Azərbaycan və Türkiyə XİN başçılarının birgə mətbuat konfransı

post-img

Hazırda Azərbaycan Ermənistan tərəfinin təqdim etdiyi sülh sazişi ilə bağlı öz mövqeyini formalaşdırır və yaxın zamanlarda onlar qarşı tərəfə təqdim olunacaq. Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanın və Türkiyənin regionda sülh və sabitliyin təmin olunması ilə bağlı mövqeləri eynidir: “Düşünürük ki, Ermənistan tərəfi də eyni fikirlə addımlar atacaq. Belə olan təqdirdə müsbət nəticələr əldə etmək olar”. 

İqtisadi sahədə Azərbaycan-Türkiyə əməkdaşlığına toxunan Ceyhun Bayramov deyib ki, ötən illər ərzində Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard, Türkiyə tərəfindən isə Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.

Azərbaycan XİN başçısı qeyd edib ki, 330-dan çox Türkiyə şirkəti tərəfindən ölkəmizdə ümumi dəyəri 17 milyard dollara yaxın olan layihələr icra edilib. 

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan isə bildirib ki, ölkəsi ilə Azərbaycan arasında sarsılmaz bağlar var. “Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq. Bölgədə sülh, rifah və inkişaf olmalıdır. Münaqişəyə gərək qalmadığını düşünürük. Bundan sonra sülh olmasını dəstəkləyirik. İki ölkə arasındakı görüşləri dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə Türkiyə də normallaşmanı təmin edəcək”, - deyə Türkiyə XİN-in başçısı vurğulayıb.

XQ







Siyasət