Ermənistan birgə açıqlamanın pozitiv ruhundan uzaq düşməkdədir

post-img

Müxaliflər Azərbaycanla sülhə qarşıdırlar, iqtidar susur və yalnız susmur...

Ermənistanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasının hər iki ölkənin sülh yolçuluğu baxımından yaratdığı pozitiv ovqata zidd meyillər özünü getdikcə daha qabarıq formada göstərməkdədir. 

Sanki belə bir açıqlama olmayıbmış kimi durum var. Əslində, Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının de­putatı, ölkə parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanya­nın bir neçə gün əvvəl vurğuladıqları da fikrimizin təsdiqi sayıla bilər. Xandanyan məlum birgə açıqlamanı gələcək danı­şıqlar baxımından müsbət qiymətləndir­sə də, onu da bildirmişdir ki, nizamlama prosesi əvvəlki prinsiplər üzrə davam edəcək. O, birbaşa təmas məntiqindən uzaq dayanmış və diqqəti vasitəçilər ami­linə çəkmişdir. 

Bəli, Ermənistan hakimiyyəti sülh da­nışıqlarında yenə kənar vasitəçilər mən­tiqini qabartmaqla məşğuldur. Ancaq, bu, məlum açıqlamanın heçə sayılmasının yalnız bir elementidir. Digər məqamlar da var. Məsələn, Brüsseldə ayrı-ayrı Avropa rəsmiləri ilə görüşlərini davam etdirən Er­mənistanın xarici işlər naziri Ararat Mirzo­yanın dilə gətirdiyi fikirlərə də anti-Azər­baycan mahiyyət hakim kəsilməkdədir. Daha bir diqqətçəkən meyil ölkə daxilin­dəki ayrı-ayrı siyasilərin açıqlamalarında özünü göstərməkdədir. Bu barədə söz açacağıq. Ancaq əvvəlcə Ermənistan parlamentinin spikeri Alen Simonyanın manipulyativ fikirlərinə nəzər salaq. 

A.Simonyan jurnalistlərin suallarını cavablandırarkən, özünün ənənəvi an­ti-Rusiya xəttini Azərbaycanla danışıqlar müstəvisinə, daha doğrusu, vasitəçilər amili üzərinə kökləyib. Onun həm mani­pulyativ, həm də təxribatçı mövqe tutduğu tam aşkardır. Qeyd edək ki, İrəvan Bakı ilə münasibətlərdə Qərb vasitəçiliyini əsas götürür və bu yanaşma həm də Rusiyanı gözdən salmağa hesablanıb... 

Erməni spiker isə deyib ki, Bakının Moskvanı qərəzsiz saydığını düşünmür. İlk baxışdan, belə yəqin etmək mümkün­dür ki, Simonyan erməni siyasi istableş­mentindəki Azərbaycan-Rusiya əlbirliyi ritorikasından uzaqdır. Amma heç də belə deyil. Diqqət yetirək: “Biz heç bir ünsiyyətdən qaçmırıq, amma Azərbay­canın kimi neytral hesab etdiyini deyə bilmərəm. Azərbaycan fərqli platformala­rı, müxtəlif vaxtlarda və müxtəlif yollarla tərk etdi. Düşünmürəm ki, Bakı Rusiyanı qərəzsiz (vasitəçi) sayır. Buna sübutlar­dan biri də Rusiya qoşunlarının hələ də Azərbaycanda olmalarıdır”.

Əslində, A.Simonyan çox incə şəkildə bildirir ki, qoşunları ərazisində olduğu­na görə Azərbaycan Rusiyanı qərəzsiz vasitəçi saymamalıdır. O, öz aləmində, Kremli tərəfsiz hesab etməməyi Bakının boynuna qoyduğunu düşünür. Həqiqətən də, erməni spiker, necə deyərlər, həya­sızlığın dibinə enib. O, rus qoşunlarının Azərbaycan ərazisinə, konkret olaraq, Qarabağa nə üçün gəldiklərini “yaddan çıxarır”. Sanki, Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Azər­baycanın əlindən alan Rusiya deyilmiş! Axı, məsələyə Simonyanın öz “baxışı” var. O, bir müddət əvvəl demişdi ki, Rusi­ya üçtərəfli bəyanatla Qarabağı Azərbay­cana verdi. Bir sözlə, tipik erməni xəstəli­yinin doğurduğu cəfəngiyyat. 

Deməli, nəticə belədir ki, rus qoşun­ları Azərbaycan ərazisindədirlərsə, Mos­kva qərəzli davranacaq, Bakının tərəfini tutacaq! Erməni spikerin dediyi budur. O zaman Gümrüdəki 102-ci hərbi baza necə olsun? Qarabağda məhdud say­da rus əsgəri var, Gümrüdə isə hər cür silahlara malik tam bir hərbi kontingent. Bəs, nə üçün İrəvan Kremli ədalətli va­sitəçi saymır? Niyə Simonyan bu barədə söz açmır? Axı, həmin hərbi baza prinsip etibarilə Ermənistanı Türkiyədən qoruyur. Məsələ belə təqdim edilib. Üstəlik, Güm­rüdəki bazada Rusiyanın bayrağı Ermə­nistanın bayrağından qat-qat yuxarıda dalğalanır. Görəsən, Simonyan fərqinə varırmı ki, ölkəsinin Moskva tərəfindən qorunmasının ödənci erməni bayrağı­nın aşağılanmasıdır? Çətin ki, bu haqda düşünsün. Başı daha vacib işlərə qarı­şıb. Daha “vacib iş” isə anti-Azərbaycan ritorikasını diri tutmaqdır. Görünür, bu məsələdə erməni müxalifəti ilə iqtidarı arasında konsensus var. 

Fikrimizi əsaslandıraq. Ermənistanın keçmiş hakim Respublika partiyası icra orqanının üzvü Eduard Şarmazanov mə­lum birgə açıqlamanın ruhuna zidd şəkil­də bildirib ki, Bakı həbsxanalarında “Art­sax”ın öz müqəddəratını təyin etməsinin tərəfdarı olan və Azərbaycan ssenarisi üzrə inteqrasiyanın əleyhinə mövqe tutan hərbi-siyasi elitanın nümayəndələri var. “Əlbəttə, 32 erməni hərbi əsirinin qayta­rılması ilə bağlı razılaşma yaxşı xəbərdir və biz onların qayıdışını alqışlayırıq. La­kin unutmayaq ki, onlarla, hətta yüzlərlə erməni məhbus hələ də Azərbaycan həb­sxanalarındadır, o cümlədən “Artsax”ın keçmiş rəhbərləri. Yəni, “hamı hamı üçün” prinsipi işləmir. Bundan əlavə, unutmayaq ki, hərbi əsirlər iki azərbay­canlı ilə dəyişdirilib. Onlardan biri ömür­lük həbs cəzasına məhkum edilmiş ci­nayətkardır”, – deyən partiya funksioneri əlavə edib ki, məhbusların qaytarılması ilə bağlı razılaşma nailiyyət deyil, daha çox erməni diplomatiyasının fiaskosudur. 

Şarmazanov onu da bildirib ki, İrəvan, guya, Bakı ilə razılıq şəraitində Ermənis­tanın keçmiş siyasi kursunu dəstəkləyən şəxsləri həbsdə saxlamaq yolunu tutur. Sən demə, erməni iqtidarının yumşaqlığı Azərbaycanın dövlət başçısının gələcək prezident seçkisində uğur qazanması üçün imiş. Hər halda, belə cəfəngiyyat yalnız sabiq xunta rejiminin rəhbər şəx­sinin komandasında təmsil olunan birinin ağlına gələ bilər...

Lakin Ermənistanda başı Şarmaza­nov kimi işləyən revanşistlər az deyil. On­lardan biri də ölkə parlamentinin müxalif “Ermənistan” blokundan olan deputatı Artur Xaçatryandır. Belə görünür, o, öz aləmində tarixin arxivinə gömülmüş qon­darma “Dağlıq Qarabağ Respublikası”nı “bərpa edib”. Diqqət yetirin, məlum birgə açıqlamanın ruhuna zidd növbəti məqam da elə Xaçatryanın dedikləridir. Sabiq xunta rejiminin təmsilçisi olan deputat bildirib ki, hazırkı erməni iqtidarı Azər­baycan hakimiyyətinin bütün tələblərini yerinə yetirir. 

Deputat Xaçatryan onu da deyib ki, heç bir prezident və ya hökumət rəsmisi “Artsax”ı ləğv edə bilməz. Onun sözlərinə görə, sabiq qondarma rejimin “rəhbəri” Samvel Şahramanyanın “DQR”in özünü buraxdığına dair fərmanı məcburiyyət qarşısında atılmış addım idi və onun im­zaladığı sənədin heç bir dəyəri yoxdur. Əlbəttə, Xaçatryanın sərsəmləmələrinin hamısını diqqətə çatdırmaq niyyətindən uzağıq. Yazımızın sonunda barəsində söz açdığımız konsensus məsələsini əsaslandıraq.

Bir qayda olaraq, Ermənistandakı müxalif şovinist-revanşistlər Bakı ilə mü­nasibətlər müstəsində barışmaz yol tu­turlar, iqtidar isə durumu cavabsız qoyur. Cavab vermək bir yana, adətən, sonradan görünür ki, müxalifətin ucuz populizmə söykənmiş şüarları iqtidarın anti-Azərbay­can siyasətinin tərkib hissəsinə çevrilir. Yəni, baş nazir Nikol Paşinyan hakimiy­yəti revanşist-şovinistlərin baxışlarının cə­miyyətdə kök salmaması, insanlara təsir göstərməməsi üçün reallıqları açıqlamır, ictimaiyyətə obyektiv durumu çatdırmır. Hazırda bu tendensiya özünü Azərbaycan Respublikası Prezidenti Administrasiyası­nın və Ermənistan Respublikası baş na­ziri aparatının birgə açıqlaması fonunda da göstərməkdədir. İqtidar təmsilçilərinin sülhlə bağlı susqunluğu və təbliğat apar­maması fonunda isə müxaliflər meydan sulamağa başlayıblar. 

Əvvəldə Xandanyanın və Simonyanın fikirləri, o cümlədən XİN rəhbəri Mirzoya­nın Avropa görüşləri fonunda erməni iq­tidarının məlum birgə açıqlamadan uzaq düşdüyünə dair durumun mövcudluğunu vurğuladıq. Belə görünür, növbəsini göz­ləyən rəsmi İrəvanın başıpozuq müxalifə­tin fikirləri ilə “silahlanıb” Azərbaycanla barışığa aparan ən optimal yolun qarşı­sını tam şəkildə kəsməyidir. Nəzərə alaq ki, bunun üçün Avropa İttifaqı və digər qurumların rəsmilərinin Ermənistan rəh­bərliyində illüziya hissini artıran dəstək bəyanatları da var. Yəni, sülhün olmama­sı üçün hər bir detal nəzərə alınıb. Qalır, erməni iqtidarının, obrazlı desək, başına düşməli olan daşların yerinə oturmağı. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət