Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman böyük ehtiramla yad edilir. Ulu öndər Azərbaycan naminə bütün ömrünü fəda etmiş böyük şəxsiyyətdir. Məhz dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə hər bir azərbaycanlı öz qəlbində Heydər Əliyevə abidə ucaldıb. Bu insan öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, xalqımızın Ümummilli liderinə çevrilmişdir. Dahi şəxsiyyət qətiyyətli siyasəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb.
Ulu öndər xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Heydər Əliyev Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı, müstəqil dövlətçiliyimizin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın suveren və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşər tarixinə yazdırdı.
Həm sovetlər dönəmində, həm də müstəqillik illərində Heydər Əliyev Azərbaycanın yüksəlişi naminə fədakarlıqla çalışmışdır. Onun rəhbərliyi dövründə respublikamız bütün sahələr üzrə inkişaf etmişdir. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, Ulu öndərin adı ilə bağlı olmasın. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq məfkurəsinin bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ümummili liderin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Heydər ƏliyevinAzərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilmişdir.
Böyük öndərimiz iyirmi ildir ki, cismən aramızda olmasa da, ideyaları əbədi yaşayır. İllər keçdikcə, bu dahi şəxsiyyətin Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur. Bütün həyatını Vətəninə sədaqətlə xidmətə həsr etmiş Ulu öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. O, zəkası, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır.
Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərarlar qəbul edəcəkdir. Ümummilli liderin dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaqlar. Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb, respublikamızın hərtərəfli intibahını təmin edib. Müstəqil Azərbaycan bu möhkəm əsaslar üzərində daim zirvələrə doğru irəliləyib.
Ulu öndərin həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik. Onun ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirən Heydər Əliyev inamla bildirirdi ki, biz doğma yurd yerlərimizə mütləq qayıdacağıq. Onun bu inamı insanların qəlbində, sözün əsl mənasında, ümid çırağı yandırırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuz misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Heydər Əliyevin “Biz Şuşaya mütləq qayıdacağıq” arzusu reallığa çevrildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ulu öndərimizin başladığı müqəddəs mübarizəni onun layiqli davamçısı Prezident İlham Əliyev zəfərlə başa çatdırdı. Heydər Əliyevin arzularını, vəsiyyətlərini müzəffər Ali Baş Komandan İlham Əliyev şərəflə yerinə yetirdi. 2023-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndərin vəsiyyətlərinin həyata keçirilməsi istiqamətində növbəti uğurlu addımlar atıldı – Qarabağda suverenliyimiz təmin olundu, Xankəndidə, Xocalıda üçrəngli bayrağımız ucaldıldı. Bunlar “Heydər Əliyev ili”nin ən mühüm hadisələridir.
Azərbaycan xalqı özünün dahi oğlunun növbəti anım gününü belə əlamətdar hadisələr fonunda dərin ehtiramla qeyd edir. Qazanılan bu uğurların əsasında məhz Heydər Əliyev siyasəti dayanır. Bu gün Ulu öndərimizin də ruhu şaddır! Çünki onun qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə daim inkişaf edir, güclənir, yeni-yeni zəfərlər qazanır!
Pərvin KƏRİMZADƏ,
Milli Məclisin deputatı

