Heydər Əliyevin böyük dil siyasəti

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2023-cü il sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi əlamətdar hadisələrdən biridir. Bu Sərəncam dövlətimizin başçısının Azərbaycan dilinin və dövlətçiliyimizin inkişafına verdiyi yüksək dəyərin göstəricisidir. Bu il "Heydər Əliyev İli" elan olunması Ulu Öndərin dil siyasətinin öyrənilməsi baxımından da çox vacibdir. Dil məsələsində Heydər Əliyevin mövqeyi aydındır və qətidir: “Öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”. 

Azərbaycan dilini yaxşı bilən, bu dilin zəngin lüğət tərkibinə dərindən bələd olan və qrammmatik imkanlarından istedadla istifadə etməyi bacaran ulu öndər 1969-cu ildə  Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş yubiley toplantısında ana dilində parlaq nitq söyləmişdi. Bu hadisə o zaman respublikanın hər yerində böyük əks-səda yaratmışdı. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonunda Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən isə, xalqın, millətin zənginliyini nümayiş etdirir. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.

Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı çıxışında da dil və nitq mədəniyyəti məsələlərinə geniş yer vermişdi. Heydər Əliyev göstərir ki, hər bir azərbaycanlı birinci növbədə ana dilini bilməlidir. Ulu öndər deyirdi:”Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik”.

Heydər Əliyevin ana dilinə böyük qayğısı, sədaqəti  dərin məhəbbəti onun yalnız əsl vətəndaşlıq, ana dilini sevmək, yüksək qürur hissləri ilə bağlı deyil. Bu, dahi şəxsiyyətin ana dilini dərindən bilmək, onun daxili sirlərinə, gözəlliklərinə dərindən vaqif olmaq və məharətlə istifadə etmək qabiliyyətindən və istedadından irəli gəlir.

Ulu Öndər Heydər Əliyevin milli dil siyasətində dilə, dilin inkişafına hörmət və qayğı sistem halındadır. 1970-ci illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin Respublika Dövlət Mükafatı alması məhz ana dilinə qayğı və hörmətlə bağlı idi. Ümummilli lider bu barədə deyirdi: “Bizim dilçilərin, alimlərin xatirində olmalıdır ki, 1970-ci illərin axırı idi- dövlət mükafatları verilirdi. Biz xüsusən, Azərbaycan dili haqqında kitab yazmış böyük bir kollektivə dövlət mükafatı verdik. Bu kitabı onun müəllifinə görə yox, əsərin özünə və bu kitabın dilimizin təhlilinə həsr olunmasına görə verdik. Burada mənim şəxsi təşəbbüsüm, şəxsi məqsədim o olubdur ki, ictimaiyyət bir daha bilsin ki, biz dilimizin inkişafına nə qədər fikir veririk”.

1970-ci ildə ümumittifaq statuslu  türkoloji jurnalın nəşrə başlaması da Azərbaycan dilinin hörmətini qaldırmaq istəyindən irəli gəlirdi. 

Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafını təmin etməyə səfərbər edirdi. Dahi rəhbərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. 1978-ci il Konstitusiyası, həqiqətən, Ulu Öndər Heydər Əliyevin öz dövləti, vətəni və xalqı qarşısında göstərdiyi böyük xidmət idi.

Dövlət dilinin adı ilə bağlı müzakirələrdə Ulu Öndər bu məsələyə xalqın, ölkənin gələcəyi üçün taleyüklü bir məsələ kimi baxır, onun düzgün həllini ölkənin hər bir vətəndaşı üçün şərəf sayırdı. Xalqın, millətin mənliyini təyin edən ən mühüm amillərdən olan dövlət dili uğrunda mübarizədə hər cür çətinliklərlə qarşılaşmış ulu öndər bu məsələdə səmimi mövqedə durmağı insan həyatına bərabər tuturdu.

1995-ci ilin oktyabrında Azərbaycan Respublikasının yeni Konstitusiyasını hazırlayan komissiyanın iclasında demişdir: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınınb. Bu reallıqdır”.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının əsas qanununa - Konstitutiyasına "Dövlət dili" adlanan ayrıca bir maddə daxil edildi.  

Konstitutusiyanın müzakirəsi və  qəbulu prosesi də göstərdi ki, Heydər Əliyevin dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin üzvü tərkib hissəsidir. 

Dil və millət haqqında Ulu öndər Heydər Əliyevin konkret mövqeyi bəllidir: “Dil, millət fəlsəfi məfhumdur, tarixi anlayışdır. İnsanlar dünyada mövcud olandan hansısa dildə danışıblar. Bir halda ki, insanlar olub, demək, onlar bir-birilə əlaqəsi üçün dil də olubdur”. 

Heydər Əliyev deyirdi: “Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma vətənidir. Azərbaycan dili bizi bir-birimizə birləşdirib. Bizim bir çox etnik köklü millətlərə mənsub olan adamların hamısı Azərbaycan dilini öz ana dili kimi qəbul edib. Azərbaycan dili bizi keçmişdə də, gələcəkdə də birləşdirəcəkdir”.

Ulu öndər Heydər Əliyev ana dilinə qayğısı və diqqəti sonrakı illərdə də davam etmişdir.  "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. 

Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.

 Ümummilli lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır.  Ulu öndər siyasi məzmunlu çıxışlarında ana dilinin inkişafını təmin etməklə yanaşı, cəmiyyətin bütün imkanlarını bu işə səfərbər edirdi. 

Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. 

Ümummilli lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayırdı. Ulu Öndər siyasi məzmunlu çıxışlarında ana dilinin inkişafını təmin etməklə yanaşı, cəmiyyətin bütün imkanlarını bu işə səfərbər edirdi. 

Hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Bu gün cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dilinin geniş işlədilməsi imkanları mövcuddur

 İnanırıq ki, “Heydər Əliyev  İli” dahi şəxsiyyətin  yaradıcılığının   tədqiqinə, daha dərindən öyrənilməsinə və onun dil siyasətinin geniş təbliği işinə töhfə olacaqdır.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Təranə Şükürlü İbadullazadə
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi



Siyasət