimi niyyəti istis­nadır. Burada “qırmızı xətlər” məsələsi yalnız ikinciyə münasibətdəki siyasi jestdir. Ermənistanla bütün sahələrdə, o cümlədən, hərbi sahədə əməkdaşlı­ğa maraq da, İrəvanın müdafiə qabiliy­yətini gücləndirmək istəyi də Tehranın regiondakı “qırmızı xətlərini” qorumaq əzminin məhsuludur. İslam dövləti regi­onda hərbi ssenarinin qarşısını almaq üçün hər şeyi edir. Yəni, ölkənin jesti ona yönəlib ki, Ermənistan cızığından çıxmasın. Elə K.Xərrazinin “Dünyanın kəsişməsi” avantürasına dəstəyə ox­şar fikirlər səsləndirməsi də, həmçinin. Ancaq İrəvan cızıqdan çıxmağa öyrən­cəlidir. 

Sonda söz açacağımızı bildirdiyi­miz məqama keçid alaq. Vurğuladı­ğımız kimi, Ermənistan Azərbaycanın “Zəngəzur dəhlizi” ideyası ilə barışmır. Dəhliz məntiqini özünün suverenliyinə zidd sayır. Ancaq ölkə Naxçıvana yo­lun öz ərazisindən keçməsi naminə canfəşanlıq göstərir. “Azərbaycandan – Azərbaycana yol” məntiqi ilə hərəkət edən rəsmi Bakı sözügedən 40 kilo­metlik zolaqda sərhəd və gömrük nə­zarətinin mümkünsüzlüyünü bəyan et­məklə, prinsipiallıq göstərir. 

Prinsipiallığın digər istiqaməti Nax­çıvana yolun İran ərazisindən keçməsi ilə bağlı Tehranla əldə edilmiş razılıq­dır. Məlum olduğu kimi, Qərb dünyası sözügedən razılığı süngü ilə qarşıla­maqdadır. Məsələn, ABŞ. Birləşmiş Ştatlar Azərbaycandan tələb edir ki, Naxçıvana yol İrandan deyil, Ermə­nistandan keçsin. Ölkəmiz məsələnin belə qoyuluşu ilə razılaşmır və istəmir ki, öz öhdəliklərini yerinə yetirməyən İrəvan nəqliyyat və kommunikasiya qo­vşağı kimi üstünlüyə yiyələnsin. Ancaq bu yerdə K.Xərrazinin Ermənistanı qo­vşaq kimi görmək istəməsi ilə Qərbin eyni mövqedən çıxış etməsi arasın­da prinsipial fərqin mövcudluğunu da diqqətə çatdıraq. İkinci Ermənistanın qovşaq ampluası üçün İrana meydan tanımır və indiki durumda Tehranın İrə­vanı bu yoldan döndərmək kimi şansı yoxdur. Şans yoxdursa, İslam respub­likasının “qırmızı xət”lərinə yenidən baxmaq zərurəti var. Heç şübhəsiz, Kərrazinin səfəri bunu, ümumən Cənu­bi Qafqazda son durumu soyuq dəyər­ləndirmək baxımından da vacibdir.

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət