Fransız “persona-non-qrata”lar, komissar Jyuv və Emmanuel Makron

post-img

Yaxud Fransa diplomatiyası ilə bağlı nekroloq əvəzi

Dünən Fransanın Azərbaycandakı səfiri Ann Buayon ölkəmizin Xarici İşlər Nazirliyinə çağırılıb. Onun diqqətinə çatdırılıb ki, səfirliyin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə yol verib. XİN-dən səfirə buna  görə ciddi etiraz bildirilib və həmin şəxslərin Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu vurğulanıb, 48 saat ərzində ölkəmizdən çıxmaları tələb olunub,  habelə Parisin ali diplomatik təmsilçisinə dövlət qurumumuzun müvafiq etiraz notası təqdim edilib.

Göründüyü kimi, məsələ, kifayət qədər, ciddidir və bu ciddilik Azərbaycan XİN-nin açıqlamasından da duyulur. Əlbəttə, diplomatik etika baxımından açıqlamada Fransa səfirliyinin əməkdaşlarının ciddi etiraz və sərt tədbirin görülməsini doğurmuş hərəkətlərinin konkret nədən ibarət olduğu göstərilmir. Amma istər-istəməz, durumun rəsmi Parisin pozuculuq fəaliyyəti kontekstində qiymətləndirilməsinə ehtiyac duyulmaqdadır. 

Məlum olduğu kimi, qlobal siyasətdə uğursuzluğa düçar olmuş Fransa hər vasitə ilə itirilmiş mövqelərinin bərpasına girişib. Dünyada qeyri-ciddi imicə malik ölkə Prezidenti Emmanuel Makron mövcud istiqamətdə nə qədər çalışsa da, yekunda məşhur fransız filmi olan “Fantomas”ın komik qəhrəmanı komissar Jyuv kimi gülməli görünür. 

Ancaq təkrarsız və bənzərsiz film-trilogioyada yer almış və dünya kinosunun simalarından sayılan məşhur Lui de Fünesin yaratdığı komissar Jyuv obrazı Makrondan daha səmimidir. Baxmayaraq ki, film boyu uğursuzluq zolağından çıxa bilmir. Bu obrazdan ilhamlanaraq siyasət meydanına atıldığı təəssüratı yaradan Fransa Prezidentinin üzləşdiyi vəziyyət isə əsl rüsvayçılıqdır. Söhbət bir neçə gün əvvəl ölkənin agentura şəbəkəsinin Azərbayanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən faş olunmasından gedir. 

Bununla bağlı xəbəri  “İdentificator.in.ua” saytı yaymışdı. Məlum olmuşdu ki, Fransa “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, geniş əlaqələrdən istifadə edən fransız rezidenturası Cənubi Qafqaz regionunda aktiv fəaliyyət göstərib. Lakin nə qədər ehtiyatlı davransa da, Azərbaycanın xüsusi xidmət orqanları, bu qruplaşmanın Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər əldə edib. Habelə, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib.

Güman edirik ki, bu cür qalmaqallı hadisədən sonra Fransanın ölkəmizdəki səfirliyinin iki əməkdaşının Azərbaycanda “persona-non-qrata” elan edilməsi düşünməyə vadar edir. Həmin şəxslərin də sözügedən agentura şəbəkəsi ilə bağlılığının olma ehtimalı böyükdür. 

Əslində, ali diplomatik missiyanın təmsilçilərinin bu cür aqibətlə üzləşmələri elə sözügedən şəbəkənin ifşası qədər rüsvayçılıq doğuran haldır. Hər iki fakt Fransa adına rüsvayçılıqla yanaşı, həm də böyük utancdır. Çox güman, qarşıdakı müddətdə belə utanc səhnələrinin sayı daha da artacaq. Necə deyərlər, artıq kələfin ucu açılıb. 

Əslində, utanc və rüsvayçılıq mənzərəsinin ilk siqnalları rezidentura şəbəkəsinin ifşası ilə bağlı diqqətə çatdırdığımız məlumatda da öz əksini tapmışdı. Bildirilmişdi ki, Makron ölkənin Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad edib. O Emyeri ki, bu ilin aprelində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə səfər etmişdi. Onun istefaya göndərilməsi isə Afrikadakı və Cənubi Qafqazdakı kəşfiyyatın uğursuzluğundan qaynaqlanmaqdadır. 

Qeyd edək ki, Fransa Prezidenti hələ 2023-cü ilin avqustunda ölkənin xarici kəşfiyyatının rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Səbəb B.Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olmuşdu.

Bəli, uğursuzluqlar yeni uğursuzluqlar gətirir. Səfirlik əməkdaşlarının Azərbaycandan çıxarılmaları qərarı isə uğursuzluğun tragikomik mənzərəyə daxil olduğunun sübutudur. Deməli, Fransanın siyasət meydanında üzləşdiyi rüsvayçı durum dövlət hakimiyyətinin sütunu sayılan kəşfiyyat xidmətinin iflası ilə özünün aqoniya mərhələsinə qədəm qoymaqdadır. Bakı diplomatik müstəvidə Parisi zərərsizləşdirdiyi kimi, ölkəmizin hüquq-mühafizə orqanlarının timsalında DTX da fransız xəfiyyələrini, əslində isə, komissar Jyuvun ardıcıllarını faş edir. Yəni, ölkəmiz hər cəbhədə qatı ermənipərəst mövqeyi ilə seçilən, BMT-də Azərbaycana qarşı qətnamə oyunbazlığı həyata keçirən Fransaya yerini göstərməkdədir.

Sonda bir daha “Fantomas” və komissar Jyuv obrazının timsalında Fransa kinemotoqrafiyasından söz açaq. Son zamanlar çəkilmiş fransız filmləri əvvəlki populyarlığı ilə seçilməsələr də, sənət nümunəsi baxımından dramatizmi qoruya bilirlər. Görünür, Makron ya bu sahəyə “əl gəzdirməyə” macal tapmayıb, ya da siyasətlə əlaqədar təsəvvürləri kinolardakı kimidir. Hər halda, onun dövlət idarəçiliyinə yanaşmasının da mahiyyəti filmoqrafiyadan o tərəfə keçməyəcək qədər qeyri-real və bəsitdir. Amma bu, sevindiricidir. Çünki Bakıdan qovulan səfirlik əməkdaşları işsiz qalmayacaqlar. Makron onları Fransa kinostudiyalarından birinə götüzdürəcək. Yerləri elə oradır. Amma kinonu cizgi filminə çevirməmək şərtilə. 

Ə.RÜSTƏMOV
XQ

 



Siyasət