Serbiya Azərbaycan qazı alan 7-ci Avropa ölkəsidir

post-img

Ölkəmiz “mavi yanacağ”ın yarısını “qoca qitə”yə ixrac edir

Ötən ilin payızında açıqlanan Avropa İttifaqının (Aİ) ümumi maraq layihələrinin “Beşinci Siyahısı”na daxil edilən 20 qaz layihəsinin 3-ü Azərbaycan qazı ilə bağlıdır. Bu, Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) əlavə, Rumıniya–Macarıstan dəhlizində (ROHU/BRUA) klasterin tutumunun artırılması layihəsi və Bolqarıstan–Serbiya interkonnektorudur. Bu layihələr adları çəkilən ölkələrə Azərbaycan təbii qazına çıxış imkanı verəcək. 

Burada onu da xatırladaq ki, 2021-ciildə Azərbaycanın Aİ bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edir­disə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetrə çatacaq. Eyni zamanda, 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi isə təxminən 24 milyard kubmetr təşkil edəcək. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetrə çatırdı. 

Hazırda Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa ba­zarına qədər genişləndirir. Bu, bütün tərəflər üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qo­runması üçün qaz lazımdır, Azərbayca­nın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Rusiyanın simasında bir təchizatçı­dan tamamilə asılı olan Serbiya gələn ildən Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır. Bu ölkənin Baş nazirinin müavini, dağ-mədən və ener­getika naziri Zorana Mixayloviçin bir qə­dər əvvəl bildirdiyi kimi, qaz tədarükünü Serbiyanı Bolqarıstanla birləşdirəcək Niş–Dimitrovqrad qaz kəməri sayəsin­də artırmaq mümkün olacaq. Aİ Bakıya böyük ümidlərlə baxır. Azərbaycanın isə Avropaya qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatları var. Ölkəmizdə təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da kifayət qə­dər böyük həcmdir.

Prezident İlham Əliyev dekabrın 10-da Serbiyanın Niş şəhərində keçi­rilən Serbiya–Bolqarıstan Qaz İnter­konnektorunun açılış mərasimindəki çıxışında interkonnektorun fəaliyyətinin Serbiya və Bolqarıstanın enerji təh­lükəsizliyinə böyük töhfə verəcəyinə əminliyini bildirərək bu infrastrukturun, eyni zamanda, Azərbaycanın qaz ixracı coğrafiyasını daha da genişləndirəcəyi­ni vurğulayıb. 

Dövlətimizin başçısı hazırda respub­likamızdan “mavi yanacağ”ın 8 ölkəyə ixrac edildiyini, Serbiyanın isə 9-cu ölkə olduğunu diqqətə çatdırıb. Azərbaycan lideri çıxışında həmin sırada 7 Avropa ölkəsinin dayandığına işarə edərək in­terkonnektorun fəaliyyətə başlamasının Avropanın enerji təhlükəsizliyində də önəmli rol oynayacağını bildirib. 

Mərasimdə keçən il Aİ ilə Azərbay­can arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandu­munun imzalanması və həmin sənədin hazırda uğurla icra edildiyi xatırladıla­raq ölkəmizin 2027-ci ilə qədər Avro­paya göndərilən qazın həcmini iki dəfə artırmaq öhdəliyi götürdüyü də diqqətə çatdırılıb. Eyni zamanda, hazırkı möv­cud göstəricilərlə bu hədəfə doğru inamla gedildiyi vurğulanıb. Belə ki, əgər 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetr­dən bir qədər çox olmuşdusa, cari ilin sonunadək bu göstəricinin, təxminən, 12 milyard kubmetrə çatacağı, bunun isə respublikamızın ümumi qaz ixracı­nın 50 faizini təşkil edəcəyi xatırladılıb. 

Prezident İlham Əliyevin mərasimdə bildirdiyi kimi, Azərbaycan tərəfinin irəli sürdüyü və icra etdiyi layihələr Avropa və Avrasiyanın enerji xəritəsini böyük dərəcədə dəyişir. Bu, özünü Bakı–Tbili­si–Ceyhan, Bakı–Supsa neft kəmərləri ilə Azərbaycan neftinin Aralıq dənizi və Qara dəniz bazarlarına çatdırılma­sı, Cənub Qaz Dəhlizi kimi uzunluğu 3 min 500 kilometr olan nəhəng infrast­ruktur layihəsinin Avropanın enerji təh­lükəsizliyinə çox böyük töhfə verməsi kimi məsələlər bu fikrin bariz ifadəsidir. Məhz elə buna görə də Avropa Komis­siyası, onun yüksəkvəzifəli şəxsləri tərəfindən Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir. 

Yeri gəlmişkən, dövlətimizin başçısımərasimdəki çıxışında Azərbaycanın Bolqarıstana qaz təchizatının iki il bun­dan əvvəl başlandığını, 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edil­diyini, keçən il həmin göstəricinin 500 milyon kubmetrdən bir qədər çox oldu­ğunu, cari il isə bu rəqəmin 1 milyard kubmetrə çatacağının gözlənildiyini bil­dirib. Bütün bunlar ölkəmizin dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qa­zandığının, dostluq ənənələrinə daim sadiq olduğunun və bu dostluğu yüksək qiymətləndirdiyinin göstəricisidir. 

Prezident İlham Əliyev bu məqam­la bağlı mərasimdəki çıxışında deyib: “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını tə­min edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri– bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir”.

Azərbaycanın Avropanın enerji tə­chizatında oynadığı rol bundan sonra da daha geniş miqyasda davam etdi­riləcək. Bu, “mavi yanacaq” təchizatının coğrafiyasının genişləndirilməsində və gələcəkdə Avropa məkanında yeni ya­radılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmasında nəzərə çarpacaq. Hazırda Azərbay­canın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bər­paolunan enerji növlərinin yaradılması üzrə ölkəmiz tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. 

Mərasimdə vurğulanan bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Azər­baycan Bolqarıstan və Serbiya ilə yal­nız təbii qaz şəbəkələrini birləşdirmir, Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi rolunu oy­namır, bu, həm də 3 ölkənin artan tex­noloji imkanlarını genişləndirir. Bundan başqa, Serbiya–Bolqarıstan, Bolqarıs­tan–Serbiya–Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzi kimi diqqət çəkir. 

Belə səmimi və faydalı əməkdaş­lıq isə davamlı, dayanıqlı iqtisadi inki­şafı və tərəqqini şərtləndirir. Bu, eyni zamanda, hər 3 ölkənin Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyinin parlaq ifadəsidir. Nəhayət, bu istiqamətdə gerçəkləşdirilən layihələr Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. 

Beləliklə, bu gün adları çəkilən bu ölkələr tərəfindən Avropanın enerji xə­ritəsi dəyişilir. Çünki interkonnektor təkcə sözügedən 3 ölkəyə deyil, bütün region üçün şaxələndirməyə və təh­lükəsizliyə zəmanət verir. Bu layihənin Avropa Komissiyası tərəfindən qarşılıq­lı maraq doğuran layihə kimi dəyərlən­dirilməsi də deyilən fikrin təsdiqidir. 

Mərasimdə səsləndirilən diqqət­çəkən bir məsələni də qeyd etmək istər­dik. Belə ki, layihənin əhəmiyyətindən danışan Avropa İttifaqının (Aİ) Serbi­yadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre enerji təhlükəsizliyinin və enerji dayanıqlılığının gücləndiril­məsində mühüm bir mərhəlni diqqətə çatdıraraq Aİ-nin bu layihəyə 50 milyon avroluq qrant, Avropa İnvestisiya Bankı isə 25 milyon avro məbləğində imtiyazlı kredit ayırdığını bildirib. E.Jofre daha sonra Aİ-nin Bolqarıstan ərazisində interkonnektorun tikintisinə 20 milyon avro yönəldildiyini də qeyd edib. O, bunun Serbiya vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq məqsədilə Aİ-nin enerji sektorunda bu ölkəyə verdiyi ümumi dəstəyin bir hissəsi olduğunu bildirib.

 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat