Dünyanı mat qoyan zəfər

post-img

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 

 

Azərbaycan bu günlərdə tarixinin ən şərəfli, ən qürurverici günlərindən birini – Zəfər Gününü yaşayır. İgid Azərbaycan oğullarının canı-qanı bahasına əldə edilən bu Qələbə tariximizin, özü də təkcə bizim tarixin yox, XXI əsr tarixinin səhifələrinə qızıl hərflərlə yazıldı.

Sonuncu cümləmizdə heç bir mübaliğə yoxdur. Əvvəla, ona görə ki, 44 günlük Vətən müharibəsi müasir dünya tarixinə separatçılıq, etnik təmizləmə, dinc əhaliyə qarşı soyqırımı, işğalçılıq, tarixi və milli mədəniyyət abidələrinin barbarcasına dağıdılması və s. bu kimi antiinsani əməllərə və bəşəriyyət əleyhinə cinayətlərə qarşı ən uğurlu əməliyyatlardan biri kimi düşdü. İkincisi, şanlı Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə bütün dünyada hərbi dərsliklərdə yeni paraqraf açdı. Azərbaycan əsgərinin igidliyi, əzmi, iradəsi, cəsurluğu və qəhrəmanlığı, Azərbaycan zabitinin qeyri-adi döyüş bacarığı artıq üç ildir ki, dünyanın aparıcı hərbi institutları və elmi araşdırma mərkəzləri tərəfindən təhlil edilib öyrənilir. Ölkəmizin qələbəsi müasir döyüş əməliyyatlarına baxışları kökündən dəyişdirdi. Təkcə Şuşa əməliyyatında göstərdiyimiz hünər dünya mətbuatında fantastik bir hadisə kimi qiymətləndirilməmişdimi? İndi hər yerdə Azərbaycan Ordusunun təcrübəsi, qələbəmizin sirri, “resepti” öyrənilir. Necə də qürurvericidir!

Bu “resept” isə çox sadədir. Burada bir neçə vacib məqam var. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və sarsılmaz iradəsi, Azərbaycan döyüşçüsünün misilsiz qəhrəmanlığı və mətinliyi, xalqın öz dövlətinin və Prezidentinin ətrafında yumruq kimi birləşib bir olması, zərgər dəqiqliyi ilə ölçülüb-biçilən və uğurla yürüdülən dövlət siyasəti... Bütün bu amillər 44 gündə də, ondan sonra da bir arada idi. Bu konsolidasiya və birlik isə Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın uzaqgörənliklə, dahiyanə şəkildə həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi idi.

Bu siyasət təkcə Şuşa zəfəri ilə, digər torpaqlarımızın işğaldan azad olunması ilə bitmədi. Bu gün Azərbaycanın müqəddəs üçrəngli bayrağı bir zamanlar düşmən tapdağı altında, lakin indi öz sahibində olan bütün torpaqlarımızda dalğalanır. Sentyabrın 19-20-də böyük uğurla həyata keçirilən antiterror əməliyyatı azı bir əsrdir davam edən, ölkəmizin taleyində, tarixində qanlı izlər buraxan Qarabağ məsələsinə birdəfəlik nöqtə qoydu. Nəticədə illərdir ən böyük yaramız olan Xocalımıza qovuşduq. Ermənistan rüsvayçı məğlubiyyətini bütün dünya ictimaiyyəti qarşısında bir daha etiraf etməyə məcbur edildi. Bayrağımız indi Əsgəranda, Xocavənddə, Xankəndidə..., hər kəndimizdə, hər obamızda dalğalanır! Yuxu deyil, reallıqdır! Bu reallığı yaradan əbədi minnətdar olmalı olduğumuz Müzəffər Ali Baş Komandanımızdır, onun dahiyanə strategiyasıdır, əbədiyyən borclu olduğumuz müqəddəs şəhidlərimizdir, Azərbaycan əsgəridir, onun misilsiz qəhrəmanlığıdır, xalqımızın birliyi və iradəsidir! 

Azərbaycan xalqının əzmi, dövlətimizin iqtisadi gücü, müasir standartlara cavab verən Ordumuz, qəhrəman əsgərlərimiz və bütün bunların başında dayanan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ­İlham Əliyevin rəhbərliyi altında biz bu il Zəfər gününü daha böyük coşqu ilə, daha böyük qürurla qeyd edirik. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın qürur mənbəyinə çevrildi. Bütün dünyaya gücümüzü göstərdiyimiz haqlı savaşımızdan üzüağ çıxdıq. “Qarabağ Azərbaycandır!” reallığını göstərdik. 

Bu, qədirbilən Azərbaycan xalqının öz əbədiyaşar lideri, mənəvi atası, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə, “Heydər Əliyev İli”nə ən böyük hədiyyəsidir! Bu dahi azərbaycanlının ruhu indi şaddır.

“Gün o gün olsun...” Bu sözlərlə başlayan cümləni o qədər çox eşitmişdik ki... Bəli, həmin o gün məhz bu gündür. İndi ərazi bütövlüyümüz tam təmin olunub. Azərbaycan xalqı ərazi bütövlüyünü, bununla da ləyaqətini bərpa edib! İndi bizimlə hesablaşırlar, bizə hörmət və qibtə edirlər.

Böyük qələbəmiz uğrunda canından keçmiş bütün şəhidlərimizi bir daha rəhmət və ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Daha böyük qələbələrə layiq Azərbaycan, müqəddəs Zəfər günün mübarək!

 

Tərlan NÜSRƏTOV, 
Cəbrayıl Rayon Məhkəməsinin sədri

 



Siyasət