Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti
Beynəlxalq İnkişaf Agentliyi (USAID) demokratik inkişaf yolu tutmuş dövlətlərə ABŞ-ın yardımını çatdırmalı olan mexanizm kimi yaradılıb. Nizamnaməsində qeyd edilir ki, o, xarici ölkələri mülki-humanitar yardımlarla təmin edir. Bundan əlavə, bu qurum demokratik inkişafı stimullaşdıran proqramlar icra edir.
ABŞ Konqresinin “Xarici yardım aktı” proqramı çərçivəsində təsdiq etdiyi layihələri USAİD gerçəkləşdirir. Amma təcrübə göstərir ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə humanitar kampaniyalarla, demokratik inkişafı ehtiva edən proqramlarla deyil, yaratdığı xaos və dağıntılarla yadda qalır. Agentlik işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, hakimiyyət çevrilişlərinə dəstək göstərməsi ilə məşhurdur. Yəni bu qurum ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarının icraçısı rolunda çıxış edir. Bununla da ABŞ-ın hədəfində olan ölkələrə fəlakətlər gətirir.
Oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAİD-i ifşa edən rəsmi açıqlama yaydı. Onu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasında ittiham etdi. Amma bu, USAİD-in adının hallandığı ilk qalmaqal deyil. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 ildə gerçəkləşdirilən inqilabi proseslərdə, xaosun, qarşıdurmaların artmasında USAİD-in iştirakı mütləqdir. ABŞ siyasətçiləri özləri də qeyd edirlər ki, USAİD və onun partnyoru qismində çıxış edən Milli Demokratiya Fondu (NED) Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) təxribat ruporudur. Agentlik yardım adı ilə müxtəlif ölkələrdə müxalif qrupları dəstəkləyərək cəmiyyətdə qarşıdurmanı gücləndirir.
Aydınlıq yaransın deyə, qeyd edək, USAİD-in “müxalif qrupları dəstəkləməsi” deyəndə, təkcə müxalifətdə olan siyasi təşkilatlar nəzərdə tutulmur. Milli düşüncəyə zidd olan, cəmiyyətin harmoniyasını pozan bütün marginal qrupların himayə edilməsində USAİD öz rolunu oynayır. Məsələn, agentlik Azərbaycanda “radikal feminizm”in təşkilatlandırılıb aktivləşdirilməsində birbaşa iştirak edir. “Radikal feministlər” isə ailə institutuna qarşı çıxır, qeyri-ənənəvi münasibətləri təbliğ edir, milli maraq anlayışını isə mənasız zehniyyət adlandırırlar. Radikal feministlərin 8 mart 2020-ci ildə Bakıda keçirdikləri aksiya zamanı hansı rüsvayçılıqlara yol verdiklərini hər kəs xatırlayır.
Amma “radikal feminizm”in yaratdığı problemlər bununla da bitmir. USAİD və digər Qərb institutları “Radikal feministlər”in ətrafında özlərinə bənzəyən qondarma “KİV” və “QHT-lər” şəbəkələri formalaşdırır. Onlar çevrə ilə siyasi proseslərə müdaxilələr edirlər. Məsələn, “radikal feministlər”in liderlərindən olan Nərmin Şahmarzadənin 2019-cu ildə qəfildən gündəmə çıxıb Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi göstərdi ki, onlar bir deyil, bir neçə, müxtəlif təyinatlı mərkəzlərdən, qeyri-leqal qurumlardan da dəstək və sifariş alırlar.
Bu yöndə ən heyrətləndirici oyunlardan biri də 2020-ci ilin oktyabrında – Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi ərəfəsində üzə çıxdı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan beynəlxalq ictimai rəyi çaşdırmaq üçün hələ 2018-ci ildən etibarən “Qadınlar sülh naminə” kampaniyasını elan etmiş, guya, Azərbaycanla sülh yaratmaq arzusunda olduğunu bildirmişdi. Həmin kampaniya 2019-cu ildə ABŞ Konqresinə də təqdim edildi. 2020-ci ildə Vətən müharibəsi başlayanda Akopyan bu kampaniyasını daha da genişlndirərək “anaların sülh uğrunda imzası” şousunu gerçəkləşdirdi.
Məsələ ondadır ki, Anna Akopyanın bu avanturist fəaliyyətini dəstəkləyənlər sırasında “azərbaycanlılar”ın da adı var idi. Həmin kampaniyanı imzalayanlar sırasında 74 nəfər “azərbaycanlı”nın imzası aşkar oldu ki, onların da əksəriyyəti “radikal feminizm”in təmsilçiləri idilər.Aşkar məsələdir ki, USAİD “radikal feminizmi” dəstəkləyib təşkilatlandırmaqla, ictimai-siyasi proseslərə müdaxilə etmək üçün mexanizm hazırlayır. 2022-ci ildə Azərbaycanda “Media haqqında qanun” qəbul edilərkən Milli Məclis qarşısında piket keçirildi. Sonradan bəli oldu ki, həmin piket “jurnalistlərin etiraz aksiyası kimi” təqdim edilsə də, orada yalnız 2 nəfər jurnalist iştirak edib. Qalanları “feminist fəallar” imiş. Siyasi şərhçilər deyirlər ki, USAİD nəinki marginal qruplarla, hətta zərurət duyduqda terror qrupları ilə də iş birliyinə girir. ABŞ siyasətini təmsil edərək, ortaya iddia qoyur.
USAİD özünün bütün bu əməllərini “demokratiyaya dəstək” adı altında gerçəkləşdirir. Başabəla agentlik ABŞ-ın siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti institutlarını “qrantlar vermək” adı ilə ələ alır. Reallıqda isə onları maddi vəsaitlə şirnikləşdirir, əvəzində, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlıq göstərməyə sövq edir. Bu kontekstdə USAİD-in imkanları hədsiz dərəcədə genişdir. O, təqribən, 27 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatıdır.
Təkcə 2023–2025-ci illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” adı altında USAİD 9 milyard dollardan çox vəsait sərf edib. Beləliklə, çirkli fəaliyyətini “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə” adı altında pərdələyir. Reallıqda isə siyasi proseslərə müdaxilə edir, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışır. Gürcüstan DTX-nin açıqladığı son məlumat, bu baxımdan indiyədək bəlli faktlardan biri idi.
Faktlar sübut edir ki, ABŞ II Dünya müharibəsindən sonrakı 70 il ərzində Avropa məkanında, ümumilikdə, dünya miqyasında öz hegemonluğunu təmin etmək üçün bu mexanizmdən də faydalanıb. “Humanitar yardım göstərmək”, “demokratik inkişafı dəstəkləmək” adı ilə çoxsaylı “donor institutlar” və “QHT şəbəkələri” formalaşdırıb. ABŞ-ın hansısa regionda maraqları təhlükəyə düşəndə həmin “donor institutlar” və peyk “QHT şəbəkələri” aktivləşdirilib. Ərazisində fəaliyyət göstərdikləri milli hökumətlərə təzyiq göstərərək, onları güzəştlərə sövq ediblər. Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb.
USAID, NED, “Marşall”, İREX və digər “beynəlxalq donorlar” məhz bu proqramın icraçıları olaraq meydana çıxarılıb. Onların çevrələrində QHT-lərdən, media orqanlarından ibarət şəbəkələr formalaşdırılıb. Ayrı-ayrı ölkələrdə yüzlərlə “milli QHT”lər var ki, öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edir, okeanın o tayından gələn tapşırıqları qeyd-şərtsiz yerinə yetirir.
Azərbaycan bu situasiya ilə total şəkildə ilk dəfə 2012-ci ildə – “Avroviziya” Mahnı Müsabiqəsi dövründə üzləşib. Daha sonra, ölkəmiz I Avropa Oyunları ərəfəsində “QHT şəbəkələri”nin hədəfinə çevrilib. Azərbaycanın adına uğur gətirən bütün hadisələr bu şəbəkələrin hücumuna məruz qalır. II Qarabağ müharibəsi dönəmində, 19 sentyabr antiterror əməliyyatları zamanında da ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan QHT və KİV-lər də məhz bu şəbəkələrin üzvləri idilər.
Son vaxtlar yenidən aktivləşən, heç bir əsas olmadan “Azərbaycanı etnik təmizləmədə”, “Ermənistan ərazisini işğal etməyə hazırlaşmaqda” ittiham edən KİV və QHT-lər də eyni missiyanı yerinə yetirir. ABŞ Dövlət Departamenti və ya Konqres derektivlər yaradır, bu planlar USAİD, NED və digər “donorlar” vasitəsilə QHT/KİV şəbəkələrinə ötürülür və beləliklə, qarayaxma kampaniyaları intişar tapır.
Qondarma “hüquq müdafiəçi”lərinin son fəallaşmaları da ABŞ-da mənzillənən NED-in Azərbaycanla bağlı elan etdiyi yeni qrant layihələri ilə eyni vaxta təsadüf edir. Bu layihələrdən görünür ki, ölkədə xaricdən idarə olunacaq yeni QHT/KİV şəbəkəsi formalaşdırmaq istiqamətində ciddi iş gedir. NED-in Azərbaycan üçün 2022-ci ildə təsdiqlədiyi qrantın ümumi məbləği 970 min 235 dollar təşkil edib. Bu məbləğin 398 min 837 dolları “Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan haqlarının qorunmasının monitorinqi” və digər layihələrə həsr olunub.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, ABŞ administrasiyası 2021-ci ilin dekabr ayıda keçirilən qalmaqallı “Demokratiya sammiti” çərçivəsində yeni strategiya qəbul edib. “Anti-korrupsiya strategiyası” adlanan bu sənədlə USAID, “jurnalistlər”, “QHT-lər”, “hüquq müdafiəçiləri” üçün yeni imkanlar yaradılır. Hətta fəallıq göstərənlər üçün “Çempionlar Mükafatı” təsis edilməsinə qərar verilir.
Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAİD vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. USAID-in “Qlobal Hesabatlılıq Proqramı” vasitəsilə müxtəlif ölkələrdə ABŞ tərəfdarları olan QHT/KİV-lərə əlavə vəsaitlərin çatdırılması üçün layihələr icra olunacaq. Bu layihələrə QHT və KİV-lərlə yanaşı, “araşdırmaçı jurnalistlər”, “hüquq müdafiəçiləri” də cəlb ediləcəklər.
Nəticə çıxır ki, ABŞ-ın donor institutlarının dünyada yaratdığı xaos səngiməyəcək, əksinə, daha da genişlənəcək.