Gerçəkləşən arzular

post-img

ANAR,
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri 

İyirmi il bundan əvvəl, 2003-cü ildə cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildi. İndi dərk edirik ki, bu 20 ilin 17 ili 44 günlük zəfər müharibəsinin hərbi, siyasi, iqtisadi, mənəvi cəhətdən hazırlanmasına həsr olunubmuş. Sonrakı 3 il isə 23 saatlıq lokal antiterror tədbirlərinin hazırlığı imiş. Yekun olaraq, 30 il işğal altında qalmış torpaqlarımız İlham Əliyevin prezidentliyi dövründə son qarışına qədər azad olundu. Bu, minillik Azərbaycan tarixinin ən möhtəşəm və ən şərəfli hadisələrindəndir. Prezidentin dəfələrlə dediyi sözlər: "Mən nəyi nə vaxt necə edəcəyimi bilirəm" – sözləri tam şəkildə təsdiq edildi.

Bu tarixi qələbənin babası unudul­maz Ulu öndər Heydər Əliyev, atası möhtərəm Prezitentimiz İlham Əliyevdir. Heydər Əliyev bu qələbənin təməlini hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəb yaratmaqla, müstəqillik illərində “Əsrin müqaviləsi”ni imzalamaqla, İlham kimi "özünə inandığı kimi inandığı" varis və ardıcılını yetişdirməklə qoydu. Pre­zident İlham Əliyev 44 günlük qələbəni müzəffər ordunun Ali Baş komandanı kimi qazandısa, bu uğuru siyasi və təb­liğat sahəsində tək başına, dörd dildə müxtəlif media nümayəndələri ilə mü­sahibələrində, çətin diplomatik danışıq­larında, bütün təzyiqlərə rəğmən, dəmir iradəsiylə, dəmir məntiqiylə qazandı. Də­mir iradə və dəmir məntiq dəmir yumruq­la təsdiqləndi. "Qarabağ Azərbaycandır!" cümləsinin Nida işarəsi dəmir yumruğa dönüb düşmənin başını əzdi.

Bu qələbədə ordumuzun ən müasir silahlarla təchiz olunması, ilk növbədə, qardaş Türkiyənin, eləcə də başqa dost ölkələrin mənəvi dəstəyi böyük rol oyna­dı. Qürurla qeyd edirəm ki, bu qələbədə ədəbiyyatımızın, incəsənətimizin də payı var. Şairlərimizin, yazıçılarımızın əsərləri ilə böyümüş, "Dədə Qorqud", "Babək", "Nəsimi", "Cavadxan" filmlərinin tamaşa­çıları kimi yetişmiş nəsil ölümsüz şəhid­ləri, qəhrəman qaziləri, igid döyüşçüləri ilə tarixə düşdü. İşğal olunmuş Şuşanın füsunkar mənzərələrini, tarixi abidələrini, böyük şəxsiyyətlərimizin adları ilə bağlı ünvanları həyatda görə bilməmiş nəsil bütün bunlarla "Üzeyir ömrü" filmində ta­nış olurdu. 

Ulu öndərimizin bu cəhətdən də la­yiqli varisi olan İlham Əliyev gənclərimi­zin vətənpərvərlik ruhunda yetişməsində ədəbiyyatın, sənətin misilsiz rolunu yük­sək qiymətləndirir.

Tarixi qələbəmiz xalqımıza qürur hissini qaytardı, millətimizin adını bütün dünyada, özəlliklə türk xalqları arasında yüksəklərə ucaltdı. Bu qürur və iftixar hissini siyasətimizlə, silahımızla və qələ­mimizlə gələcək illərdə də yaşatmalıyıq.

Gələcək illərdə iki böyük liderimizin arzularının həyata keçəcəyinə inanıram. İnanıram ki, Ulu öndərin "Azərbaycan dünyaya günəş kimi doğacaq" arzusu da, Prezident İlham Əliyevin "Qarabağı cənnətə çevirəcəyik" niyyəti də hökmən gerçəkləşəcəkdir.

Siyasət