Haylar başa düşməlidirlər ki, heç kim onların əvəzinə bizimlə döyüşməyəcək
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında, sülh müqaviləsinin imzalanmasında, bütövlükdə, Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın yaranmasında maraqlı olmayan bir sıra Qərb ölkələri İrəvanı revanşizmə sürükləməkdən əl çəkməkdə maraqlı görünmürlər. Onlar hər vəchlə çalışırlar ki, Ermənistan sülhə yaxınlaşmasın, bölgədə yeni status-kvo yaransın və bu vəziyyət növbəti onilliklər ərzində davam etsin.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, belə ölkələrin başında Fransa dayanır. Paris təsirinin güclü olduğu bəzi Avropa ölkələrini, “qoca qitə”nin müxtəlif təşkilatlarını məlum çirkin işə səfərbər edib. Bu isə bütövlükdə, Qərbin Cənubi Qafqazdakı proseslərə, Azərbaycanla Ermənistan arasında mövcud olan vəziyyətə, sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətsiz yanaşmasına gətirib çıxarıb. Azərbaycan xalqının və dövlətinin tarixində heç zaman soyqırımı, etnik təmizləmə törədilməsi kimi halların baş vermədiyinə və bunu bütün dünyanın yaxşı bildiyinə baxmayaraq, Qərb dairələri tərəfindən əsassız şəkildə və israrla Azərbaycanı “etnik təmizləmə” siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri son vaxtlar özünü açıq büruzə verir. Fransa ilə yanaşı, Avropa Parlamentinin, Avropa İttifaqının, Niderlandın, Almaniyanın və digər bəzi ölkələrin mövqeyində bu xətt aydın görünür.
Xüsusilə Avropa Parlamentinin oktyabrın 5-də keçirilən iclasında ölkəmizlə bağlı qərəzli, birtərəfli və obyektiv reallığı əks etdirməyən qətnamənin qəbulu qitənin digər ölkələri üçün bir növ siqnal rolunu oynayıb. Avroparlamentin qətnaməsi onlar üçün oryentirə çevrilib desək, yəqin ki, yanılmarıq. Məhz Avropa Parlamentinin çıxardığı qətnamədən sonra Avropa Şurası Parlament Assambleyası, İspaniya, Avstriya, Çexiya parlamentləri də buna bənzər fikirlərin yer aldığı sənədlər qəbul ediblər. Onlar sanki Avroparlamenti yamsılamaq yolunu tutublar. Görünür, bu ölkələrin parlamentləri emrənipərəst dairələrin əlində alətə çevrildiklərinin fərqində deyillər. Bu sıraya ATƏT-in fəaliyyətdə olan sədrinin də qoşulması təəssüf doğurur.
Hətta, son zamanlar uzaq Kanadanın ölkəmizə dil uzatması da Fransanın Ottava üzərindəki təsirinin nəticəsidir. Belə ki, Kanada ərazisinin böyük hissəsi bir vaxtlar fransız müstəmləkəsi olub. Bunun nəticəsidir ki, Paris indiyədək Kanada üzərində təsirini qoruyub saxlaya bilib. Bundan əlavə, Kanada fransız dilində danışan ölkələrin cəmləşdiyi Beynəlxalq Frankofoniya Təşkilatında təmsil olunur.
Qərbin Ermənistanı revanşizmə sürükləməsi özünü bir neçə istiqamətdə göstərir. Bura ilk növbədə Ermənistana “humanitar ehtiyaclarının ödənməsi” adı altında ardıcıl maliyyə yardımının göstərilməsi daxildir. Qarabağdan erməni əhalinin Ermənistana köçü Nikol Paşinyan üçün Qərbdən pul qoparmaq vasitəsinə çevrilib. O, bu məqsədinə qismən müvəffəq olub. Xüsusilə Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən III sammiti Paşinyan üçün göydəndüşmə olub. Baş nazir avropalı həmkarları ilə apardığı qısamüddətli danışıqlarda onlardan Qarabağ erməniləri adına pul istəyib. Zəngin Avropa dövlətləri isə hayların halına acıyaraq, Paşinyanın xahişinə “yox” deməyiblər. Əsas dəstəyi isə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin göstərdiyi açıqlanıb. Xanım Lyayen Paşinyanla Qranadada görüşdən sonra qeyd etmişdi ki, Avropa İttifaqı Qarabağ ermənilərinin humanitar problemlərinin həllinə kömək etmək üçün Ermənistana lazımi dəstəyi verməyə hazırdır. Görüşün yekunu üzrə qəbul edilən birgə bəyanatda deyilirdi: “Bu həftənin əvvəlində müzakirə etdiyimiz kimi, bizim bilavasitə diqqətimiz Ermənistana qaçmış 100 mindən çox Qarabağ ermənisinin humanitar ehtiyaclarının ödənilməsinə yönəlib. Biz Avropa İttifaqı tərəfindən 10,45 milyon avro təşkil edəcək humanitar yardımın və digər təcili dəstəyin maksimum effektivliyini necə təmin edəcəyimizi müzakirə etdik”.
Bundan əlavə, Ursula xanım birgə bəyanatda Avopa Komissiyasının büdcə dəstəyi olaraq Ermənistana illik proqramından 15 milyon avro ayırmaq üçün maliyyə səfərbər etdiyini açıqlayıb. Qeyd olunub ki, bu, Ermənistan hökumətinə təcili sosial-iqtisadi ehtiyacları həll etməyə, ərzaq və yanacaq tədarükünü dəstəkləməyə imkan verəcək.
Əlbəttə, bu maddi dəstək Paşinyan hökumətinə səbəbsiz verilmir. Necə deyərlər, havayı pendir heç siçan tələsindədə olmur. Bu pullar Ermənistana onun son vaxtlar Qərbin bölgədəki maraqlarının təmsilçisinə çevrildiyi üçün ayrılır. Qarşılığında isə Qərb Ermənistandan Rusiyaya qarşı istifadə etməyə çalışacaq. Qərb Paşinyan iqtidarının timsalında bölgədə yeni dayaq məntəqəsi formalaşdırır. İrəvan–Moskva münasibətlərində soyuqluğun yarandığı bir vaxtda Ermənistan Avropa üçün xüsusilə “cəlbedici” ölkəyə çevrilib.
Oktyabrın 23-də Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər naziri Ermənistana yardımın göstərilməsi və onun Aİ-yə yaxınlaşdırılması məsələsini müzakirə edəcəklər. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi xəbər verib: “Biz Ermənistanı dəstəkləmək, onun dayanıqlığını möhkəmləndirmək istəyirik. Ermənistan demokratik ölkədir. Biz Ermənistanı Aİ-yə yaxınlaşdırmaq istəyirik”.
Diplomatın sözlərinə görə, xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında danışıqlarda Aİ-nin vasitəçilik səylərini də müzakirə edəcəklər: “İki ölkə arasında sülh danışıqlarını irəli aparmaq lazımdır. Orada bir sıra məsələlər, o cümlədən sərhədin demarkasiyası var”.
Mövcud xüsusda son vaxtlar Ermənistanın silahlandırılması istiqamətində atılan addımlar da nəzərdən yayınmır. Burada da əsas canfəşanlıq edən Fransadır. Emmanuel Makron hökuməti İrəvana öldürücü silahlar tədarük edəcəyi vədini verib. Fransanın Ermənistandakı səfirliyində silah tədarükünün əlaqələndirilməsi üçün xüsusi hərbi attaşe təyin olunub.
Bundan əlavə, Avropa İttifaqının bu ölkədəki mülki müşahidə missiyası (EUMA) adlanan, əslində isə hərbiləşdirilmiş missiyasının müddətinin uzadılması və tərkibinin genişləndirilməsi ehtimalı da yüksəkdir. Bunu da Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib. Qeyd edib ki, bu addım Azərbaycan tərəfindən respublikanın suverenliyinə və ərazi bütövlüyünə “təhdidlərə” cavab olaraq atıla bilər.
Bəzi Avropa ölkələrində son vaxtlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar (Avropanın bəzi ölkələrində incə şəkildə əyilərək salamlamaq, ehtiram ifadə etmək, təşəkkür, görüş və ya xudahafizləşmək jesti-S.H.) da diqqətdən yayınmır. Bütün bunlar Qərbin ikiüzlülüyünə, ikili standartlarına və riyakarlığına heç bir şübhə yeri qoymur.
Halbuki, normalda Avropa dövlətləri və qurumları Azərbaycanın özünün dünya birliyi tərəfindən tanınmış ərazisində Ermənistanın qurub yaratdığı separatçı rejimi ləğv etməsini və qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən təhlükəsizliyinə əsas təhdidin aradan qaldırılmasını alqışlamalı idilər. Ancaq onlar əvəzində Azərbaycanı ləkələyən məkrli siyasət yürütməkdə davam edirlər. Bu siyasət isə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də BMT-nin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir. Qərb ölkələri terrorçuluğa qarşı 24 saatlıq lokal xarakterli tədbirlərə aparan hadisələri də təhrif olunmuş şəkildə təqdim edirlər. Ölkəmizin hər hansı etnik təmizləmə və zorakılıq törətmədiyi isə BMT-nin regiona həyata keçirilən iki missiyası tərəfindən təsdiqlənib. Eyni zamanda, Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmasına və erməni mülki sakinlərin ziyan görməməsi üçün həyata keçirilmiş müvafiq tədbirlərə etinasız yanaşılması ölkəmizə qarşı uzunmüddətli qərəzin göstəricisidir.
Ancaq Ermənistanda başa düşməlidirlər ki, hayları revanşizmə sövq edənlər onların əvəzindən bizimlə döyüşməyəcəklər. Zənnimizcə, bu məqamda iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər. Onların reallıqları anlaya bilməsi və barışması üçün bir neçə mərhələ olub. Onlar müxtəlif instansiyalara, qonşulardan başlayaraq uzaqda yerləşən bəzi ölkələrə qədər müxtəlif dövlətlərə müraciət ediblər. Amma, zənnimcə, ağlı başında olan heç kim Azərbaycanın ərazisində bizimlə döyüşməyəcək. Ona görə də onlar sonunda bu reallıqları başa düşməli və barışmalıdırlar. Artıq söylədim ki, işğal dövründə vasitəçilər mənə dəfələrlə deyirdi ki, “Birinci Qarabağ müharibəsi belə qurtarıb, siz reallıqları qəbul etməlisiniz”. Lakin mən onları qəbul etmirdim və etmədim. Ancaq indi mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu sözləri eşidəcək və düzgün nəticə çıxaracaqlar”.
İlyas HÜSEYNOV,
politoloq
– Sentyabrın 19-da başlanan və bir sutkadan az davam edən lokal antiterror tədbirləri ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin, Konstitusiya quruluşumuzun bütün ölkə ərazisində bərqərar olunması ilə nəticələndi. Qeyri-legitim, hüquqdan kənar heç bir addım atılmadı. Əksinə, Azərbaycan terrorçuluğa qalib gəldi və beynəlxalq sülhə töhfə verdi. Azərbaycan yalnız terrorçu qrupların və dəstələrin zərərsizləşdirilməsini həyata keçirdi. Antiterror tədbirləri zamanı heç bir mülki infrastruktur dağıdılmadı, dinc şəxsə zərər yetirilmədi. Bu da tədbirlərin peşəkarlıqla keçirilməsinin nəticəsidir.
Qərbi isə Cənubi Qafqazda gedən proseslərdə hər zaman öz marağı düşündürüb. Əgər onlar beynəlxalq hüququ müdafiə edirlərsə, dünyada demokratiya və insan haqlarının carçısıdırlarsa, məntiqlə Azərbaycanı dəstəkləməlidirlər. Amma biz bunun əksini müşahidə edirik. Bu da Qərbin ikili standarlarından və riyakarlığından irəli gəlir.
Əgər əvvəllər onların Ermənistanı müdafiə etməklə bağlı hərəkətləri daha çox siyasi sahədə, diplomatik müstəvidə müşahidə olunurdusa, son dövrlər həm də hərbi və təhlükəsizlik sahəsinə keçid etmək istəyirlər. Bu, əlbəttə ki, regional təhlükəsizlik nöqteyi-nəzərdən təhdidlər formalaşdırır. Avropa İttifaqının Ermənistanda olan və heç də mülki xarakter daşımayan missiyasının fəaliyyətini daha da genişləndirmək, burada xidmət edən insanların sayını artırmaq və texniki təchizatı gücləndirmək istiqamətində fikirlər ifadə olunur. Bu, siyasi spekulyasiyadır, yalanların tirajlanması və geniş xarakter almasına cəhdlər kimi də dəyərləndirilir.
Səxavət HƏMİD
XQ