AŞPA-nın ölkəmizə qərəzli münasibəti dözülməz həddə çatdı

post-img

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı indiki qərəzli münasibətinin əsas səbəbi məhz ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır. Açıq deməliyik ki, ölkəmizdəki proseslərlə bağlı AŞPA-nın müxtəlif rəyləri hər zaman mövcud idi. Azərbaycan nümayəndə heyəti də buna uyğun olaraq adekvat mövqe ifadə edirdi. Baş tutan müzakirələrdə hər hansı məsələlərlə bağlı razılaşmanın əldə edilib-edilməməsi halları da yaşanırdı. Ancaq bu, bir işçi prosesdir və bu proses 20 il ərzində davam edirdi. 

Bu sözləri jurnalistlərə müsahibə­sində xarici işlər naziri Ceyhun Bay­ramov söyləyib. Nazir AŞPA-da baş verənləri “ölkəmizə qarşı atılan tama­milə qərəzli və qəbul edilməyən addım” adlandırıb. 

Fransa ilə Azərbaycan arasın­da olan münasibətlərdən danışarkən C.Bayramov vurğulayıb: “Təəssüf ki, qəbul edilməyən münasibətlərin təşəb­büskarı həmişə Fransa olub. Bəzi hal­larda bu kimi proseslər Fransa tərə­findən açıq bəyanatlar, ölkəmizə qarşı təhdid və hədə elementlərini özündə ehtiva edən açıqlamalardan ibarətdir. Bir çox hallarda Azərbaycan ictimaiy­yəti bunlar barədə məlumatlı olmur. Tam məsuliyyətlə qeyd edə bilərəm ki, müxtəlif platformalarda örtülü şəkildə ölkəmizə qarşı aparılan sistemli işin arxasında dayanan əsas ölkə məhz Fransadır. Bu addımları atan ölkəyə qarşı da Azərbaycan adekvat cavab verəcək. Fransa atdığı addımların yan­lış olduğunu nə zaman bildirərsə, biz o zaman onu dəyərləndirərik”. 

Mina məsələsinə toxunaraq nazir bildirib ki, Ermənistan 2020-ci ilin no­yabr ayından etibarən 2021-ci ilin iyun ayına qədər mina xəritəsinin mövcudlu­ğunu inkar edib. İlk dəfə olaraq 2021-ci ilin iyun ayında beynəlxalq vasitəçilərin Ermənistana təzyiqi nəticəsində rəsmi İrəvan Azərbaycana vasitəçilər vasitə­silə mina xəritələrini hissə-hissə təqdim etməyə başladı.

“Biz mina məsələsində Ermənista­nın bütün platformalarda ifşasına da­vam edirik. ANAMA tərəfindən verilən məlumata görə, Ermənistanın yarat­maq istədiyi yeni “təmas xətti”, – hansı ki, 480 kilometr uzunluğunda, 2 kilo­metr dərinlikdə, 960 kvadrat kilometr ərazidir, – son 3 il ərzində tamamilə minalanıb. Həmin əraziyə 500 minə yaxın mina döşənib. Məgər Ermənistan bunları bilmir, onların xəritəsi mövcud deyil? Buna inanmaq mümkün deyil”, – deyə nazir vurğulayıb.

XQ

Siyasət