Qoç döyüşündə çəpişin nə işi var?

post-img

Yaxud “qırmızı kart” almış topdaşıyanın yenidən meydana girmək həvəsi

Bu oyun uzun çəkdi, amma nəticəsi əvvəlcədən bəlli idi. Ümumən, Cənubi Qafqazda böyük oyunlar gedirdi. İştirakçıların kontingenti kimi, ssenariyə görə səhnəyə çıxarılan oyunçuların niyyəti də rəngarəngliyi ilə seçilirdi. Otuz il idi ki, hərbi teatr meydanında cövlan edən böyük və təcrübəli “sənətkarlarla” yanaşı, hərdən onların dəsmal daşıyanları, suflyorları da auditoriyanın gözünə görünürdü. Artıq oyun bitib, pərdə də endirilib.

Hayların bir Samveli var. Xankəndi­dəki gorbagor olmuş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi”, ara qarışanda dabanına tüpürüb İrəva­na qaçanlardan birincisi olan Samvel Babayanı deyirik. İndi o, Qarabağı Azər­baycanın ayrılmaz tərkib hissəsi kimi rəsmən tanıyan və Bakı ilə sülh sazişi imzalamaq istəyən İrəvan hakimiyyətinə qarşı çıxır. Həmin fərari və “dərinzəka­lı” siyasətçi olan məxluq iddia edir ki, əgər iki ölkə arasında sülh sazişi imza­lansa, müharibə yenidən başlanacaq. Babayan özünün havadan kəşf etdiyi “strateji tezisini” əsaslandırmağa çalışır: “Ermənistan hökuməti sülh müqaviləsinin mətnini elə hazırlayır ki, 20-25 ildən son­ra mənim nəvələrim yenidən müharibəyə getməli olacaq. İrəvanda oturanlar elə bilirlər ki, Bakı ilə sülhə gedirlər, amma, bu, sülh yox, müharibə layihəsidir. Sadə­cə olaraq, bu layihəni nəsildən-nəslə ötü­rürlər. Yüz il əvvəl baş vermiş hadisələrə görə bu gün Türkiyə ilə münasibətlər qurmaq istəyənləri satqın adlandırırlar. Xaricdəki diasporumuz mövcud iqtidarı qəbul etmir”. 

Cənubi Qafqazda hələ də davam edən siyasi oyunların heç vaxt iştirak­çısı olmayan hayların keçmiş başıbəlalı “təhlükəsilik naziri”, hətta Azərbaycanı hədələməkdən belə çəkinmir. Onun id­diasına fikir verin: “Əgər Qarabağ ermə­nilərinə “muxtariyyət” verilməsə, bölgədə heç vaxt sülh olmayacaq və müharibə yenidən alovlanacaq”.

Hansı məzhəbə qulluq etdiyi bəlli olmayan (o, bir il əvvəl gah Paşinyanı dəstəkləyirdi, gah da Xankəndidəki xun­ta rejiminin tərəfini saxlayırdı) Samvel yeni müharibənin alovlanacağı vaxtı da dəqiq göstərir: 20 il sonra! Axı Paşinyan həmin Babayandan bir il bundan əvvəl Qarabağdakı separatçıların arasına ni­faq salmaq, qondarma “dqr” rejimini və “artsax” ideyasını nəzarətə götürmək­dən ötrü maşa kimi istifadə edirdi. Bəs indi necə oldu ki, o, baş nazirə düşmən kəsildi? Çox güman ki, Samvel Babaya­nın Paşinyan hökumətini tənqid atəşinə tutması hazırda İrəvan ətrafında tum çırtlayan separatçılar arasında özünü “Qarabağ ermənilərinin gələcəyini dü­şünən”, “artsax ideyasını ölməyə qoyma­yan” lider kimi göstərmək niyyətindən irəli gəlir. Harada, kimə qarşı və hansı oyunu oynadığını kəsdirə bilməyən psevdopo­litoloq babayanların dövrü arxada qaldı. Artıq oyunun arbitri var və qaydaları da o müəyyənləşdirir. 

Bəli, Bakı böyük güclərin əvəzedicisiz “döyüşdüyü” Qarabağ oyununun mürtə­ce qaydalarını dəyişməyi bacardı. Bu meydanda əsl oyunçunun kim olduğunu tək iştirakçılara deyil, beynəlmiləl “tama­şaçı kütləsinə” də göstərdi. Başqa cür ola da bilməzdi. Çünki biz meydan sahibləri idik. Ermənilərin boyuna isə, taleyin ironi­yası ilə, bu meydanın kənarında dayanıb, topdaşıyan kimi qara işi yerinə yetirmək biçilmişdi. Amma finalda qırmızı vərəqə alıb stadiondan birdəfəlik kənarlaşdırılan da topdaşıyan oldu. Axı, qoç döyüşündə çəpişlərə yer ayrılmır. 

İ.HƏSƏNQALA
XQ

Siyasət