Fransa Ermənistan ərazisinə Azərbaycan üçün hərbi qənimətlər göndərir – EKSPERT RƏYİ

post-img

Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar.

Dövlətimizin başçısı qeyd edib: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

Ekspertlər də Fransanın son günlər  Ermənistana “Bastion” tipli 24 zirehli texnika göndərməsini, eləcə də iki ölkə arasında üç GM2-200 radarına dair sifariş imzalaması və “Mistral” zenit-raket komplekslərinin tədarükü üçün danışıqlar aparmasını səhv addım hesab edirlər. 

Məsələni “Xalq qəzeti”nə şərh edən beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov bildirdi ki, Fransa hərbi müttəfiqlik libası altında Ermənistanı qurban seçib. Azərbaycanın qələbəsini həzm edə bilməyən düşmən məğlubiyyətini öz üzərindən atmaqla yanaşı, tez-tələsik qərarlar qəbul edir. Bu qərarlar təkcə Ermənistanı deyil, ümumilikdə regionu təhlükəyə atmış olur. 

Analitik qeyd etdi ki, silah, texnika ya təhlükəsizliyi təmin etmək, ya da başqa dövlətə təcavüz etmək üçün alınır. Reallıq budur ki, Ermənistanın hansısa ölkəyə hücum etmək potensialı yoxdur. Əgər ikinci variant planda varsa, bu, Ermənistan tərəfindən birbaşa həyata keçirilə bilməz. Bunun üçün qonşumuzun ordusu, hərbi kadrları olduqca azdır.

“Maraqlısı odur ki, silah alış-verişi sülhün bağlanması prosesində baş verir. Bugün Ermənistan üçün sülh barəsində düşünmək daha vacib məsələ olmalıdır. Əgər silah alışı əsas məsələyə çevrilibsə, burada Ermənistan deyil, Fransa və onun kimi havadar ölkələr regionda təxribatların artırılması niyyətindədirlər. Amma Fransa başa düşmür ki, Ermənistan ərazisinə Azərbaycan üçün hərbi qənimətlər göndərir”, - deyə Masil Dəmirov vurğuladı.

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət