“Oğuz qrupu türk dillərinin fonemlər sistemi” monoqrafiyası işıq üzü görüb

post-img

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Oğuz qrupu türk dillərinin fonemlər sistemi” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan XQ-yə bildirilib ki, kitabın redaktoru professor İsmayıl Kazımov, rəyçiləri filologiya elmləri doktorları Elbrus Əzizov və Aynel Məşədiyevadır.

Araşdırma fonetika və fonem məsələlərinin müqayisəli tədqiqi ilə seçilir. Əsərdə danışıq səsi və fonem münasibətlərindən, fonem nəzəriyyəsindən bəhs olunur.

Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan monoqrafiyada müasir türk dillərində fonoloji səpkidə mübahisəli olmuş sait və samit fonemlərin sayı məsələsinə aydınlıq gətirilir. Daha sonra sait və samitlərin təsnifat prinsipləri ilə bağlı Azərbaycan dilçiliyindəki fikir ayrılığından bəhs edilir. Kitabda sait və samitlərin təsnifat prinsipləri cədvəl şəklində təqdim edilir. Eyni zamanda, Azərbaycan ədəbi dilindəki sait və samit fonemlərin hər birinin oğuz qrupu türk dilləri ilə müqayisəli xüsusiyyətləri göstərilir.

“Oğuz qrupu türk dillərinin fonemlər sistemi” kitabı filoloq elmi işçilər, müəllimlər, doktorant və magistrantlar üçün nəzərdə tutulub.

Elm