Avropa İttifaqı nə etmək istəyir?

post-img

Qurumun Ermənistandakı missiyası və ...Cənubi Qafqazda sülhə təhdid 

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Brüsseldə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə görüşü əsnasında qurumun Ermənistandakı müşahidə missiyasının tərkibinin 138-dən 209-a çatdırılmasına dair qərarı diqqət çəkməyə bilməzdi. Əvvəlcə ölkəmizin baş diplomatiya idarəsinin həmin görüşlə bağlı açıqlamasındakı bir məqama diqqət yetirək. 

Söhbət C.Bayramovun J.Borrellə nəyi bil­dirməsindən gedir. Nazir ali nümayəndəyə de­mişdir: “Bakı-İrəvan normallaşma prosesində Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymət­ləndirilir. Buna baxmayaraq, bəzi Avropa İtti­faqı rəsmilərinin verdikləri bəyanatlar qurumun sözügedən prosesdə qərəzsiz vasitəçi roluna xələl gətirir.” 

Yeri gəlmişkən, vurğulayaq ki, Aİ-də qərəz toxumları səpənlərdən biri, bəlkə elə ən böyü­yü J.Borrellin özüdür. Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Fo­rumunda çıxışı zamanı dilə gətirdiklərinə nəzər salaq: “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borrell, xanım Metsola kimi populist insanlar var. Mən hər zaman açıq da­nışmağı xoşlayıram. Mən onların yürütdüyü si­yasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalət­sizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”. 

Göründüyü kimi, Aİ-də özünü birbaşa hə­dəfə çevirən yalnız J.Borrell deyil. Amma diqqətə çatdırdıqlarımız da dövlətimizin başçı­sının J.Borrell barədəki fikirlərinin hamısı deyil­di: “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır.

Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borrel bu tərzdə davam etsə, bir ay­dan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bi­zim etmədiyimizlə bağlı ittihamdır. Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bə­yanat verdi. Çox təəccüblüdür ki, onun öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müda­fiə edər? Bu, çox təəccüb doğurur”.

Həqiqətən, də Aİ adına biabırçı mənzərə hökm sürməkdədir. Görünür, Azərbaycan XİN etika xatirinə özü­nün açıqlama mətninə C.Bayramovun J.Borrellə üzbəüz bildirdiklərini detallı şəkildə daxil etməyib. Bakı-İrəvan sülh prosesinə maneə törədən “bəzi Avropa İttifaqı rəsmiləri”nin olduğunu vurğula­maqla kifayətlənib. Məntiqlə düşünəndə görürsən ki, cənab Bayramov başlıca olaraq Borrellin özünü nəzərdə tutub. Bunun üçün isə əsaslar var və həmin əsasların sayının çoxalacağını söy­ləmək mümkündür. Məsələ burasında­dır ki, Aİ-nin Ermənistandakı mülki mü­şahidə missiyasında təmsil olunanların sayının artırılacağı barədə xəbəri elə Borrell özü verib, hətta məsələni nailiy­yət kimi də dəyərləndirib. Onun sözlə­rinə görə, bununla bağlı qərar Aİ xarici işlər nazirlərinin görüşündə çıxarılıb: “Bu gün Ermənistandakı missiyamızı gücləndirmək, yerdəki mövcudluğumu­zu 138-dən 209-a çatdırmaq qərarına gəldik. Bu, Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhədin sabitliyini gücləndirmək üçün bir yoldur”.

Bəli, Borrellin şəxsində Aİ, belə demək mümkünsə, avtonom ermə­nipərəst missiyasını davam etdirməkdə israrlıdır. Təşkilatın Azərbaycan–Ermə­nistan şərti sərhədinin Ermənistan his­səsində yerləşdirilmiş mülki missiyasına gəlincə, onun tərkibinin fransız jandarm­larından və alman polislərindən ibarət olduğu bildirilir. Doğrudur, bu şəxslər pensiyadadırlar. O da bildirilir ki, onların əllərində silahları yox, yalnız durbinləri var. Hər halda missiya bu ilin yanvarın­da işə başlayanda müşahidəçilərin si­lahla təmin edilməsi məsələsi də aktual idi. Düşünmək olar ki, zamanla Aİ silaha ehtiyacı qondaracaq. 

Məlumdur ki, Aİ-nin Ermənistanda müşahidə missiyasının yaradılması Fransa Prezidenti Emmanuel Makro­nun təşəbbüsü ilə gerçəkləşdirilmiş məsələdir. Azərbaycan belə bir missiya­nın şərti sərhədin özünə aid hissəsində fəaliyyət göstərməsinə qəti şəkildə razı deyil. Ölkəmizin rəsmiləri heç də Borrell kimi hesab etmirlər ki, müşahidəçilər “sərhəd zonalarında sabitliyə, etimadın möhkəmlənməsinə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verəcək”lər. Çünki məsələ yalnız Ermənistanı mü­dafiə kontekstində ortaya atılıb. İrəvanı isə müdafiə yox, islah etmək lazımdır. Elə indi də... 

Aİ-nin indiki həssas mərhələdə sərhəddəki müşahidəçilərin sayını ar­tırmaq qərarı islah məntiqinə yaddır. Məsələnin üzərində bir qədər ətraflı dayanaq. C.Bayramov Brüsseldəki çıxı­şında bildirib ki, Aİ-nin sərhəd missiya­sı Azərbaycana qarşı təbliğat aləti kimi istifadə olunur. Hesab edirik ki, cənab nazirin söylədikləri son dərəcə vacibdir. Nəzərə alaq ki, Azərbaycan Respub­likası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlaması yayılıb. Bu açıqlama ikitərəfli təmasın nəticəsi ola­raq meydana çıxıb və Bakı-İrəvan sülh sazişinin imzalanacağına ümid yaradır. Bu açıqlama, həmçinin sülh prosesini kənar təsirlərdən sığortalamağa xidmət edir, səmimiyyət mühitinin formalaşma­sı üçün zəmin doğurur. Məhz belə bir durumda Aİ müşahidəçilərinin sayını artırırsa, deməli, vəziyyəti gərginləşdir­mək yolu tutur. Axı, Cənubi Qafqazda maraqlı olan Rusiya Aİ-nin missiyası­na qarşı olduğunu, onu bölgədə əlavə qıcıqlandırıcılar kimi qələmə verdiyini dəfələrlə vurğulayıb. Elə isə sual olu­nur: Üfüqdə sülh közərirsə və Moskva­nın buna qarşı çıxması yoxdursa, yaxud çıxacaq mexanizmi istisnadırsa, missi­yanın tərkibinin genişləndirilməsinə nə ehtiyac var? Görəsən, avropalılar nəyə görə düşünmürlər ki, etdikləri hərəkət bəyənmədikləri Rusiyanı, necə deyər­lər, arqumentlə silahlandırır? 

Hər halda, düşünməmələri müm­künsüzdür. Sadəcə, Aİ kollektiv Qərbin planının, xüsusən də Fransanın bu plan üzrə müəyyənləşdirdiyi strateji xəttin icrasına girişib. Onun üçün Bakı-İrə­van münasibətlərinin normallaşması qətiyyən maraqlı deyil. Əsas olan an­ti-Rusiya cəbhəsini genişləndirməkdir. İndiki durumda Ermənistandakı missiya prinsip etibarilə Moskvaya qarşı oyun oynamaq cəhdindən başqa bir şey de­yil. Cənubi Qafqaz platforması üzərin­dən oyun... Heç şübhəsiz, bu dəst-xətt nə Azərbaycanın, nə də Ermənistanın mənafeyinə uyğundur. Sadəcə, Azər­baycandan fərqli olaraq, Ermənistan məsələnin mahiyyətini anlamaq istəmir. Ola bilər, anlayır, amma oyunun içəri­sində olduğundan, reaksiya verməsi, əks mövqe tutması mümkünsüzdür. 

Bəli, Aİ-nin mülki missiyası Azərbay­can–Ermənistan sülh prosesinə qarşı açıq demarşdır. Hazırkı həssas situasi­yada ona fokuslanma göstərir ki, Qərb prosesi öz egidasında saxlamağa prin­sipiallıq donu geyindirir, prinsipiallığını nümayişə çıxarır. Necə deyərlər, bir növ, müqəddəsləşdirir və bu istək özünü Cə­nubi Qafqazda qlobal maraqlar gerçək­ləşdirmək cəhdinin tərkib hissəsi kimi göstərir. 

Ən böyük istək Rusiyanı bölgədən uzaqlaşdırmaqdır. Məsələnin Ermənis­tan baxımından pis tərəfi isə budur ki, belə mənasız və səmərəsiz missiya məntiqi ölkənin düşdüyü illüziya bataq­lığından çıxmasının qarşısını alır. On­suz da respublikada revanşist-şovinist kəsim var. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Er­mənistan Respublikası baş naziri apa­ratının birgə açıqlamasından sonra isə loru dildə desək, qurbağa gölünə daş atılmışdı və həmin kəsim çaşqınlıq içəri­sində susub qalmışdı. İndi onun təmsil­çiləri daha geniş acılmış ağızla dilə gəl­mək üçün cəsarətlənəcəklər. Beləliklə, sülh prosesi neqativ təsirlə üzləşəcək. Görəsən, Qərbə bu lazımdır? 

Sonra da rəsmi İrəvan, onun daxil­dəki emissarları, eləcə də xaricdəki havadarları özlərinə əl qatıb bar-bar ba­ğıracaqlar ki, Azərbaycan sülh istəmir, danışıqlardan yayınır və s. Bir halda ki, Aİ Bakının razılaşmadığı məntiqlə hərəkət edib bölgədəki kənar oyunçula­rın sayını artırmaq barədə qərar qəbul edir, deməli, normallaşma prosesinə qeyri-səmimi motivlər qatır. Müvafiq ola­raq, ya da Aİ-nin xarici siyasət xidməti­nin rəsmi nümayəndəsi Piter Stanonun Avropa Sülh Fondu vasitəsilə Ermənis­tan ordusuna “qeyri-öldürücü formatda” dəstək vermək imkanlarını öyrənmə­sinə dair açıqlaması düşür. Hələ Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqosun bir neçə gün öncə dedikləri də var. O bildirmişdi ki, təmsil olunduğu qurum Ermənistan si­lahlı qüvvələrinə dəstək vermək üçün konkret təkliflər hazırlamaq niyyətində­dir və bu məqsədlə Brüssel tezliklə İrə­vana texniki missiya göndərəcək. 

V.Maraqos, həmçinin vurğulamışdı ki, haqqında əvvəldə söz açdığımız Jo­sep Borrell artıq qeyd edilən istiqamət­də işləmək öhdəliyini üzərinə götürüb və yaxın həftələrdə təfərrüatları açıqla­mağa söz verib. “Biz bu ilin sonunda və ya əvvəlində texniki missiyanın səfə­rinə hazırlaşırıq. Qeyri-öldürücü dəstək sahəsində konkret təkliflər hazırlamaq niyyətindəyik”, – deyə cənab Maraqos əlavə edib. Görünür, elə buna görədir ki, Azərbaycanın XİN başçısı C.Bayra­mov Brüsseldəki çıxışında vurğulayıb ki, silahlanma və bir tərəfdaşın o birinə qarşı istifadə olunması Şərq Tərəfdaş­lığının məqsədlərinə uyğun deyil.

Yeri gəlmişkən, həmin J.Borrell Av­ropa İttifaqı Xarici İşlər Nazirləri Şurası­nın sessiyasından və Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin iclasından əvvəl jurnalistlərlə söhbətində Ermənistandakı situasiyanın diqqət və dəstək tələb etdi­yini dilə gətirib. O, Şərq Tərəfdaşlığına üzv dövlətlərdəki duruma toxunaraq, “bütün regionun çətin vəziyyətdə olduğu­nu” qeyd edib. Onu da bildirək ki, Ermə­nistanın xarici işlər naziri Ararat Mirzoya­nın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində qurumun geniş­lənmə və qonşuluq məsələləri üzrə ko­missarı Oliver Varhelyi ilə görüşündə də İrəvana dəstək məntiqi ifadəsini tapıb.

Bütün bunlardan belə qənaətə gəl­mək mümkündür ki, hazırda kollektiv Qərbin Ermənistan naminə səfərbər­liyində Aİ üstün mövqeyə yiyələnib. Daha dəqiq desək, ABŞ-ın bir müddət öncəki fəallıq trayektoriyası səmtini Aİ-yə doğru dəyişib. Yəni, ötür-ötür oyunu. Birləşmiş Ştatların konstruktiv mövqe tutduğuna, Azərbaycanla müna­sibətlərdə yumşalmağa getdiyinə dair təsəvvürün formalaşdığı bir vaxtda, Aİ-nin missiya məntiqini işə salması da, həmçinin bir qədər əvvəl qeyd etdiyimiz məqamlar da onu deməyə əsas verir ki, Bakı-İrəvan sülh sazişinin imzalanma­sına qarşı çıxan qüvvələr aktivləşiblər. Onlar müxtəlif hərəkət və davranışlarla durumu gərginləşdirmək yolunu tuturlar. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət