Bakı–İrəvan: sülh üçün iki maneə keçilib, üçüncü də aşılacaq

post-img

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində nələri vurğuladı?

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində Azər­baycan–Ermənistan münasibətləri və Cənubi Qafqaz gündəmi ilə bağlı səsləndirdiyi fikirlər, ümumən, ölkəmizin sülh prosesinə sadiqliyinin yenidən bəyan edilməsidir. Nəzərə alaq ki, noyabrın 23-dəki müsahibə dekabrın 9-da yayımlanıb və ötən müddətdə iki region ölkəsi baxımından ən böyük hadisə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş nazirin aparatının birgə açıqlaması yayılıb. Şübhəsiz, bu açıq­lama əvvəlki gərginlik ritorikasını müəyyən qədər yumşaltma xarakterinə malikdir. Bununla belə, Prezident İlham Əliyevin toxunduğu xüsuslar hazırda yumşalma kimi görünən trayek­toriyanın ahəngindən kənar deyil. Həm də ona görə kənar deyil ki, məlum birgə açıqlama yalnız xoş məram ifadəsidir. Yəni, başlıca məsələ məramın xoşluğunun əməldə də təsdiqini tapmasıdır. 

“Euronews” telekanalı müxbirinin Azərbaycan–Ermənistan münasibətlə­rinə dair sualı sülhün 2023-cü ilin sonu­nadək əldə olunmasının mümkünlüyü ilə bağlı Prezident İlham Əliyev yayda bu telekanala müsahibəsində bildirdiklərinin vurğulanması, daha doğrusu, yada salın­ması idi. Müxbir Azərbaycanın sentyab­rın 19-da keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərinin bölgədə yaratdığı yeni durumu xatırladır, Qarabağ ermənilərinin evlərini tərk edib Ermənistana getmələ­rindən danışır və mövcud durumun sülh gündəliyinə təsirlərini qabardaraq, dövlə­timizin başçısının məsələyə münasibətini soruşur. 

Azərbaycan Prezidenti cavabında Bakı və İrəvan arasındakı, belə demək mümkünsə, sülh şərtləri mübadiləsinin mövcudluğunu vurğulayır və ölkəmizin sonuncu dəfə öz şərtlərini sentyabrın 11-də göndərdiyini bildirir. Ermənistanın cavabı isə noyabrın üçüncü ongünlü­yündə olub. Ancaq “mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq”, – deyir dövlətimizin başçısı. Belə nəticəyə gəl­mək mümkündür ki, sentyabrın 19-dakı antiterror tədbirlərini doğuran bir səbəb də Ermənistanın Azərbaycanın sentyab­rın 11-də göndərdiyi sonuncu sülh şərh­lərinə cavabı gecikdirməsi olub. Cənab İlham Əliyevin təbirincə desək, İrəvanın süni olaraq prosesi ləngitmək istəyi du­yulub və buna görə qətiyyətli addımlar atılıb. 

Əlbəttə, məlum birgə açıqlamadan sonra da ilin sonunadək sülh sazişinin imzalanmasına dair ümidlər böyük deyil. Bu mənada da dövlətimizin rəhbərinin müsahibədəki fikirləri özünü doğruldur. Həm də ona görə doğruldur ki, əsas olan tərəflərin sülhə yanaşmalarıdır. Yəni, hər iki ölkənin gündəliyi önəmlidir. İşğaldan və etnik təmizləmədən əziyyət çəkən, deportasiyaya məruz qalan, təxminən 15 min kvadratkilometr ərazisi dağıdılan res­publikamız sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verib. Halbuki, verməyə də bilərdi. 

***

Digər tərəfdən, Prezident İlham Əliyev hazırda Qarabağ məsələsinin bitdiyini vurğulayaraq, Ermənistanın Azərbaycan­la razılığa gəlməkdə daha həvəsli ola­cağından söz açır və hesab edir ki, mü­naqişənin sona çatması İrəvana cəsarətli davranmağa əsas verəcək. Yəni, faktiki olaraq, ölkəmiz Ermənistan qarşısındakı maneələri aradan qaldırıb. Deməli, döv­lətimizin başçısının qeyd etdiyi kimi, sülh üçün alternativ yoxdur. “Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbət­tə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”, – deyən Prezidenti İlham Əliyev, təxminən, eyni fikri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibət­lərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışı zamanı bir qədər də dolğun şəkildə ifadə etmiş və vurğu­lamışdı ki, Azərbaycana Ermənistanda revanşizm meyllərinin baş qaldırmayaca­ğına dair qarantiya lazımdır. 

***

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində ölkəmizin Ermənistanla sülh müstəvisində irəli sürdüyü beş prin­sip üzərində də dayandı. Bunlar ölkələ­rin bir-birinin ərazi bütövlüyünü qarşı­lıqlı surətdə tanımaları, gücdən istifadə etməmə, ərazi iddialarından daşınma, kommunikasiyaların açılması və müna­sibətlərin normallaşmasıdır. Bəs, nəyə görə ötən müddətdə bu beş prinsip üzrə irəliləyiş əldə olunmayıb? Çünki İrəvan konstruktiv mövqe tutmayıb. Qeyri-konstruktivliyin ən böyük göstəricisi isə Er­mənistanın sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəməsi olub. 

Yeri gəlmişkən, bu mənada antiterror tədbirlərindən və ölkəmizin Qarabağa tam sahiblənməsindən sonrakı durumu yada salmağa ehtiyac var. Konkret ola­raq, Qranada gündəliyini. Söhbət Avropa Siyasi Birliyinin oktyabrın 5-də Qranada­da keçirilmiş Zirvə toplantısı zamanı Er­mənistanın baş naziri Nikol Paşinyanın, Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun və Avro­pa İttifaqı Şurasının prezidenti Şarl Mişe­lin birgə imzaladıqları sənədlərdən gedir. Həmin sənədlər, faktiki olaraq, Qarabağ ermənilərini ayrıca təbəqə kimi göstər­miş, onların bölgəyə yenidən qayıtmaları üçün beynəlxalq təminatların vacibliyini vurğulamış, Azərbaycanın konstitusyon əsasda müəyyənləşdirdiyi hüquq və təh­lükəsizlik təminatları heçə sayılmışdı. Deməli, Qərb dünyası sülh sazişinə er­məni avantürizminin perspektivi və gələ­cək ərazi iddiaları üçün baza formalaşdır­mağa cəhd göstərmişdi. Əlbəttə, belə bir durum Azərbaycanı qane edə bilməzdi. Elə ona görə də hazırda Qranada gündə­liyi əhəmiyyətini tamamilə itirib. Bundan sonra Qərb dünyası hansı məsələni sülh sazişinə salmaq istəyirdi? Bu barədə də söz açacağıq. Hələlik isə yenidən müsa­hibəyə qayıdaq. Daha doğrusu, ölkəmi­zin liderinin müsahibədə bildirdiklərinə. 

***

Bəli, cənab İlham Əliyev vurğulayır ki, Qarabağ erməniləri ilə bağlı məsələ ölkəmizin daxili işidir: “Əgər onlar Azər­baycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbay­canlı azlığı məsələsini daxil etmək istər­dik. Özü də Ermənistanda azərbaycan­lıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqe­yimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsi­ni, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbay­cana qayıtması deyil, o cümlədən azər­baycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı ara­sında fərqin əhəmiyyəti yoxdur. Fakt, sa­dəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik”. 

Prezident İlham Əliyev Ermənista­nın Qarabağ erməniləri üçün hüquq və təhlükəsizlik məsələsini qabartmasının məqsədindən də söz açır. Hesab edir ki, bu, separatizm üçün zəmin forma­laşdırmaq cəhdidir. Belə cəhd isə yol­verilməzdir. Vaxtilə “Qarabağ Ermənis­tandır” deyən N.Paşinyan indi “Qarabağ Azərbaycandır” deyirsə, yanaşma tam olmalıdır: “Lakin hazırda “Qarabağ Azər­baycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik”. 

***

Məlumdur ki, beynəlxalq təşkilatlar, o cümlədən, ermənipərəst dairələr Qa­rabağ ermənilərinin bölgəyə qayıtmaları xüsusunda canfəşanlıq edirlər. Əlbəttə, bu canfəşanlıqdakı məqsəd bəllidir və bu barədə yuxarıda da söz açdıq. Ancaq görünür, erməniləri müdafiə “trendi” aktiv olduğundan, “Euronews”un müxbiri də məsələyə toxunur. Onun sualı qarşısın­da Prezident İlham Əliyevin bildirdiklərini, əslində, dövlətimizin rəsmiləri dəfələrlə vurğulayıblar, Qarabağ erməniləri üçün təminatlardan söz açıblar. Amma nəzərə alaq ki, birinci şəxsin dilində mövcud məqama aydınlıq gətirilməsi son dərəcə vacibdir. Dövlətimizin başçısı isə suala kifayət qədər, əhatəli cavab verir. Əvvə­la, Qarabağın erməni əhalisinin bölgəni tərk etmələrinə ehtiyacın duyulmadığını və Azərbaycanın bu istiqamətdə çağı­rışlarının olduğunu vurğulayır. İkincisi isə hazırda rəsmi Bakının onlarla bağ­lı gördüyü işləri sadalayır. Nəzərə alaq ki, Prezidentin dilə gətirdiyi hər bir söz müstəsna təminatdır. Cənab İlham Əliye­vin vurğuladığı məqamlar həm də onun təsdiqidir ki, Qarabağ erməniləri hər hansı digər formada bölgədə yaşaya bil­məzlər. Məsələn: “Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtmaq istəyərsə o, necə qa­yıda bilər? O geri qayıdıb və Qərbi Azər­baycan Respublikasının sakini olduğunu deməyəcək. Xeyr. O, gəlib vətəndaşlıq və ya iş icazəsi üçün müraciət edəcək. Nəyə görə bu proses burada fərqli olma­lıdır? Bu, yalnız belə olacaqdır”. 

***

Sonda haqqında söz açacağımızı bildirdiyimiz məqama diqqət yetirək. Deməli, Ermənistan ötən üç ildə sülh sazişinə Qarabağ erməniləri ilə bağlı müddəa əlavə etmək istəyibsə, separat­çılığın ləğvindən sonra onların bölgəyə yenidən qayıdışı üzərinə fokuslanıbsa, üstəlik, bütün bunlar Qərb dünyasının aktiv lobbiçiliyi müstəvisində həyata ke­çirilibsə, indi də eyni “aktivliyi” görürük. Hazırda Qərb dünyasının Azərbaycan–Ermənistan münasibətləri və sülh gün­dəliyi xüsusunda irəli sürdüyü, Paşinyan və komandasının da üzərində dayandığı konkret məsələ var. Söhbət Naxçıvana yoldan gedir. “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında Naxçıvana asan – heç bir gömrük və sərhəd nəzarə­ti olmayan yolun Azərbaycanın legitim hüququ olduğunu deyən dövlətimizin başçısının daha bir fikrinə diqqət yetirək: “Onlar istəyirlər ki, bizə bu çıxış verilmə­sin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət De­partamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keç­məsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə mü­daxilə edə bilərsiniz? Yəni, onlar deyir­lər ki, biz buna icazə verməyəcəyik, im­kan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”. 

Deməli, faktiki olaraq, Naxçıvana yol Bakı–İrəvan sülh tənzimləməsinin in­diyədək qarşıya çıxan üçüncü maneəsi­dir. Yəni, ölkəmiz iki maneəni aşıb. Heç şübhəsiz, bu əngəl də aradan qalxacaq. Çünki Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti prinsipial mövqeyinə sadiqdir. Ölkəmizin liderinin “Euronews” televiziyasına müsahibəsində də həmin prinsipial, eyni zamanda, ədalətli mövqe bir daha ifadəsini tapdı. Özü də qətiyyətli şəkildə. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət