Erməni ekspert: Ermənistanın aldığı silah və texnikalar döyüşə hazırdırmı?

post-img

“2022-ci ildən etibarən Ermənistan Müdafiə Nazirliyi silah alqı-satqısı ilə bağlı çoxlu müqavilələr imzalayıb və bu müqavilələrdən neçəsinin tamamlandığı, neçəsinin yerinə yetiriləcəyi, neçəsinin isə heç vaxt reallığa çevrilməyəcəyi bəlli deyil”.

“Caliber” xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində hərbi ekspert Karen Vrtanesyan bildirib.

“Təəssüf ki, silah tədarükü sahəsində imzalanmış müqavilələr həmişə reallığa çevrilə bilmir. Hakimiyyət orqanlarının silahların alınması ilə bağlı bəyanatları və təmtəraqlı nümayişləri çox az məna kəsb edir. Ümumiyyətlə, silah tədarükü kifayət qədər mürəkkəb sahədir və koordinasiya edilməlidir. Hindistandan bir neçə silah, Fransadan bir neçə zirehli texnika, başqa bir şey alsanız, sual yaranır: bütün bunlar birlikdə necə ahəngdar işləyəcək?

Ermənistan 3 ildir ki, heç bir böyük hərbi təlim keçirmir və bu silahların döyüş əməliyyatları zamanı işlək olub-olmayacağı sual doğurur. Son vaxtlara qədər bizim Hindistandan böyük miqdarda döyüş sursatı gətirmək təcrübəmiz yox idi, sual ondan ibarətdir ki, bu silahlar döyüş şəraitində istənilən nəticəni verəcəkmi? Bu silahların bəzilərini heç hərbi sərgidə belə nümayiş etdirməyiblər. Düşünmürəm ki, silah satan ölkələr Ermənistanın təhlükəsizliyini təmin etmək məqsədi güdür”, - deyə Vrtanesyan bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət