COP29-un Bakıda keçirilməsi qərarı bir daha ölkəmizin qlobal əhəmiyyətini və humanitar niyyətini təsdiq etdi

post-img

Bu gün dünyanın siyasi proseslərində ən önəmli faktorlardan biri ölkələrin hərbi və iqtisadi güc sahibi olmasıdır. Azərbaycan lideri İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz hər iki istiqamət üzrə inkişafın zirvəsindədir. Hərbi gücü hesabına ərazi bütövlüyünü tam təmin edən Azərbaycan qlobal iqtisadi münasibətlərdə də ciddi tərəfdaş ölkəyə çevrilib. Bütün bu amillərə heç şübhəsiz Azərbaycanın yerləşdiyi geopolitik məkan da təsir edir. Qeyd olunan üstünlükləri real siyasi gücə çevirən başlıca səbəb ölkəmizin malik olduğu bu keyfiyyətləri diplomatik və iqtisadi müstəvidə uğura çevirə bilməsidir. Aparılan mükəmməl siyasətin nəticəsi olaraq Azərbaycan dünyada Cənubi Qafqazın mərkəzi və lider dövləti olaraq qəbul olunur.

Bu baxımdan Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Bakıda keçirilməsi xüsusi əhəmiyyət və məna kəsb edir. Çünki bu tədbir sıradan beynəlxalq bir konfrans deyil, bu, dünyanın qorunmasına və gələcəyə hesablanan platforma mərkəzidir. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq  bu günə qədər ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik.  COP29-un da ölkəmizdə daha yüksək səviyyədə keçiriləcəyi şübhəsizdir. Aydın məsələdir ki, Azərbaycanın iqtisadi və geopolitik gücü imkan verir ki, qlobal problemlərin müzakirəsi, həlli yollarının araşdırılması Bakıda baş tutsun. 

Beləliklə, dünyanın nəbzi yenidən Bakıda döyünəcək. Planetin gələcəyini müəyyənləşdirən COP29-un Bakıda keçirilməsi qərarı bir daha ölkəmizin qlobal əhəmiyyətini və humanitar niyyətini təsdiq etdi.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Siyasət