“Alma-Ata Bəyannaməsi”, “Meğri hədiyyəsi” və Ermənistan üçün manipulyasiya

post-img

Nikol Paşinyan reallıqları necə təhrif edir?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışıb. O, yenə üç prinsip üzərində danışıb. Müsbət məqam budur ki, erməni baş nazir daha Qarabağ ermənilərinin bölgəyə qayıtmalarından, onların hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatlardan danışmır. Sözügedən məsələ Ermənistanın sülh gündəliyindən çıxıb. Amma tam çıxıbmı? 

N.Paşinyanın sözlərinə görə, Er­mənistan qarşıdakı danışıqlar zamanı Azərbaycanın Avropa İttifaqının va­sitəçiliyi ilə razılaşdırılmış üç prinsip əsasında sülh müqaviləsi imzalamağa razı olub-olmadığını aydınlaşdırmağa çalışacaq. Göründüyü kimi, baş nazir vurğunu Bakının həmin prinsiplərlə ra­zılaşmama ehtimalı üzərinə qoyur. Bəs, nəyə görə erməni baş nazir ehtiyatla­nır? Hansı səbəbdən onda Azərbayca­nın sülh sazişinə imza atmayacağına dair tərəddüd var? Hesab edirik ki, Ni­kol açıqladığı fikirlərlə suallara, fərqinə varmadan cavab verir. 

N.Paşinyan bildirir ki, haqqında söz açdığı üç prinsip bu il mayın 14-də və iyulun 15-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin, Azərbaycan Prezi­denti İlham Əliyevin və özünün üçtərəfli görüşləri nəticəsində razılaşdırılıb. Bu prinsiplərdən birincisi budur: Ermənistan və Azərbaycan Ermənistanın ərazisinin 29800 kvadratkilometr, Azərbaycanın ərazisinin isə 86600 kvadratkilometr ol­duğunu qəbul edərək, bir-birilərinin ərazi bütövlüklərini tanıyırlar. 

İlk baxışdan, bu deyimdə elə bir şey yoxdur. Ancaq Nikolun ikinci prinsip kimi 1991-ci ilin Alma-Ata Bəyannamə­sindən söz açmasında və sənədi deli­mitasiya prosesinin əsası adlandırma­sında fərqli anlam var.

Anlamı qüvvətləndirən isə Paşin­yanın dilə gətirdiyi fikirlərdir: “Alma-Ata Bəyannaməsi Ermənistanın titul əra­zisi adlanan ərazinin 29800 kvadrat­kilometr olduğunu deməyimizin əsas səbəbidir. Çünki Ermənistan Respubli­kası Ermənistan SSR-in müstəqilliyi ilə yaranıb. Başqa sözlə, Ermənistan SSR ərazisində Ermənistan Respublikası yarandı. Alma-Ata Bəyannaməsinə əsasən, onu imzalayan 12 respublika, o cümlədən, Ermənistan və Azərbay­can bir-birlərinin ərazi bütövlüklərini, sərhədlərinin toxunulmazlığını və su­verenliklərini tanıdıqlarını qeyd etdilər”. 

N.Paşinyan onu da bildirir ki, deli­mitasiya prosesində 1974–1990-cı il­lərdə Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrindən istifa­də edilməlidir. Bu isə sən demə, əra­zi bütövlüyü və suverenlik prinsipinin daha da inkişaf etdirilməsi ilə əlaqədar­dır. Deməli, baş nazirin, necə deyərlər, açar sözləri var – SSRİ-nin yaranması, Ermənistanın SSRİ-yə daxil olması, SSRİ-nin dağılması və 1974–1990-cı illərin xəritələri. Sual olunur: Alma-Ata Bəyannaməsi, bir növ, ehkamlaşdı­rılırsa, nə üçün 1974–1990-cı illərin xəritələri əsas götürülməlidir? Axı, prinsipcə, sənəd hər şeyi öz yerinə qoymalıdır. Deməli, bəyannamənin fövqəladə üstünlüyü yoxdur. 

***

Nəzərə alaq ki, Alma-Ata Bəyan­naməsində Ermənistanın ərazisinin 29800 kvadratkilometr olduğu vur­ğulanmır. Orada heç Azərbaycanın ərazisinin də 86600 kvadratkilometr­dən ibarətliyi əksini tapmır. Sənəddə, ümumən, ərazi bütövlüyü və suveren­liyin qarşılıqlı şəkildə tanınmasından söhbət gedir. Yəni, hansı ərazi tanına­caq, müəyyən deyil. Bu isə o deməkdir ki, Ermənistanın baş nazirinin rəqəm­lərdən danışarkən, Alma-Ata Bəyan­naməsinə söykənməsində məntiq yoxdur. Ancaq Nikolun məntiqsizliyini sübuta yetirən digər cəhətlər də var. 

***

N.Paşinyan bəlkə özü də hiss et­mədən maraqlı məqama toxunur. Onun nəzərincə, ərazilərin müəyyən­ləşməsindəki başlıca prinsip Alma-Ata Bəyannaməsidirsə və sənəd müttəfiq respublikaların SSRİ-yə qoşularkən malik olduqlarının Sovetlər Birliyinin süqutundan sonra da özlərində sax­lanılmasını əsas götürürsə, o zaman 1974–1990-cı illərin xəritələri nə üçün­dür? Alma-Ata Bəyannaməsinə istinad varsa, sadə məntiq SSRİ-yə daxilolma xəritəsinin nəzərə alınmasını diktə edir. Çünki bəyannamə ittifaqdan ayrılmanı təsdiqləyən sənəddir. Yəni, SSRİ-dən ayrılma olduğu kimi, ora qoşulma da başlıca məsələ kimi nəzərə alınma­lıdır. Nəzərə alınmır və Paşinyan elə təəssürat yaradır ki, sanki Ermənista­nın SSRİ-yə daxil olarkən malik olduğu ərazi 29800 kvadratkilometr olub. 

***

Alma-Ata Bəyannaməsində respubli­kaların ərazilərinin sahəsi ilə bağlı konk­retlik yoxdursa və konkretliyi olmayan sənədə istinad varsa, o zaman Azər­baycan SSRİ-yə qoşularkən malik ol­duğu ərazilərin üzərində dayanmalı deyilmi? Dayanmalıdır və dayanacaq­sa, deməli, erməni baş nazirin yaratdı­ğı təəssürat reallıqdan uzaqdır. O an­lamda ki, Ermənistan SSRİ-yə 29800 kvadratkilometrlə qoşulmamışdı. Bu yerdə həm də Azərbaycanın digər əra­zilərini Naxçıvanla birləşdirən yoldan söz açaq. Məhz həmin yol 1923-cü ildə Azərbaycan ərazisi idi və orada Meğ­ri rayonu yerləşirdi. O rayon ki, şəhər mərkəzi ilə birlikdə 1929-cu ildə Azər­baycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi erməni Levon Mir­zoyan tərəfindən Ermənistana bağışla­nıb. Bəli, keçmiş adı “Mığrı” olan Meğri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. 1974-cü ilədək isə oranın qanunsuz şəkildə Ermənistana verilməsi xəritələrdə yer almayıb. Buna görə də Nikol sərhədlərin dəqiqləşmə­sindən söz düşəndə həmin ildən əv­vələ deyil, sonraya üz tutur. Daha doğ­rusu, sonrakı dövrün xəritələrinə. 

***

Paşinyanın üzərində dayandığı üçüncü prinsip isə qarşılıqlılıq və bə­rabərlik, ölkələrin yurisdiksiyasına və suverenliyinə hörmət prinsipinə əsas­lanaraq, regional kommunikasiyaların açılmasıdır. Yəni, erməni baş nazir demək istəyir ki, Azərbaycan tərəfinin Naxçıvan xüsusunda “Azərbaycandan Azərbaycana asan yol” məntiqi keçər­sizdir. 

Beləliklə, N.Paşinyanın Alma-Ata Bəyannaməsinə söykənmiş əsaslandır­masının heç bir əhəmiyyətinin olmadı­ğını vurğuladıq. Üstəlik, onun tarixi təh­rif etdiyini də. Hələ bir sual da var: nə üçün Ermənistan SSRİ-dən əlavə ərazi, Azərbaycan ərazi itkisi ilə çıxmalı idi? Hər halda, L.Mirzoyanın ərazi peşkəşi­nin Sovetlər Birliyinin yaranmasından altı il sonra gerçəkləşdiyi ortadadır. Ha­zırda Azərbaycan dövlətinin Naxçıvana yolda heç bir gömrük-keçid və sərhəd nəzarətinin tətbiq edilməməsi tələbi həm də elə bundan qaynaqlanır. Ona görə Prezident İlham Əliyevin Naxçı­vana asan yolun Azərbaycanın legitim hüququ olduğunu vurğulamasında də­rin məntiq, ən əsası isə ilahi ədalət var. 

***

Dövlətimizin başçısı ölkəmiz tərə­findən Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhdidin, ərazi iddia­sının olmadığını da diqqətə çatdırıb. Paşinyan isə məsələni qabartmaqla, fak­tiki olaraq, Azərbaycanın Naxçıvana asan yol mənqtiqi ilə razılaşmadığını ortaya qo­yur. O zaman onun hansı sənədi əsas götürməsinin heç bir anlamı yoxdur. Çünki Nikol öz imzasına əhəmiyyətsiz yanaşmış qeyri-ciddi biridir. Söhbət Azərbaycan, Rusiya və Ermənistan li­derlərinin 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanatından gedir. Nəzərə alaq ki, bəyanatın doqquzuncu bəndi Naxçı­vana yol xüsusunda İrəvanın məsuliy­yətini müəyyənləşdirir. Belə olan halda suallar yaranır: Nə üçün delimitasiya prosesində 1974–1990-cı illərin xə­ritələri əsas götürülməlidir? Yalnız ona görə ki, ən son xəritələr onlardır? Axı, prinsipcə ən sonda Paşinyanın hazır­da önəm vermədiyi insan olub.

Bəli, Nikolun istər Alma-Ata Bə­yannaməsinə istinadı, istərsə də Azər­baycan–Ermənistan sərhədlərinin delimitasiyasında 1974–1990-cı illərin xəritələrini əsas götürməsi Azərbayca­nın Naxçıvana asan yol istəyinə qarşı çıxmaqdır. İrəvanın hər vasitədən isti­fadə edərək, Bakıya əks mövqe tutmaq əzminin mövcudluğunu nəzərə alsaq, kim təminat verə bilər ki, Alma-Ata Bə­yannaməsi də bunun üçün alətə çevril­məyəcək? Bəs, necə ola bilər ki, sənəd ölkəmizə qarşı istifadə edilsin?

***

Yada salaq ki, Alma-Ata Bəyan­naməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Həmin il dekabrın 10-da Qarabağda azərbaycanlıların boykot etdikləri və yalnız ermənilərin qatıldıq­ları referendum keçirildi. Referendu­mun nəticəsinə görə, bölgənin Azər­baycandan ayrıldığı və “müstəqilliyi” qərarı çıxarıldı. Bundan əvvəl, yəni 1991-ci il noyabrın 26-da isə Azərbay­can Respublikası Ali Sovetinin qanu­nu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdu. Həmin qanun üzrə “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqın­da” Azərbaycan Mərkəzi İcraiyyə Ko­mitəsinin 1923-cü il 7 iyul tarixli Dek­reti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düş­müş sayılmışdı. Belədə təminat varmı ki, Azərbaycan Alma-Ata Bəyannamə­sinə uyğun olaraq, Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirsə, İrəvan Qarabağ avantürasını davam etdirməyəcək? Məsələn, Ermə­nistan rəhbərliyi deyə bilər ki, “referen­dum” Alma-Ata Bəyannaməsindən əv­vəl olmuşdu və bəyannamə Qarabağı ayrıca müstəqil subyekt nəzərdə tutur. Axı, indinin özündə də Ermənistanda Qarabağ müharibəsini Qarabağ–Azər­baycan savaşı adlandıranlar qalmaq­dadır. Elə həmin Paşinyan sentyabrın 19-da keçirilmiş lokal xarakterli anti­terror tədbirlərinədən “Qarabağın seç­kili hakimiyyəti var” kimi sərsəm ifadə işlətmişdi. Özü də Praqada və Brüs­seldə Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bildirdikdən sonra. Təxminən belə bir mənzərə formalaşmışdı: Ermənistan Qarabağı Azərbaycan kimi tanıyır, qa­lan məsələlər Qarabağla Azərbaycan arasındadır. 

***

Deməli, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün ta­nınması ilə məhdudlaşmaq olmaz. Çünki mövcud xüsus elə həm də Alma-Ata Bəyannaməsinə əsasən mübahisələndirilmək təmayülünü qo­rumaqdadır. Belə nəticəyə gəlirik ki, Ermənistan rəsmən Qarabağla bağlı Azərbaycana qarşı heç bir iddiası­nın yoxluğunu bildirməlidir. Mövcud məqam sülh müqaviləsində əksini tap­malıdır. Və deməli, Ermənistanın Al­ma-Ata Bəyannaməsi əsasında növbə­ti manipulyasiyasına yol verilməməlidir. Bu səbəbdəndir ki, rəsmi Bakı, çox doğru olaraq, sərhədlərin delimitasiya­sının real şəkildə aparılmalı olduğunu qabardır. Real əsaslar nədən ibarətdir, onların müəyyən hissəsi barədə artıq söz aşdıq. Əlbəttə, hələlik üzərinə gəl­mədiyimiz məsələlər də var. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət