Cismən yoxluğunun iyirminci ilində xalqımız ulu öndər Heydər Əliyevi qədirbilənliklə anır. Bu qədirbilənlik son dərəcə böyük dəyərdir. Xalqımıza milli indektiklik, özünəməxsusluq qazandıran dəyər. “Heydər Əliyev ili” isə hər çaları ilə özünəməxsusluğumuzu təsdiqləyir.
Qətiyyətlə demək olar ki, milli identikliyimiz ötən 100 ilin hər günündə inkişaf tapdı, sanki yoxdan vara qovuşdu. Əlbəttə, bu yol heç də asan olmadı. Azərbaycan çətinliklər, məhrumiyyətlər gördü. Vətənimiz hansı çətinliklərlə üzləşdisə, Ulu öndər də onun önündə oldu, həmin müşküllərin hər birini yaşadı, ağrı-acısını çəkdi. Çiyinlərini ağır bir yükün altına verdi, amma geri çəkilmədi, usanmadı, müqəddəs amalından bir an belə dönmədi. Əksinə, irəli doğru atdığı addımları daha da qətiləşdirdi.
Heydər Əliyev şəxsiyyəti yaşa dolduqca Azərbaycan kamilləşdi, özünə ağır-batmanlıq libası geyindi. Hazırda xalqımız sanki bütövləşmiş və fərdiləşmiş Heydər Əliyevdir. Onun kimi qüdrətli, onun qədər prinsipial və əzəmətli. Bu əzəmət və qüdrət Uca Tanrının xalqımıza ərməğanı, ötən 100 ilimizi zənginləşdirən lütfüdür. Heydər Əliyevin qurduğu Azərbaycan, sözün əsl mənasında, vətənləşmiş Azərbaycandır.
2003-cü ilin 12 dekabr tarixini xatırlayıram. O izdiham hələ də gözümün önündədir. Kədərin, qəmin, qüssənin ümmanı yaşanırdı. Fəqət qəm və kədər insanlarımızı birləşdirmişdi. Birləşmədə Heydər Əliyevin Azərbaycana qazandırdığı əbədilik dil açıb danışır, özünü dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dərin ehtiramında göstərirdi. Deməli, Ulu öndər həyatla vidalaşanda da böyüklük göstərirdi. Bunu Azərbaycana yeni həyat verməklə edirdi. İndi o tarixi yada salmaq, o qədirbilənliyi göz önündə canlandırmaq misilsiz qürur və fəxarət hissi doğurur. Ona görə də 12 dekabr həm də qürur və fəxarət tariximizdir.
12 dekabrda Heydər Əliyev adlı qədirbilənlik salnaməmiz milli mənlik şüurumuzun mühüm bazasına çevrildi, bir növ, rəmzləşdi. Bu rəmzləşmənin müqəddəslik formulu isə Azərbaycançılıq fəlsəfəsinə söykəndi. Heydər Əliyevin milli məfkurəyə, milli ideyaya çevirdiyi fəlsəfəyə. 12 dekabrda bu fəlsəfə özünün böyük təntənə anına şahidlik etdi. Bu gün həmin təntənənin iyirminci ildönümünü yaşayırıq. İyirmi iki yüz, min iki yüz, on min iki yüz üçün təminatdır. İyirmi əbədiyyatın sonsuzluq müjdəsidir.
2003-cü ildən Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi yeni yola çıxdı. XX əsrin sonlarına doğru özünə qayıtmış milli şüur və düşüncə həmin dövrdə üzləşdiyimiz uğursuzluğu həzm edə, ədalətsizlik və haqsızlıqla barışa bilməzdi. Söhbət Qarabağ uğursuzluğu və haqsızlığından gedir. Qarabağ Heydər Əliyevin böyük siyasət meydanındakı məğlubedilməzlik formulunun təsdiqi kimi çıxış etməli idi və etdi də. Bu məğlubedilməzlikdə başlıca rolu varislik amili oynadı. Varisliyin 20 ili həm də əbədiyyatın iyirminci ilinin Qarabağ hesabatıdır. Qarabağın azadlıq hesabatı. Bu təntənədə ilahi qanunauyğunluq var. Heydər Əliyev şəxsiyyəti məğlubedilməzdirsə, onun miras qoyduğu Azərbaycan qalib olmalı idi və oldu da.
İyirmi il əvvəl varislik Heydər Əliyev liderliyinin Azərbaycançılıq fəlsəfəsindəki hərəkətverici qüvvəyə çevrildi. Bu qüvvə böyük öndərin siyasət meydanındakı məğlubedilməzliyini təmin etməklə, ölkəmizi suverenliyinə, ərazi bütövlüyünə qovuşdurdu və bu gün bütöv, müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Heydər Əliyev şəxsiyyətindəki varisliyin Prezident İlham Əliyevin şəxsində Zəfər çaldığı Azərbaycanda. Deməli, Azərbaycançılıq fəlsəfəsindəki milli şüur və düşüncə savaşı uğursuzluğu diriliş ruhuna çevirməyi bacardı. Elə buna görə də Heydər Əliyev ruhu Azərbaycanın diriliş ruhudur, müzəffər ruhdur.
Heydər Əliyevin Azərbaycançılıq, dövlətçilik məfkurəsindəki ruh gələcəyimizin təminatıdır. Bəli, müzəffərlik gələcəyimiz üçün böyük üfüqlər açıb. Ulu öndər deyirdi ki, gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq. Bu günün Azərbaycanı dünyaya doğmuş yeni Günəşdir. Şəfəqləri qütb sabahlarını işıqlandıran, zülmətlərə nur salan Günəş.
O Günəş keçmişi tarixə çevirmək əzmini yaşadır. Onun parlaqlığı artdıqca Heydər Əliyevli keçmişimizin hər səhifəsi incələnərək ayrıca tarixə çevrilmək üçün özünə vətəndaşlıq hüququ növbəsini gözləyir. Əminik ki, üzə çıxmaq, bəyan olunmaq üçün növbəsini gözləyən tarix bizi Heydər Əliyev şəxsiyyətindəki əzəmətin daha möcüzəvi aləminə aparacaq. Axı, Heydər Əliyevli keçmiş zəngin və rəngarəngdir. Heydər Əliyevli keçmiş o qədər böyükdür ki, onu səhifə-səhifə deyil, sətirbəsətir, sözbəsöz oxumaq, öyrənmək, yaddaş və düşüncələrə hopdurmaq gərəkdir. Ona görə gərəkdir ki, bu keçmiş gələcəyin şanlı Azərbaycan dastanı üçün çıxış nöqtəsidir. Ən böyük təminatımız da elə budur. Təminat yaşamdır, xalqımızın hürr və firavan yaşamı.
Bəli, Heydər Əliyevli Azərbaycan daim yaşayacaq, yeni-yeni zirvələr fəth edəcək. Uca Tanrıdan bu böyük şəxsiyyətə rəhmət diləyir, müqəddəs ruhu qarşısında baş əyirik!
Əflatun AMAŞOV,
Baş redaktor


