Erməni siyasilər Bakı–İrəvan arasında niyə şübhə toxumları səpirlər?
Ermənistanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasına, habelə Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirdiklərinə, eləcə də dövlətimizin başçısının “Euronews” telekanalına müsahibəsinə reaksiyalar səngimək bilmir. İrəvanın siyasi icmalçı və politoloq cameəsində təmsil olunanların söylədiklərindən gəlinən qənaət budur ki, üfiqdə görünən sülh gözləntilərini heçə endirmək istəyənlər var. Yazımız bu barədədir.
Beləliklə, Ermənistanda bildirirlər ki, İrəvanla Bakı arasındakı nizamlanma prosesi geosiyasi qüvvələr arasında gedən mübarizənin bir hissəsidir. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır və bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə baş verə bilər. Yəni, ABŞ-ın Bakı və İrəvanı barışdırmaqla, Rusiyanı sıxışdırması mümkündür.
Ermənistanda, eyni zamanda, vurğulayırlar ki, ermənilər və azərbaycanlılar arasında 35 il davam edən qanlı münaqişə Moskvaya Cənubi Qafqaz üzərində hökmranlıq etmək imkanı vermişdi. Ağ ev isə Kremlin geosiyasi ambisiyalarını cilovlamağı hədəfləyir. Təxminən, “Rusiya şeytandır, ABŞ mələk” məntiqi işə salınır. Nəyə görə? Ona görə ki, “Azərbaycan Kremllə əməkdaşlıq edərək, Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılmasına mane olur”. Deməli, erməni ictimai rəyi Moskvanı böyüdüb Bakını tərəf kimi görməmək niyyəti güdür. Heç şübhəsiz, əsas məqsəd Qərbdə qıcıq yaratmaqdır.
Qərbdə Azərbaycana qarşı qıcıq yaratmaq istəkləri fazasında, Rusiyanın Türkiyə və ölkəmizlə birlikdə “3+3” platformasını yaratdığı vurğulanır. Bildirilir ki, bu platforma İranın maraqlarına da uyğundur. Bakı isə “3+3” anti-Qərb formatının təşəbbüskarlarından biridir. Göründüyü kimi, bu xüsusda da Qərbi Bakıya qarşı qaldırmaq cəhdləri aktualdır.
Ermənistanda onu da bildirirlər ki, Rusiya Azərbaycan vasitəsilə real danışıqlar prosesinə xələl gətirir və ABŞ-ın himayəsi altında sazişin imzalanmasına mane olur. Bu deyimdə sülhü pozmaq cəhdi özünü daha qabarıq göstərir. Məlumdur ki, dünya Cənubi Qafqazdan sülh gözləyir. Əslində, Azərbaycan da bütün platformalarda bunu bəyan edir. Ermənistandakı bəzi Qərbpərəst siyasilər isə gətirdikləri cılız arqumentlərlə, faktiki olaraq, sülhə demarş yolu tuturlar. Məsələn, onlar iddia edirlər ki, guya, Azərbaycan Qarabağda etnik təmizləmə aparır, lakin beynəlxalq aktorları sülh istədiyinə inandırır. Onların fikrincə, indiki durumda Bakıya sülh müqaviləsi imzalamaq niyyətli görüntü formalaşdırmaq, ona özünə qarşı yönələn beynəlxalq təzyiqləri yumşaltmaq üçün lazımdır. Gah Azərbaycan sülhdən yayınır, gah da sülh müqaviləsi imzalamaq istəyir – erməni siyasilər özlərini lap dolaşdırıblar. Hər bir halda belə düşünmək mümkündür ki, məqsəd sülh müqaviləsinin qarşısını almaqdır. Qarşısını almaq ki, Azərbaycana təzyiqlər güclənsin.
Azərbaycan Prezidenti Ermənistanda revanşist meyillərin yenidən baş qaldırmayacağına dair qarantiyanın vacibliyindən söz açıb. Baş nazir Nikol Paşinyana yaxın çevrələr isə ölkəmizin başçısının söylədiklərini sülh müqaviləsi üçün təminat faktoru üzərinə gətirərək vurğulayırlar ki, təminatçı rolunda Birləşmiş Ştatlar çıxış etməlidir. Fikrin səslənmə baxımından bəsitliyinə diqqət yetirək: “Əgər Əliyev, həqiqətən, Ermənistanla sülh istəyirsə, Rusiyadan asılı olmayan siyasət yürütməli və ABŞ-ı sülhün qarantı kimi qəbul etməlidir. Əgər Azərbaycan ABŞ formatında müqavilə imzalamasa, deməli, Rusiyanın xeyrinə hərəkət edir”.
Göründüyü kimi, belə deyimlər danışıqların birbaşa aparılması məntiqinə ziddir. Deməli, artıq indidən Azərbaycan Respublikası Prezidenti administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasının ruhuna zidd davranış ortaya qoyulmaqdadır. Bu isə Cənubi Qafqazı qlobal maraqlar platformasında təqdimetmədəki aşkar manipulyasiyanın təzahürüdür. Mövcud təzahür barışıq mühitinin formalaşmasına sözsüz əngəldir. Manipulyasiyanın digər tərəfi Birləşmiş Ştatların Dövlət Departamenti rəhbərinin köməkçisi Ceyms O’Braynın fikirlərinin yada salınmasıdır. Məlum olduğu kimi, cənab O’Brayn bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş Qarabağ dinləmələri zamanı bildirmişdi ki, Azərbaycan Rusiyanın və İranın təsirindən uzaqlaşmaqla, Qərblə əməkdaşlıqla bağlı seçim etməlidir. Erməni siyasilər onun sözlərinə köklənərək, iddia edirlər ki, guya, Bakının seçimi Rusiyadır və buna görə sülh müqaviləsi bağlana bilməz. Sülh müqaviləsi bağlanmırsa, deməli, yaranmış durum Rusiyanın Cənubi Qafqazda saxlanılmasına töhfədir. Sən demə, bu yaxınlarda Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşsə də, bu, o demək deyil ki, Bakı Moskvanın düşərgəsindən uzaqlaşır. Yəni, aşkar qızışdırıcı mövqe tutulur.
Ermənistan hakimiyyətinə yaxın siyasilər onu da vurğulayırlar ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda qalması prosesində iştirakını davam etdirərsə, bunun nəticələri ilə üzləşməlidir. Guya, ABŞ-ın yumşaq üsulları Azərbaycana Ermənistanla nizamlanma prosesini ləngitmək və real həll yollarından qaçmaq imkanı verir. Bakı hansı məqsədlə sülhdən qaçırmış? Bu xüsusda da erməni başbilənlərin sərsəm fikirləri var. Onlar təfəkkürlərinin mücərrəd güşəsini işə salaraq vurğulayırlar ki, Birləşmiş Ştatlarda 2024-cü ildə prezident seçkiləri olacaq. Hazırkı dövlər başçısı Co Bayden məğlub oduqda isə Azərbaycan hərbi təzyiq göstərərək, “Zəngəzur dəhlizi”ni və anklavları ələ keçirəcək. Buna görə də ABŞ Azərbaycanı Ermənistanla tezliklə sülh müqaviləsi imzalamağa və mübahisəli məsələlərin həllinə məcbur etmək üçün sərt tədbirlərə əl atmalıdır.
Sonda qeyd edək ki, bu sayaq konsprioloji mahiyyət daşıyan, sülh yolunda aşkar təxribatçılıq motivli fikir və düşüncələr adi məsələ sayılmamalıdır. Çünki belə sərsəm iddiaları gündəmə gətirənlər heç də ölkənin Rusiya meyilli müxalifət kəsimi deyil. Bunlar, belə demək mümkünsə, qatı paşinyançılardır. Heç şübhəsiz ki, bu sayaq çərənləmələr Ermənistan Nazirlər Kabinetində hazırlanır və politoloq sürüsünə şparqalka kimi ötürülür. İkincilər bu şparqalkaları dövriyyəyə buraxırlar.
Bəli, bir daha sübuta yetirilir ki, Ermənistan hakimiyyəti sülhə səmimi yox, Qərbin qlobal maraqları kontekstində yanaşır. Buna görə də Bakı–İrəvan normallaşma xəttinin sülh sazişi yekununa çatması şübhə doğurmaqdadır. Yəni, qeyri-müəyyəndir.
R.ƏVƏZ
XQ

