AŞPA-nın ədalətsiz hərəkətləri Fransanın əlində alət olmasının göstəricisidir

post-img

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı heç vaxt səmimi olmayıb və həmişə ölkədə ictimai-siyasi mühitin gərginləşdirilməsi istiqamətində fəaliyyəti ilə özünü göstərib.

AŞPA ədalətdən uzaqdır və bu da qurumun Fransanın əlaltısı olduğunu göstərir. Belə ki, torpaqlarımız 30 il işğal altında və bir milyon məcburi köçkünümüz olduğu dövrdə AŞPA Ermənistana qarşı hansısa bir qərar qəbul etdimi? Onu da qeyd edək ki, hətta Suriya qaçqınları ilə bağlı məsələ AŞPA-da müzakirə olunanda qurumun keçmiş prezidentinə azərbaycanlı məcburi köçkünlərlə bağlı sual ünvanlananda da Ermənistanın adını çəkməmiş və suala cavab verməkdən yayınmışdı. Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi və bir milyon azərbaycanlının məcburi köçkün düşməsi AŞPA üçün qəbulolunan idi. Lakin ökəmizin öz gücü ilə pozulmuş beynəlxalq hüquq normalarını bərpa etməsi, ərazilərin suverenliyinin təmin olunması qəbul olunmur.

Vurğulayaq ki, Almaniya da Fransa tərəfindən idarə olunur və ölkəmizə qarşı qərəzli, böhtan xarakterli addımların atılmasında almaniyalı deputatlardan istifadə olunur. Ona görə ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı məsələni almaniyalı deputat Fran Şvabe irəli sürüb. Bəs münaqişələrin həll olunmasına AŞPA nə kimi töhfələr verib? Misal olaraq, Gürcüstanda baş vermiş münaqişə, Ukraynada davam edən müharibə, Azərbaycan torpaqlarının 30 il işğal altında olması ilə bağlı məsələ və daha çox sadalamaq olar. Sadalanan bu məsələlərin danışıqlar yolu ilə həll olunmasında AŞPA-nın heç bir rolu olmayıb. Həmçinin deyə bilərik ki, AŞPA münaqişələrin dərinləşməsinə və regionlarda gərginliyin artmasına çalışıb. AŞPA öz statusundan istifadə edərək nəinki sülhə, hətta əksinə, sabitliyin pozulmasına və ölkələrdə gərginliyin artmasına xidmət edib.

Qeyd edək ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməsə, Avropa Məhkəməsi də rəsmi Bakıya lazım deyil. Ona görə ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar yalnız Qərbin “beşinci kolon”unun müdafiəsi ilə bağlı olub. Və Qərb “beşinci kolon” vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ölkəni gücsüzləşdirməyə və rəngli inqilabların məkanına çevirməyə çalışıb. Əlbətdə ki, onların siyasi texnoloqların girə bildiyi və “beşinci kolon”u canlandıra bildiyi ölkələrin aqibətinin necə olduğunu bütün dünya görüb. Lakin Qərb Azərbaycanı həmin ölkələrlə müqayisə etməsin. Ona görə ki ölkəmizdə Azərbaycan xalqının inandığı və etibar etdiyi lider var. Liderimiz sayəsində heç bir xarici güc xalqımızın milli maraqlarına qarşı çirkin məqsədinə nail ola bilməyəcək. Və əgər AŞPA Azərbaycan nümayəndə heyətini təsdiqləməsə, əlbətdə ki, təxribatçılara haqq qazandıran Avropa Məhkəməsinin yurisdiksiyası da bizə lazım olmayacaq.

AŞPA-nın ədalətsiz hərəkətləri Fransanın əlində alət olmasının göstəricisidir. Belə ki, 2023-cü ildə də məhz Fransanın təkidi ilə Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsinin şahidi olmuşuq. Lakin çox təəssüf edirəm ki, Angela Merkel, Gerhard Şröder, Helmut Kol, Konrad Adenaur kimi rəhbərləri olmuş və öz müstəqil siyasəti ilə Avropaya ağsaqqallıq etmiş Almaniya hazırda dünyada nüfuzunu günü-gündən itirən Fransanın oyuncağına çevrilib. Fransanın diktəsi ilə Azərbaycana qarşı qərəzli məsələlər AŞPA-da gündəliyə gətirilir. Amma Almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qərəzli bir məsələni gündəmə gətirəndə ilk növbədə öz ölkəsinin keçmişini xatırlasa, daha yaxşı olar. Təəssüflər olsun ki, Fransa Almaniyanı idarə edir və öz çirkin niyyətlərinin arxasınca aparır. 

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməsə, ilk növbədə öz nüfuzuna zərbədir. AŞPA formal xarakterli təşkilatdır. AŞPA-da gündəliyə çıxarılan bu məsələ Qərb siyasi arenasının Avropa cinahında Azərbaycana qarşı total hücumun davamıdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Siyasət