Ötən ilin dekabrın 15-də Baş prokuror Kamran Əliyev və Tacikistanın Baş prokuroru Yusuf Raxmon arasında imzalanmış “2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində bir qrup prokurorluq əməkdaşı Düşənbə şəhərində olub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, səfərdə Azərbaycanın Baş Prokurorluğunu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Qədir Məmmədov, Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru Rövşən Əhmədov, Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Eldar Məmmədov, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı və Naxçıvan Muxtar Respublikasının prokurorunun köməkçisi Əkbər Həsənlidən ibarət nümayəndə heyəti təmsil edib.
Əməkdaşlıq proqramı çərçivəsində “Terrorizm və ekstremizmlə bağlı cinayət işlərinin araşdırılmasının aktual problemləri” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Azərbaycan və Tacikistanın prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış edərək, faydalı fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində, həmçinin nümayəndə heyəti Tacikistan Baş Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub.