Ermənistan suverenliyini itirib - RƏY

post-img

“Qarabağ bizdə olanda ordumuz, diplomatiyamız var idi, bizi nəzərə alırdılar. İndi belə deyil, bizim ərazimizdən keçən dəhlizin hansı statusa malik olacağı, onun ekstraterritorial olub-olmaması və digər mühüm məsələlərə başqa ölkələr qərar verir. Ölkəmiz öz təsirini və suverenliyini itirib”.

“Caliber” xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində Stanford Universitetinin professoru, siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

“Qüvvələr deyirlər ki, Ermənistan bloklara qoşulmayan ölkəyə çevrilməlidir, heç bir ittifaqın tərkibində olmamalıdır. Ancaq bunun rasional düşüncə ilə heç bir əlaqəsi yoxdur. Bəli, Avropada belə ölkələrin nümunələri var, amma gəlin görək tendensiya hara gedib? Neytral İsveç və Finlandiya Rusiya-Ukrayna müharibəsindən sonra NATO-ya daxil olmaq qərarına gəliblər, onlar artıq neytral deyillər, eyni danışıqlar bu gün Avstriyada da gedir. Bu üç ölkə bitərəf idi. Amma üç ölkədən ikisi artıq NATO-nun üzvüdür və Avstriyada artıq 50 siyasətçi hökumətdən ölkənin NATO-ya gedən yolunu dəyişməyi xahiş edib.

Ukrayna da belə bir müttəfiqlik istəyib, amma Qərb bunu rədd edib. Əvvəlcə zəmanətli yardım göstərəcəklərinə söz verdilər, indi isə bundan da imtina edirlər. Həm də Ukrayna ilə heç bir hərbi ittifaq imzalamadılar. Beləcə, Ukrayna xalqını qəsdən dəhşətli faciəyə təhrik etdilər. İndi Qərb sevinir və deyir ki, Rusiya nə qədər zəifləyir, amma əsgərlərimiz ölmür. Əgər həyatda heç bir marağı olmayan dostların varsa, gec-tez sənə kömək etməkdən yorulacaqlar, geri çəkiləcəklər və düşmən qarşısında tək qalacaqsan”, - erməni politoloq bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət