Azərbaycan elmini dünyada yüksəldən biokimyaçı

post-img

Onun rəhbərliyi ilə Türkiyədə COVID-19-a qarşı təsirli peyvənd hazırlanıb

(əvvəli XQ-nin 22 oktyabr 2023-cü il tarixli sayında) 

Xalq TV-nin daha bir qonağı Tür­kiyənin Ağdəniz Universitetinin pro­fessoru, AMEA-nın müxbir üzvü Tər­lan Məmmədovdur.

– Tərlan müəllim, çalışdığınız ölkələrdə elmin inkişafı üçün yaradı­lan şərait haqqında nə deyərdiniz? Bu məsələnin ölkəmiz üçün maraq doğu­ran tərəfləri nədir?

– Bilirsiz, xaricdə bu məsələlər ənənəviləşib. Çalışdığım Yaponiyada, Amerikada, eləcə də Türkiyədə də belə­dir. Məsələn, Türkiyədə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası - TÜBİTAK (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) sistemi elmi inkişafı ən mükəm­məl bir səviyyədə dəstəkləyən təşkilatdır. Mən Türkiyədə işlədiyim dövrdə onun qlobal fəaliyyətini gördüm. 

TÜBİTAK-a istənilən alim güvəndiyi layihəni təqdim edə bilir və qrant layihə­sindən faydalana bilir. Elmi əməkdaş tərəfindən hazırlanan layihə bu təşkilat tərəfindən dəstəklənirsə, onun yerinə yetirilməsi üçün lazımi dəstək verilir, ava­danlıq və cihazlar alınır, layihənin icrası üçün şərait yaradılır, layihəyə tələbə və magistrlərin cəlb edilməsi imkanları ya­radılır, onların sonrakı elmi fəaliyyətinə şərait yaradılır və ayrılmış maliyə buna imkan verir. TÜBİTAK-dan qazandığım bir neçə layihə əsasında, Türkiyədə ça­lışdığım 10 ildən də az bir müddətdə 35-dən çox elmi kadr - doktor və magistr hazırlaya bildim. 

Laboratoriyamda işləyən hər bir tələ­bə layihələrdən təqaüd alir. Yəni layihə iştirakçısı olan hər bir tələbə təqaüdlə tə­min olunur, bu türkcə burs adlanır. Təva­zökarlıqdan uzaq olmasın, mənə belə bir məlumat verdilər ki, mən bir zaman Tür­kiyədə ən çox burslu (təqaüdlü) tələbəsi olan professor olmusdum. Şəxsi təcrü­bəmdən gələn bir qənaətim var ki, gənc­lərin elmə marağını artırmaq üçün onlara maliyyə dəstəyinin verilməsi çox vacibdir. Mənim lobaratoriyamda çalışan 35-dən çox tələbənin hər biri təqaüd alıb, onlar bir gün belə məvacibsiz işləməyiblər. Di­gər tərəfdən onlar bu layihələrdə 2-3 illik fəaliyyətdən sonra yetkin bir elm adamı kimi formalaşıblar.

– Qardaş Türkiyədə yetərincə azər­baycanlı təhsil alır. Tələbələriniz sıra­sında soydaşlarımız varmı?

– Yeri gəlmişkən xatırladım ki, Azər­baycanla ələqələrim çox sıxdır, 2014-cü ildən AMEA-nın müxbur üzvüyəm, eyni zamanda akademiyanın Molekulyar Bi­ologiya və Biotexnologiyalar İnstitutunda Molekulyar Biomühəndislik Beynəlxalq laboratoriyasının qurucusu və rəhbə­riyəm. Həm bu laboratoriyada çalışan elmi işçiləri, həm də Türkiyədə təhsil alan tələbələri davamlı olaraq Ağdəniz Uni­versitetində icra edilən layihələrə dəvət etmişəm, onlar da uğurla bu layihələrdə iştirak ediblər. Birgə layihələrimizdə 10 nəfərə qədər azərbaycanlı tələbə çalışıb, onlardan 2-si fəlsəfə doktoru elmi dərə­cəsi, qalanları isə magistr diplomu alıblar. Akademiya ilə əlaqələr, ortaq layihələr bu gün də uğurla davam etdirilməkdədir.

– Azərbaycanla bağlı fəaliyyətiniz yalnız elmi əlaqələrləmi məhdudlaşır?

– Hesab edirəm ki, harada olub-olma­sından asılı olmayaraq hər bir azərbay­canlı Vətəninə, torpağına canı-qanı ilə bağlıdır və bu gendən gələn bir əlamət­dir. Xüsusən son illərdə baş verənlər bizi Azərbaycana çox bağladı. Açığı, 30 il işğalda olan torpaqlarımızın dərdi bizləri çox üzdü, hətta xaricdə bu mövzuda bizə verilən bəzi suallardan çox üzüldük. Şü­kürlər olsun ki, 44 günlük tarixi zəfərdən və son lokal antiterror əməliyyatından sonra torpaqlarımızın azadlığını və ölkə­mizin suverenliyini təmin etdik. Bu Ali Baş Komandan və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və ordumuzun tarixi zəfəri idi. Ulu Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə can­sağlığı arzulayıram. 

Əslində, hər kəsin ruh yüksəkliyi ilə qazandığı bu tarixi zəfərdən hər bir azər­baycanlıya pay düşdü. Yeri gəlmişkən deyim ki, COVID-19-a qarşı peyvənd layihəsini hazırlayanda da qarşımıza bir məqsədi qoymuşduq: hazırladığımız vaksinin adını “Qarabağ” qoyaq. Az bir vaxtda – 9 ayda uğurla sınaqdan keçirdi­yimiz layihənin maliyyə dəstəyinin olma­ması ucbatından kütləvi istehsalına nail ola bilmədik. Amma yenə də ümidliyik ki, biz buna nail olacağıq və “Qarabağ” adlı vaksini dünyaya tanıdacağıq. 

Digər bir məsələ isə budur ki, elmi güclü olan ölkə özü də güclüdür. Sənaye­nin, kənd təsərrüfatının, səhiyyə və təh­silin, müasir ordu quruculuğunun uğurlu inkişafı xeyli dərəcədə yeni texnologiya­larla, başqa sözlə desək elmin inkişafı ilə bağlıdır. Çalışdığım və dünyaya örnək olan Amerika və Yaponiya kimi ölkələrdə bunu görmüşəm. Ona görə də bu qə­naətdəyəm ki, ölkənin güclü olmasının əsas atributlarından biri də elmin inkişaf və gücü ilə bağlıdır. Bu, eyni zamanda, alimlərin üzərinə də ciddi məsuliyyət qo­yur. 

Biz alimlər də bilik və bacarığımızı xalqımızın inkişafı yolunda səfərbər et­məli, elmi inkişafı üçün var qüvvəmizlə çalışmalı, gənclərimizin elmə cəlb olun­ması və onların elmi potensialının artırıl­ması üçün bütün imkanlarımızı səfərbər etməliyik.

– Xaricdəki hər bir azərbaycanlının uğuruna sevindiyimiz kimi, sizin elmi nailiyyətləriniz də da bizi qürurlandı­rır. Xüsusən də pandemiya dövründə həmyerlimizin vaksin tədqiqatının nə­ticəsini həyəcanla izlədik...

– Çox sağ olun, əslində, əlimizdə dün­ya elminın qəbul etdiyi maraqlı və dəyərli tədqiqatlarımız var. Biz COVID-19 vaksi­nini hazırlamağa pandemiya dövründə – 2020-ci ildə başladıq, uğurlu alındı. Amma bundan əvvəl də başqa uğurlarımız diqqət mərkəzində olub. Məsələn, qarayaraya va malyariyaya qarşı peyvəndə patent al­dıq. Bu həm bəşəriyyət və insanlıq üçün önəmli idi, həm də strateji əhəmiyyəti olan məsələdir. 

Biz təhlükəsizlik, qiymət və effektivlik baxımından ən qabaqcıl, zülal əsaslı, qa­rayara peyvəndini yaratdıq və heyvanlar üzərində effektivlik testlərini tamamladıq. Bu vaksin milli və qlobal təhlükəsizlik üçün çox vacibdir. Qarayara kəskin yo­luxucu xəstəlikdir və ona qarşı bu cür peyvəndin hazırlanması bioterrorizmlə mübarizə üçün çox vacibdir. 

Yaxud, malyariyaya qarşı hazırladığı­mız vaksin indiyə qədərki ən mükəmməl elmi tədqiqatın nəticəsidir. Qeyd edim ki, malyariya bu gün dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdən biri­dir. Afrikada milyonlarla insanın ölümünə səbəb olan malyariyanın qarşısını almaq uğurlu nailiyyətdir. Bu gün malyariyadan dünyada ildə 500 min adam ölür. Ümum­dünya Səhiyyə Təşkilatının 2018-ci ildəki hesabatına görə, 238 milyon insan bu xəstəliyə tutulub və ən qorxulusu, dünya əhalisinin yarısı malyariyaya riski altın­dadır. İndiyə qədərsə bu xəstəliyə qarşı vaksin hazırlanmayıb. 

– Bu qədər fəlakətli hadisənin qar­şısını almağa elmin gücü çatmırmı?

– Səbəblərdən biri bu xəstəliyi yara­dan parazitin (Plasmodium falciparum) əsas antigeninin olduqca mürəkkəb bir quruluşa malik olmasıdır. Ona görə də 20 ildən cox bir müddətdə dünyanın müxtə­lif universitetlərində, hətta Harvard kimi çox ünlü universitetdə və mərkəzlərdə aparılan tədqiqatlar müvəffəqiyyətsiz ol­musdur. 

Yeni texnologiyadan istifadə edərək biz ilk dəfə olaraq malyariya vaksinini yaratdıq. Yaşıl bitki yarpaqlarından uğur­la sintez edilmiş malyariya vaksininin effektivlik testi ABŞ-ın Səhiyyə Milli İns­titutunda (NIH) uğurla sınaqdan keçirildi, patentini aldıq və malyariya vaksininin hazırlanması ilə bağlı aparılan tədqiqat­ların nəticələri 2019-cu ildə Böyük Brita­niyanın "Nature" elmi jurnalları ailəsindən olan nüfuzlu "Scientific Reports" jurnalın­da dərc edildi. 

Malyariya vaksini ucun əsas faktor olan Pfs48/45 zülalının klinik sınaqla­rından sonra kütləvi istehsalı nəzərdə tutulur. Bu sahədə işlərin uğuru da ma­liyyə və investorların fəaliyyəti ilə bağılı­dır. Düşünürəm ki, ölkəmizin bu sahədə yetərli potensialı var. Tədqiqatlarımızın aparılmasına verilən dəstək Azərbaycan elminin inkişafına da böyük bəhrə verər. 

– Uğurlar arzu edirik, kəşflərinizi Nobel mükafatı sırasında görmək çox xoş olardı.

– “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin işlənib hazırlanmasına im­kan verən nukleozid bazası modifikasiya­sı ilə bağlı kəşflərinə görə” 2023-cü ildə fiziologiya və tibb üzrə Nobel Mükafatı Katalin Kariko və Drev Veissman aldı. Fürsətdən istifadə edib bu alimləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. 

Qeyd etdiyim kimi, bu yaxınlarda biz prestijli “Frontiers” elmi jurnalında dərc etdirdiyimiz məqalə ilə COVID-19-un or­taya çıxan bütün variantlarına təsirli olan vaksin haqqında dünyada ilk və tək hesa­bat-məqalə dərc etdik. Başqa sözlə, ha­zırladığımız COVID-19 vaksini dünyada yeganə vaksin oldu ki, bu vaksin orijinal Vuhan variantınin amin tursu ardıcıllığı əsasında hazırlandı, amma “Omicron” da daxil olmaqla, bütün yeni ortaya çıxan variantlar üçün effektiv oldu! 

Düşünürəm ki, bizim bu nailiyyətimiz, yəni “COVID-19-a qarsı universal vak­sin” hazırlanmasına görə mükafata, hət­ta Nobel Mükafatına təqdim oluna bilər.

Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU
XQ

Müsahibə