Ümummilli Lider Heydər Əliyevin vəfatından 20 il ötür -VİDEO

post-img

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli Ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi.

İlk öncə səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra Fəxri xiyabana Heydər Əliyevi ziyarət etmək üçün axın olub. Ümummilli Lideri ziyarət edənlər arasında tanınmış şəxslər də olub. 

Ulu Öndəri ziyarətə gələn Milli Məclisin deputatı Aydın Mirzəzadə XQ-ya açıqlamasında Heydər Əliyevin anım günü ilə bağlı fikirlərini deyib:

"Ulu öndər hər birimizin qəlbindədir. O, daim xalqın içində olan böyük şəxsiyyət idi, xalqı sevən, müasirliyə can atan, eyni zamanda, tarixin sınağından keçən, milli dəyərləri qoruyub saxlayan bir insan idi.

Ulu Öndər Azərbaycanı sevməyin, millətə, ölkəyə özünü fəda etməyin nümunəsini göstərdi. Ulu Öndər bizim hər birimiz üçün, bundan sonra da örnək olacaq.

Gənc nəsil Heydər Əliyev işiğı ətrafında Azərbaycanın qüdrətlənməsində, güclənməsində, nə qədər önəmli olduğunu həmişə öz həyatlarında hiss edəcəklər".

Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin sədri Mubariz Qurbanlı da Ulu Öndəri ziyarət edib və fikirlərini bizimlə bölüşüb:

"Bu gün biz Ulu Öndəri anırıq, Allah ona rəhmət eləsin. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün seçdiyi yol, onun irsi bizim üçün əbədidir".

Ziyarətcilər arasında politoloq İlyas Hüseynov da bizimlə Ulu Öndərlə bağlı fikirlərini bölüşüb:

"Hər il dekabrın 12-də Azərbaycan xalqı öz mənəvi borcunu ödəmək üçün Fəxri xiyabana gəlir və biz hörmətlə, ehtiramla Ulu Öndəri anırıq. Azərbaycan tarixi qələbə qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını təmin etmək üçün bütün ideyaları reallaşdı. Və Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetiridi, Ulu Öndərin ruhu şaddır.

Bu gün Azərbaycan qarşısında yeni imkanlar, prioritetlər formalaşır. Bu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Qalib Azərbaycan vətəndaşları öz fəaliyyətlərini təmin edirlər, eyni zamanda, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə hədəflər müəyyənləşdirilir. Əlbətdə ki, bütün bu uğurların altında Ulu Öndər Heydər Əliyevin imzası var.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da Heydər Əliyevin anım günü ilə bağlı danışıb: "Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür, Azərbaycan xalqının çətin günlərində Ümummilli Liderin əməyi sonsuzdur, xalqımızım müstəqilliyi, dövlətçiliyimizin qorunması, onun adı ilə bağlıdır".

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı da ziyarətə gələnlər arasında idi. O, Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən qeyd etdi ki, Azərbaycanla Türkiyənin bugünki əlaqələri Ulu Öndərdən qalan mirasdır.

"Ulu Öndərin ən böyük vəsiyyəti Qarabağın azad olunması idi, bu il isə Qarabağ bütünlüklə azad edildi. Ümummilli Liderin Türkiyə ilə apardığı dostluq-qardaşlıq əlaqələri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və  Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə ən yüksək səviyyəyə çatdırılıb. Azərbaycan və Türkiyə əlaqələri bütün dünyaya örnəkdir. Bu, bizə ümummilli lider Heydər Əliyevdən miras qaldı“ ,-deyə o vurğuladı.

Elm və Təhsil naziri Emin Əmrullayev də  fikirlərini bizimlə bölüşdü: "Allah rəhmət eləsin. Ulu Öndər Azərbaycanın bütün sahələrində və istiqamətlərində bilirsiniz ki, əvəzolunmaz töhfəsi olan görkəmli bir şəxsiyyətdir.

Ölkənin istər təhsili, istərsə də hakimiyyətinin birinci və ikinci dövründə Azərbaycan təhsili üçün etdikləri milyonlarla insanın həyatını yaxşılığa doğru dəyişib. Bu gün Ulu Öndəri böyük minnətdarlıq hissi ilə anırıq, eyni zamanda, inanırıq ki, onun düşüncələri, ideaları həyatdadır, daim yaşayır. Gələcək nəsillər bu ideaların daha da reallaşmasında, ölkəmizin güclü olmasında, əllərindən gələni edəcəklər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  ziyarətdə olarkən söyləyib ki, Heydər Əliyev şəxsiyyəti təkcə Azərbaycan dövlətçiliyi quruculuğu ilə yox, həm də Azərbaycanın sosial siyasətinin müəyyən olunması ilə yaddaşlarda qalıb:
“Ümummilli Lider Azərbaycanda məşğulluq münasibətləri, sosial müdafiə, sosial təminat məsələlərinin konseptual əsaslarını yaradan şəxsdir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış 1995-ci il Konstitusiyasında Azərbaycan dövləti ən yüksək səviyyədə əhalinin rifahını, sosial təminatını, sosial müdafiəsini öz məqsədi kimi bəyan edib. 
Ulu Öndər Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin yaradıcısıdır.
Ulu Öndərimizin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində - 2003-cü ilə qədər Azərbaycanda orta aylıq əməkhaqqı 6 dəfə, pensiya və müavinətlər 8 dəfə artıb. 
Bunun özü 10 illik bir dövr üçün çox yüksək göstəricilərdir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərimizin yaratdığı sosial siyasət konsepsiyası davam etdirilir. Azərbaycan vətəndaşının rifahı, onların sosial müdafiəsi, məşğulluq imkanlarının genişləndirilməsi dövlət siyasətinin ana tərkib hissəsidir".

Ayşən AZADOVA
XQ


Sosial həyat