“Seçkilərin önə çəkilməsi Konstitusiyamıza əsasən tam legitimdir və bu, Prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Ölkə Prezidentinin sərəncam və göstərişləri əsasında növbədənkənar seçkilərlə bağlı müəyyən işlərə başlanılıb”.
Bu fikirləri “Xalq qəzeti”nə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov növbədənkənar prezident seçkilərini şərh edərkən dedi.
Politoloq bildirdi ki, İkinci Qarabağ müharibəsi qələbəmizlə yanaşı, bizə xeyli imkanlar yaratdı. Biz bu qələbəyə və imkanlara Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə çatdıq. Artıq yeni reallıqlar yaranıb. Azərbaycan regionda diktə edən tərəfdir, qaydaları onun Prezidenti təyin edir və onunla hesablaşırlar.
X.Bəşirov vurğuladı ki, ölkəmizdə hakimiyyətin formalaşdırılması baxımından Prezident seçkiləri önəmli hesab edilir: “Şübhəsiz ki, Qarabağın memarı İlham Əliyev bu seçkidə də üstünlük əldə edəcək. Çünki onun nüfuzu Azərbaycan xalqı arasında olduqca yüksəkdir. 44 günlük müharibədə olduğu kimi, 7 fevralda da xalqımızın İlham Əliyevin ətrafında sıx birləşəcəyinə şübhə yoxdur”.
Rizvan FİKRƏTOĞLU
XQ