Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşları Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunan beynəlxalq forumda iştirak ediblər

post-img

Cari ilin 12-14 dekabr tarixlərində Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi Qırğız Respublikasının Nazirlər Kabinetinin Sərəncamı əsasında Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi tərəfindən təşkil olunub. Bişkekdə keçirilən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın Qırğız Respublikası üzrə nümayəndəsi Nazgül Omurzakova və Fərid Hüseyn təmsil ediblər.

Bişkekdə, Tarix Muzeyində keçirilən “Biz eyni gəmidəyik” adlı plenar iclasda N.Omurzakova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın təbrik məktubunu oxuyub. Təbrik məktubunda Fondun prezidenti beynəlxalq təşkilatın Qırğız Respublikasının mədəniyyəti, ədəbiyyatı və elmi irsinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi müxtəlif layihələrdən söz açaraq, habelə görkəmli yazıçı Çingiz Aytmatovun irsinin təbliği yönündə təşkilatın gördüyü işlərdən, həmçinin ədibin türk mədəniyyəti və ədəbiyyatı tarixindəki müstəsna xidmətlərindən bəhs olunub.

Həmçinin Fondun təqdimatı ilə tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova da iştirak edib. H.Mürvətova çıxışında Türk Mədəniyyəti və İrsi Fonunun sifarişi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən Çingiz Aytmatovun “Ana tarla” əsərinin tamaşaya qoyulmasından, Azərbaycan tamaşaçıları tərəfindən səhnə əsərinə olan yüksək maraqdan danışıb. H.Mürvətova həmin tamaşada canlandırdığı Tolqanay ana obrazının bir aktrisa kimi onun sənət həyatında əhəmiyyətli rol oynadığından bəhs edib və sonda tamaşanın epiloqunu canlandırıb.

Daha sonra tədbirin II müzakirə panelində Fondun əməkdaşı Fərid Hüseyn “Hər yeni əsrlə bərabər yeni mahiyyət qazanan Çingiz Aytmatov ideyaları” adlı məruzə ilə çıxış edərək, görkəmli ədibin XXI əsrin çağırışları ilə səsləşən ədəbi düşüncələrindən söz açıb, habelə ədibin aktual yaradıcılığının Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə tərcüməsi, çapı, o cümlədən, təşkilatın sifarişi ilə Azərbaycan teatrlarının səhnələşdirdiyi tamaşalarının yeni səhnə həyatı qazanmasının önəmindən söz açıb.



Mədəniyyət