Azərbaycan–Özbəkistan qardaşlığı daha da möhkəmlənir

post-img

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

S.Qafarova xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasın­dan danışıb və qeyd edib ki, xalqlarımız dil, din, tarix, mənəvi cəhətdən oxşardırlar. Qeyd olunub ki, Özbəkistanla Azərbaycan arasında siyasi, iq­tisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. 

Spiker parlamentlərarası əməkdaşlığın dərin­ləşdirilməsi istiqamətində görülən işlərdən söhbət açaraq, qanunverici orqanlar arasında münasi­bətlərin də yüksək səviyyədə olmasını, hər iki ölkənin parlamentində dostluq qruplarının fəa­liyyət göstərməsini təqdir edib. O, işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistanın tikdiyi məktəbin xalqlarımız və dövlətlərimiz arasındakı doğmalığın bir nümunəsi olduğunu qeyd edib.

Parlamentin Sədri hazırda dünyada mövcud olan ikili standartlardan, bir sıra ölkələrə qarşı ədalətsiz mövqe sərgilənməsindən, bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatların Azərbayca­na qarşı qərəzli münasibətlərindən təəssüfləndi­yini bildirib. 

Görüşdə, fevralın 7-də Azərbaycanda keçirilə­cək növbədənkənar Prezident seçkiləri ilə bağlı fi­kir mübadiləsi də aparılıb. Milli Məclisin Sədri deyib ki, bu seçkilər Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfədir ki, seçkilər Azərbaycan ərazilərinin hər ye­rində, o cümlədən, işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçiriləcək.

Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidov dost ölkələ­rimiz arasında münasibətlərin daim inkişaf etdiyi­ni vurğulayıb. O, dövlətlərimizin və xalqlarımızın oxşar tarixə malik olduğunu diqqətə çatdıraraq, Azərbaycanın dövlət müstəqilliyinin qorunma­sında və inkişafında xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib və bu siyasətin uğurla davam etdirildiyini bildirib, par­lamentlərimiz arasında münasibətlərin daha da in­kişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

A.Saidov Özbəkistanda ötən il keçirilmiş kons­titusiya islahatları zamanı Azərbaycanın 2018-ci ildə bu sahədəki təcrübəsindən istifadə olunduğu barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə müba­diləsinin əhəmiyyətini qeyd edib.

Qonaq parlamentin Sədrinə Özbəkistan və Azərbaycan alimlərinin birgə əməyinin bəhrəsi olan tarix və mədəniyyət sahələrinə dair kitablar təqdim edib. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər