Belə davam edərsə, bu ölkənin demoqrafik fəlakətlə üzləşəcəyi qaçılmazdır
Son 40 ildə ilk dəfədir ki, Ermənistanda yaşayanların sayı 3 milyonun altına düşərək 2 milyon 900 min nəfər olub. Bu, rəsmi statistikadır. Əslində isə hazırda Ermənistanda cəmi 2 milyon erməni yaşayır. “Dənizdən-dənizə Böyük Ermənistan” adlı avantürist iddialarla beyni zəhərlənmiş toplum getdikcə azalmaqdadır. Depopulyasiya, eləcə də hayların şimallı “dostlarının” apardığı siyasət nəticəsində “kiçik Ermənistan” da indi əllərindən çıxmaq üzrədir.
Xüsusilə 44 günlük müharibədən sonra Hayastanı tərk edənlərin sayında kəskin artım müşahidə olunur. Xoşbəxtliklərini xaricdə axtaranların böyük əksəriyyəti isə gənclərdir. Onları bu addımı atmağa şirnikləndirən əsas amil Qərbdə və okeanın o tayında erməni diasporunun güclü olmasıdır.
“Dağlıq Qarabağdan (?) köçənlərin 10 mindən çoxu Ermənistanı tərk edib”. Bu məlumatı “APRI Armenia” analitik mərkəzinin “Qeyri-müəyyənlik şəraitində tərəqqi” adlı konfransda çıxış edən keçmiş “Artsax”ın keçmiş “dövlət naziri” Artak Beglaryan açıqlayıb.
Ermənistandan gedənlərin ölkə daxilində qeyri-müəyyən vəziyyətlə üzləşdiklərini əsas səbəb kimi göstərən Beglaryan, əslində, problemin humanitar deyil, siyasi xarakter daşıdığını söyləyib. Köçkünlər üçün zəruri şəraitin yaradılmadığına diqqəti yönəldən sabiq “dövlət naziri” indi fəsadları deyil, səbəbləri üzə çıxarmağın vacibliyindən danışıb. Onun gəldiyi “qənaətə” görə, problemin yaranmasında həm Ermənistan hakimiyyətinin, həm də beynəlxalq təşkilatların məsuliyyət yükü var. “İrəvan iqtidarının strateji məqsədləri yoxdur” – deyən Beglaryan fərziyələrində bir az da irəli gedərək köçkünlərin məcburiyyət qarşısında ölkədən getmək yolunu seçdiyi versiyasını irəli sürür və bu zaman “dərin məntiqli” interpretasiyaya baş vurur: “Onlar (Qarabağ köçkünləri –red.) könüllü surətdə assimilyasiya yolunu seçiblər. Mən isə onların vətənlərinə (?) beynəlxalq təminatlı (?) ən yüksək muxtariyyat (?) səviyyəsində dönmələrini görmək istərdim”.
* * *
Separatçı sabiq çinovnik bununla da kifayətlənməyərək, hazırda Ermənistanda müşahidə edilən humanitar böhranı “Azərbaycan tərəfindən anti-erməni siyasətinə söykənən soyqırımının (?) nəticəsi” kimi dəyərləndirir. Amma Beglaryan öz çıxışında tənqid hədəfi kimi daha çox İrəvan iqtidarını seçir: “Ermənistan hakimiyyəti yalnız özünün şəxsi tələbatlarını həll etməklə məşğuldur. Hərçənd problemə artsax xalqının (?), onların kollektiv hüquqları (?) nöqteyi-nəzərindən yanaşmaq lazımdır”.
Son bir ay ərzində Ermənistan hakimiyyəti tərəfindən köçkünlərə maliyə yardımının ediləcəyi ilə bağlı vədlərin verilməsinə baxmayaraq, Qarabağ ermənilərinin ailəbaşına cəmi 100 min dram verildiyini bəyan edən Beglaryan hökumətdən köçkünlərin çoxsaylı ehtiyaclarını ödəməkdən ötrü böyük həcmdə maliyə vəsaitinin ayrılmasını tələb edib. O, çıxışında problemin həlli üçün qərarların Dağlıq Qarabağın (?) nümayəndələrinin rəyi nəzərə alınmadan qəbul olunduğunu diqqətə çatdırıb.
Beləliklə, tarixin arxivinə göndərilmiş “artsax”ın keçmiş çinovniki ölkədən gedənlərin armasınının səbəbini Paşinyan hakimiyyətinin yarıtmaz idarəetmə sistemində görür. Amma, bu hay ağlının ucundan da keçirmir ki, qonşunun torpağına göz dikən, orada ikinci Ermənistan dövləti yaratmaq istəyən, separatizm xəstəliyinə yoluxmuş toplumun aqibəti başqa cür ola bilməzdi. Ona görə də günahkarı kənarda deyil, öz içərinizdə, daha doğrusu, daşnakların utopik iddialarla zəhərlədikləri beyninizdə axtarın. İndi xoşbəxtliyini xaosun hökm sürdüyü Ermənistanda deyil, başqa ölkələrdə arayan gəncləri isə qınamağa haqqınız yoxdur.
Hələ bir il bundan əvvəl Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” partiyasından millət vəkili Naira Zohrabyan “Vestnik Kavkaza”ya müsahibəsində bunları bildirmişdi: “Hava limanından indi gəldim. Vəziyyətin nə yerdə olduğunu görmək istədim. Siz təsəvvür belə edə bilməzsiniz ki, vəziyyət nə dərəcədə gərgin idi. Əksəriyyət Moskvaya birtərəfə gediş üçün bilet alır. Biletin qiyməti isə 800-900 dollara qalxıb. Rusiyaya uçuşlara heç vaxt belə tələbat olmamışdı. Ermənistan son 30 ildə ən böyük miqrasiya ilə qarşılaşacaq. Hətta keçən əsrin 90-cı illərində belə bir şey yox idi”. N.Zohrabyan belə rekord sayda miqrasiyanın səbəbini izah edib: “Birincisi, müharibədir. İkincisi, ermənilər artıq öz ölkələrində özlərini təhlükəsizlikdə hiss etmirlər. Üçüncüsü və ən əsası isə Ermənistanda iqtisadi vəziyyətin acınacaqlı olmasıdır”.
O, Ermənistanda demoqrafik böhranın qaçılmaz olduğunu deyib: “Ermənilərin Ermənistanda normal yaşaması üçün bütün imkanları bağlayan hakimiyyət günahkardır. Bu, milli faciədir”.
* * *
Hayastanın “Hraparak” qəzeti yazır ki, “dqr”ın səlahiyyətlərinə xitam vermiş “prezidenti” Samvel Şahramanyan yaxın günlərdə köçkünlər qarşısında çıxış etməyə və bir çox suallara aydınlıq gətirməyə hazırlaşır. Onun “rəiyyətinə” nələri danışacağını, hansı sualları cavablandıracağı Bakı üçün qətiyyən maraqlı deyil.
Bu arada “CivilNet”-ə müsahibə verən Ermənistan Respublikası Təhlükəsizlik Şurasının sabiq katibi Samvel Babayan “artsax”– Azərbaycan danışıqlarının bərpa olunması ehtimalının sıfır faiz olduğunu açıqlayıb.
“Həm Azərbaycan, həm də Ermənistan danışıqların bərpasına meyilli deyil. Vaxt keçdi və tam aydın oldu ki, bu məsələdə heç kim maraqlı deyil və səhifə bağlandı”– deyən Babayan daha sonra “artsax respublikası”nın buraxılmasının hüququ nöqteyi-nəzərdən baş vermədiyini iddia edib.
Təxminən, bir il əvvəl rəsmi İrəvanın emissarı qismində Xankəndiyə göndərilən və buradakı separatçı-revanşist xunta rejiminin başında duran hay quldurlardan fərqli bəyanatlar səsləndirən S.Babayanın heç bir məntiqə sığmayan izahını şərh etməyə dəyməz. Sadəcə onu xatırlatmaq istərdik ki, “dqr”in bir qurum olaraq buraxılması və bütün “atributlarının” ləğv edilməsi, “səlahiyyət sahiblərinin” fəaliyyətinə xitam verilməsi barədə sərəncamı həmin Samvel Şahramanyan imzalayıb. Artıq üzərində Azərbaycanın üçrəngli bayrağının dalğalandığı Xankəndiyə onlar yalnız turist qismində gələ bilərlər. Onda isə müvafiq viza əli soydaşlarımızın qanına bulaşmayan, Qarabağımızda törədilən hərbi cinayətlərdə iştirak etməyən ermənilərə verilə bilər. Amma o vaxta qədər hələ çox sular axıb durulmalıdır.
* * *
Sonda mövzunun yekunu olaraq oxucuların diqqətinə onu da çatdırmaq istərdik ki, üzləşdikləri bütün çətinliklərdə Azərbaycanı günahlandırmağa çalışan Hayastan və onun xaricdəki dəstəkçiləri boş yerə özlərini yormasınlar. Bu gün özünün gələcəyə yönəlik inkişaf yolunu tutmuş, heç kimin işinə qarışmayan və özgə torpağında gözü olmayan, hayların xarabazara çevirdiyi torpaqlarına yenidən həyat gətirməyə çalışan Azərbaycan, nədənsə, bəzilərinin gözünə ox olub batır. Əlbəttə ki, Qərb ikiüzlüdür. Birinci dəfə deyil ki, bunun şahidi oluruq. Otuz il buna dözdük, fəqət 44 günlük müharibənin dəyişdiyi reallıqlar fonunda Azərbaycanla fərqli davranmalı olan güclər yenə Cənubi Qafqazda baş verənləri öz arşınları ilə ölçməyə üstünlük verirlər. Onların Azərbaycana qarşı son vaxtlar aşkar sezilən koalisiyalı “səlib yürüşlərinin” səbəbi yalnız Qarabağı könüllü tərk etmiş bir ovuc erməniyə qahmardurma istəyi deyil. Cəmi iki ay bundan əvvəl Brüssel və Vaşinqtondan İrəvana tuşlanan qınayıcı nəzərlər indi Bakıya tərəf yönəlib. Onlar indi Ermənistandan da köçüb getməyə üstünlük verən Qarabağ erməniləri üçün Azərbaycan hakimiyyətindən güzəşt, həm də “muxtariyyətli” güzəşt istəyirlər. Rəsmi Bakının bu məsələdə nümayiş etdirdiyi qətiyyət və güzəştsiz mövqe həmin neoimperialist, ermənipərəst güclərin xoşuna gəlmir. Çünki mövcud reallığı qəbul etməyi və onunla barışmağı özlərinə sığışdıra bilmirlər. Ortada sadəcə vaxt amili var. Bütün dünya kimi, onlar da gec-tez reallıqla barışacaqlar.
İmran BƏDİRXANLI
XQ