Azərbaycan ermənilərin mina “əkinləri”ni ölüm “toxum”larından təmizləyir
Torpaqlarımızı işğalda saxladığı müddətdə, eləcə də 44 günlük Vətən müharibəsindən sonra Ermənistan, onun Xankəndidəki separatçı-xunta rejimi, demək olar ki, Qarabağın hər qarışına mina döşəyib. Bəli, doğma yurdumuzu işğaldan azad etdikdən sonra biz Ermənistanın mina terroru ilə üzləşmişik. Az qala, hər ay, hər həftə hansısa vətəndaşımız mina terrorunun qurbanı olur. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatlarını ürək ağrısı ilə oxuyur və dinləyirik.
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi birbaşa mina terrorunun təzahürüdür. Məhz mina terroru, mina müharibəsi! Əslində, separatçılar, erməni vandalları buna üç il əvvəl deyil, on il əvvəldən hazırlıq görüblər. Bir gün torpağımızdan rədd olub gedəcəklərinə əmin olduqları üçün.
* * *
“Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib”. Bu, Müdafiə Nazirliyinin üç gün əvvəl yaydığı məlumatdır. Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib.
Hamıya məlumdur ki, lokal xarakterli antiterror tədbirlərindən öncə Ermənistandan Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımaların həyata keçirilməsi barədə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumatlar verilib. Həmin məlumatlarda erməni quldurlarının Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah-sursat, eləcə də mina daşıyan hərbi yük maşınların bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingent tərəfindən müşayiət olunduğu da danılmaz faktdır. Azərbaycan Müdafiə Nazirliyi həmin “səyyar əməliyyatların” foto və video görüntülərini dəfələrlə nümayiş etdirib.
Rəsmi Bakının dəfələrlə çağırışlar etməsinə baxmayaraq, İrəvan hələ də Azərbaycana mina xəritələrini verməyib. Mülki vətəndaşlarımız həmin minaların ya qurbanı olur, ya da xəsarət alır, şikəst qalırlar. Buna dünya da susur, beynəlxalq təşkilatlar da. Fransa isə mina terrorçusunu dəstəkləməkdən əl çəkmir.
“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340 azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir”.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin dünən Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.
Həmin müraciətdə cənab Prezident bunları da qeyd edib: “Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür”.
Fransanın həm də dünyada ən çox minadan istifadə edən ölkələrdən biri olduğunu konfrans iştirakçılarının nəzərinə çatdıran Prezident İlham Əliyev bu ölkənin ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırdığını söyləyib.
“Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur”,– deyən dövlətimizin başçısı mina terorçularının siyahısında Fransadan sonra onun yaxın müttəfiqi Ermənistanın gəldiyini qeyd edib.
* * *
Təqdirəlayiq haldır ki, mina terroruna məruz qalmış Azərbaycanın səsinə Avropada səs verənlər tapılır. Britaniya parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord London hökumətini Azərbaycanın minatəmizləmə ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırıb. Parlamentdə “Dayanıqlı İnkişaf məqsədlərinə dair müzakirələr”də çıxış edən deputat ötən ilin mayında Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə yerində tanış olduğunu bildirib. Cənab M.Offord ərazilərin minalardan təmizlənməsi nəticəsində insanların öz evlərinə qayıda bilməsi üçün imkanın yaradılmasının vacibliyini qeyd edib. Deputat ərazilərin minadan təmizlənməsinin təkcə mövcud Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması deyil, təhsil və məşğulluq kimi sahələrdə də müsbət nəticələrin əldə edilməsinə göstərdiyi təsiri vurğulayıb. Deputat Britaniya hökumətini Azərbaycanın humanitar minatəmizləmənin BMT tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi elan edilməsi ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırıb. Düşünürük ki, Birləşmiş Krallığın hökuməti parlament üzvünün çağırışına biganə qalmayacaq və Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək.
* * *
Torpaqlarımızı işğalçılardan azad etsək də, Qarabağın hər tərəfinə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. ANAMA ilə yanaşı, bir çox qurumlar, eləcə də qeyri-hökumət təşkilatları baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi üçün gecə-gündüz çalışırlar. Amma, təəssüf ki, həyata keçirilən irimiqyaslı tədbirlərə baxmayaraq, Ermənistan tərəfinin basdırdığı minaların partlaması nəticəsində zərərçəkənlər barədə məlumatlar eşidirik.
Britaniya kimi digər ölkələr, beynəlxalq təşkilatlar, insan hüquqları müdafiəçiləri də Azərbaycana qarşı mina terroruna biganə qalmamalı, mina xəritələrini verməsini İrəvandan tələb etməlidirlər.
İmran BƏDİRXANLI
XQ