Ermənipərəst dairələr hansı etnik təmizləmədən danışırlar?

post-img

Yaxşı olar ki, onlar soydaşlarımızın Qərbi Azərbaycandan qovulmasını yada salsınlar

Azərbaycan Prezidenti 50 milyonluq azərbaycanlının 30 illik Qarabağ həsrətinə 44 + 1 gündə son verdi. Etiraf edək ki, Vətən savaşına qədər erməni faşizminin qəsb etdiyi tor­paqlarımızda son 3 ilin hadisələrinin belə əhatəli və bu sürətlə baş verəcəyi ağlasığmaz idi. Lakin bu, möcüzəli şəkildə gerçəkləşdi. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz İkinci Qarabağ müharibəsində parlaq tarix yazdı: uzun illər düşmən əsarətin­də olan ərazilərimiz yağı tapdağından azad edildi. Savaşın başlandığı ilk gün­lərdən etibarən kənd və qəsəbələrimiz, şəhər və rayonlarımız bir-bir azad olun­duqca hər bir azərbaycanlının ürəyi qü­rur hissi ilə döyündü. Bu qalibiyyət, bu zəfər uzun illər aparılan uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi idi.

Azərbaycan bayrağı artıq Xankəndi­də, Qarabağımızın 30 il nəzarətimizdən çıxmış bütün guşələrində dalğalanır. Bu tarixi hadisə–əzəli-əbədi yurdumuza qo­vuşmağımız xalqımıza əbədi xoşbəxtliyin qapısını açıb. 

Bu məqamda Qarabağın başı üzərini qara buludlar aldığı 1980-ci illəri xatırla­maq olmur. O vaxt erməni separatizmi ye­nicə baş qaldırmışdı. Bakıda, rayonlarda hər gün meydanlara minlərlə insan topla­şır, Xankəndidə, İrəvanda “miatsum” şüarı səsləndirənlərə etirazlar bildirilirdi. Şuşa­nın Topxana meşəsində ağac kəsimi isə xalqın sinirinə toxunub “Qarabağ bizimdir” hayqırtısı ilə qarşılanırdı. Bütün bunlar er­mənilərin havadarlarının qara niyyətlərini tormozladı. Erməni millətçilərinin Azər­baycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribat­ları ilə başlayan bu münaqişə Ermənis­tanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi. Bu qəsbkarlıq 30 il çəkdi. İşğal dövründə Qarabağ başdan-başa xa­rabalığa çevrildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, ordumuzun şücaəti ilə torpaqlarımız faşizmin caynağından xilas ediləndən sonra orada bayrağımızın san­cılması üçün salamat bir bina belə tapıl­madı. 

Bu gün Qarabağ və Şərqi Zəngəzurun hər kənd, hər şəhərində dövlət bayrağımız dalğalanır. Azərbaycanın bu əzəli-əbə­di torpağımızda suverenliyini tam bərpa etməsi hamımızı sevindirir, qürurlandırır, qəlbimiz iki əsrlik problemi həll edən Pre­zident, Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza minnətdarlıq hissi ilə döyünür. 

Dövlətimizin başçısı bu zəfərin zirvəsi olaraq Xankəndi şəhərində üçrəngli, ay­lı-ulduzlu bayrağımızı dalğalandırdıqdan sonra çıxışında Ermənistanın Azərbay­cana qarşı ərazi iddiaları tarixinə toxu­naraq, keçmişdə ölkəmizdə ermənilərə qarşı heç bir ayrı-seçkilik, diskriminasiya olmadığını xatırlatdı: “Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ay­rı-seçkilik yox idi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni, o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xa­tirələri gənc nəsillə bölüşsünlər. Çünki o olub, ancaq sonra nə olub? 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaş­dırıldı, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyündən çıxarıldı. SSRİ Nazirlər So­veti Sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağ­lıq Qarabağ Muxtar Vilayəti Azərbaycan­dan Ermənistana verilsin. Bunu da qaldı­ran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı? Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

Dövlətimizin başçısı çıxışında ovaxt­kı Azərbaycan rəhbərliyinin faktiki olaraq vəziyyətə nəzarət edə bilmədiyini, acizlik, qətiyyətsizlik göstərdiyini təəssüflə xatır­latdı. Cənab İlham Əliyev Xankəndinin erməni millətçilərinin, daşnakların, bey­nəlxalq terrorçuların toplaşdığı mərkəzi meydanında anti-Azərbaycan şüarı ilə mitinqlər keçirildiyini vurğuladı. Ölkə rəh­bəri, eyni zamanda, o zaman cəmi 6 il Heydər Əliyevsiz qalan Azərbaycanda böhran yaşandığını, torpaqlarımızın işğal altına düşdüyünü, bir-birini dəyişən zaval­lı rəhbərlərin isə faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışdıqları­nı, xüsusilə AXC–Müsavat antimilli cütlü­yünün bu taleyüklü məsələdə xəyanətkar və satqın fəaliyyət göstərdiyini bir daha diqqətə çatdırdı. 

İstər Ümummilli lider Heydər Əliyev yenidən müstəqil Azərbaycan rəhbərliyin­də olduğu dövrdə, istərsə də Prezident İl­ham Əliyev 17 il ərzində münaqişəni sülh yolu ilə, qan tökmədən həll etmək məqsə­dilə Ermənistan tərəfinə çağırışlar edildi. Bu, qanlı mübarizəyə son qoyulması üçün bizim bir millət kimi sülhsevər, tolerant olmağımızla, multikultural dəyərləri da­şımağımızla bağlı idi. Amma işğalçı ölkə xəyanətkar, haramxor erməni xislətinə uyğun olaraq 30 il ərzində daim yeni uy­durmalar sərgiləyib konfliktin həllini, işğa­lın ömrünü uzatmağa çalışırdı. Prezident İlham Əliyev erməni faşizminin qəsbkar mövqeyindən geri çəkilmədiyini, min bir bəhanə ilə sülh danışıqlarından yayındığı­nı görüb məsələnin həllinin hərbi yolunun seçiləcəyi xəbərdarlığını edəndə işğalçı Bakıya tanklarla gələcəyini bəyan etməklə təcavüzkarlıqdan əl çəkmədiyini bir daha təsdiqlədi. 

Bu məqamda onu da qeyd edim ki, 30 il ərzində Ermənistanda mötədil millətçi olan sabiq prezident Levon Ter Petrosyan Qarabağ caniləri Koçaryana və Sarkis­yana dəfələrlə xəbərdarlıq etdi ki, Azər­baycan güclü ordu yaradır, əgər 7 rayonu qaytarmasanız sizin “qalib” mifinizi tama­milə dağıdacaq. Separatçılar isə öz bildik­lərini etdilər. Qondarma “Artsax”a başçılıq etmiş 3 separatçı isə bu gün DTX-nın təc­ridxanasında oturub Sarkisyan və Koçar­yanın yolunu gözləyirlər...

Azərbaycan bütün beynəlxalq norma­lara, şərtlərə əməl edib öz torpağını mən­fur düşməndən azad etdi. Azərbaycan Ordusu bu haqq işində mərdlik, şücaət göstərdi. Ermənistanın isə bu müharibəyə zorla cəlb etdiyi gənclərdən ibarət böyük bir fərari ordusu yarandı. Erməni zabitlər əsgərləri qaçmasınlar deyə onları zəncirlə səngərə bağladılar… Bütün bunlar gəlmə ermənilərin Qarabağ “sevgisinin” gerçək nəticələri idi.

Azərbaycanın sentyabr ayının 19-da həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağı öz xoşu ilə tərk edən er­məniləri, guya, oradan zorla çıxartdığımızı bəhanə edib, ölkəmizi etnik təmizləmədə günahlandırmağa çalışan müəyyən qüv­vələrin bütün cəhdləri bir-birinin ardınca fiaskoya uğrayır. Ermənilərin könüllü şə­kildə gedişinə verilən ədalətli reaksiya­lardan Baş nazir Nikol Paşinyan da ən­dişələnir. Onun uydurma etnik təmizləmə iddialarının dəstək qazanmamasından ciddi şəkildə narahat olduğu açıq-aşkar nəzərə çarpır. Bu, Paşinyan hakimiyyəti­nin Azərbaycana qarşı qurmağa çalışdığı yeni məkrli oyunların baş tutmayacağı an­lamına gəlir.

Azərbaycan torpaqlarımızı öz xoşu ilə tərk edib gedən erməniləri, az qala, ləyaqətlə yola salıb. Amma ermənilər 1980-ci ilin sonlarından başlayaraq azər­baycanlıları Qərbi Azərbaycandan–indiki Ermənistan adlı dədə-baba torpaqları­mızdan və Qarabağdan ağla sığmayan vəhşiliklə, qışın soyuğunda ayaqyalın, başıaçıq qovublar. Belə şəraitdə nə qədər soydaşlarımız elə yollardaca həyatlarını itirib. Fransa başda olmaqla ermənipərəst dairələr indi bütün bunları unudaraq biz­dən erməniləri geri qaytarmağı və onla­rın təhlükəsizliyinə təminat verməyi tələb edir. Halbuki Azərbaycan bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib və uzun illər Qarabağda yaşayan ermənilərə Azər­baycan vətəndaşlığı və reinteqrasiya təklif edib. Hətta ordumuz lokal antiterror təd­birləri zamanı bölgədə heç bir mülki ob­yektə və əhaliyə zərər vurmayıb. Yalnız Ermənistan ordusunun tör-töküntüləri, silahlı terror dəstələri tərksilah olunub, er­məni azlığa isə, necə deyərlər, güldən ağır söz deyilməyib. Onlara respublikamızda qanunlarımız çərçivəsində yaşamaq ça­ğırışı edilib. Azərbaycanın bu humanist fəaliyyəti bölgədə monitorinq aparan BMT müşahidə missiyası tərəfindən də yüksək dəyərləndirilib. 

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Görəsən, bu gün işğalçı ölkə Azərbaycanı heç bir həqiqətə əsaslanmadan etnik təmizləmədə ittiham edirsə, bəs onda 1980-ci ilin sonlarında Qərbi Azərbaycandan qovulan 250 min azərbaycanlının öz ata-baba yurduna qaytarılması və onun təhlükəsizliyinə tə­minat verilməsi barədə niyə susmağa üs­tünlük verir. Axı illərdir ki, dədə-baba tor­paqlarının həsrətini çəkən soydaşlarımız Qərbi Azərbaycana– İrəvana, Zəngəzu­ra, Dərələyəzə, Göyçəyə, Amasiyaya və azərbaycanlıların vaxtilə kompakt yaşa­dıqları digər ərazilərə qayıtmaq istəyirlər. 

Qeyd etdiyim kimi, Azərbaycanın mövqeyi aydın və qətidir, bütünlüklə haqq-ədalətə əsaslanır. Buna görə də heç kimdən asılı deyil və heç kimdən heç nə istəmir. Dövlətimizin başçısının vurğuladı­ğı kimi, ona görə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki həmin dövlətlər kimlərinsə onların önündə baş əyməsinə öyrəşiblər. Buna görə də indi bəziləri, guya, beynəlxalq ictimaiyyətin Azərbay­canı antiterror tədbirləri apararkən heç kimlə məsləhət aparmamaqda qınadığını deyirlər. Kimdir beynəlxalq ictimayyət? Prezident İlham Əliyevin dediyi kimi, mə­gər beynəlxalq ictimaiyyət 20-30 dövlət­dən ibarətdirmi? Dünyada 200-dən çox dövlətin olduğu bir halda bir ovuc ölkə hansı haqla bu qədər dövlətin adından danışmaq hüququnu mənimsəyib? Bu qalan dövlətlərə hörmətsizlik, beynəlxalq hüquqa sayğısızlıqdır. 

Böyük güclər tarix boyu kiçik dövlətlə­ri və azsaylı xalqları aşağılamaqla, onları əzib öz istəklərini reallaşdırmaqla məş­ğul olublar. Görünən budur ki, onlar bu gün də üzərlərinə dünyaya “demokratiya dərsləri” vermək kimi öhdəlik götürsələr də, vaxtilə xalqları əzib istismar etmək və tabeliklərində saxlamaq kimi mərəzdən qurtula bilməyiblər. Belə olmasaydı, onlar bu gün Azərbaycanın haqq işini bu qədər ayaqlar altına salmağa cəhd etməzdilər. Böyük güclərin vaxtilə yaratdığı BMT isə erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını 27 ildə bir dəfə də olsa yada salmadı. 

Azərbaycan atdığı bütün haqlı addım­larda beynəlxalq hüququn heç bir tələ­bini pozmayıb. Bu səbəbdən Fransa və ermənilərə havadarlıq edən digər ölkələr bilməlidilər ki, dövlətimiz onların haqsız və ədalətsiz basqılarına məntiqlə və bey­nəlxalq hüququn tələb etdiyi qaydalar çər­çivəsində cavab verir. Bəli, haqq bizimlə­dir, deməli, güclü olan da bizik. Güclünü yenmək isə mümkün olmur…

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Siyasət