Dünya şöhrətli “Ağdam” şərabı istehsala qayıdır

post-img

Qarabağ dirçəliş yolunda

Üzümçülük aqrar-sənaye kompleksinin ən gəlirli sahələrindəndir. Vaxtilə Azər­baycanda kənd təsərrüfatından əldə edilən ümumi mənfəətin 30 faizi üzümçü­lüyün payına düşürdü. Keçən əsrin 80-ci illərində isə üzümçülük iqtisadiyyatın aparıcı sahəsi olan neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin forma­laşmasında mühüm yer tuturdu.

1984-cü ildə Azərbaycanda üzümlüklə­rin ümumi sahəsi 280 min hektara çatdırıl­mış, həmin il ilk dəfə olaraq 2,1 milyon ton üzüm istehsal edilib. Şamaxı, Cəlilabad, Ağdam, Füzuli, Xanlar, Qazax, Tovuz və Şəmkir rayonlarının hər birində ildə 100 min tona qədər üzüm tədarük edilirdi. 

Üzümçülük Ağdam rayonunda da ənənəvi təsərrüfat sahələrindən biri sayı­lırdı. 1985-ci ildə 21,3 min hektar sahədən 104 min ton üzüm istehsal edilib. 1980–1988-ci illər ərzində rayonda üzüm istehsalı ölkə üzrə istehsalın təqribən 7,2 faizini təş­kil edib. Həmin dövrdə Ağdamda şərabçı­lıq sənayesinin inkişaf etdirilməsinə, şərab məhsullarının keyfiyyətinin yüksəldilmə­sinə və çeşidinin genişləndirilməsinə dövlət tərəfindən böyük diqqət yetirilirdi. Burada istehsal olunan şərab məhsulları dünyanın müxtəlif ölkələrinə ixrac olunurdu. 

Ağdamdan həm də qış aylarında Azər­baycan və SSRİ-nin digər şəhərlərinin əhalisinə təzə üzüm məhsulları tədarük edilirdi. Bu məqsədlə rayondakı “Qara­bağ” üzümçülük və şərabçılıq sovxozunda soyuducu tikilmişdi. Bu qurğu o dövrün ən son texnologiyalarına əsaslanırdı. La­kin keçmiş İttifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar Ağdamda da üzümçülüyün inkişafına cid­di zərbə vurdu. Bu qərəzli qərardan sonra üzüm sahələri azaldılaraq 1988-ci ildə 15,5 min hektara düşdü. 1988-ci ildə üzümlük­lərdən 86,1 min ton məhsul əldə edildi.

Digər tərəfdən, 90-cı illərin əvvəllərin­də ölkədə yaranmış vəziyyət bu sahənin tənəzzülünə səbəb oldu. İstehsalçılarla is­tehlakçılar arasında ənənəvi münasibətlər pozuldu və nəticədə bir sıra üzümçülük–şərabçılıq müəssisələri fəaliyyətini dayan­dırdı. Üzüm sahələrinin bir hissəsi işğal altına düşdü. Rayonun işğal edilməyən ərazilərində isə bir neçə hektar üzüm bağ­ları qaldı. Bu sahəyə maraq tamamilə azal­dı və onun yerini taxıl zəmiləri tutdu.

Bu barədə Ağdamdan məcburi köçkün Nadir Alışov dedi:

– Üzümçülük Ağdamın ən gəlirli sahə­si idi. Burada şərabçılığı inkişaf etdirmək üçün bütün imkanlar vardı. 17 şərab za­vodu, 50 min hektar üzüm bağının olması dediklərimin təsdiqidir. Bu diyar həm də bazara çıxartdığı şərab və konyakı ilə məş­hurlaşmışdı. Yadımdadır, “Ağdam” şərabı Rusiyada satışa çıxarılan kimi mağazala­rın qarşısında uzun növbələr yaranırdı. Bu içkini digər portveynlərdən fərqləndirən üs­tünlük onun tərkibində 8 faiz şəkər və spir­tin tündlüyünün 19 faiz olması idi. 

Sovet İttifaqı dövründə Rusiya bazarına həm ucuz, həm də keyfiyyətli içki lazım idi. Bu səbəbdən “Ağdam” şərabının alıcı qüv­vəsi böyük idi. Bu vaxtadək “Ağdam” şərabı ilə bağlı o dövrdə yayılmış bir söhbəti də unutmamışam: “Bir dəfə Ağdamın birinci katibi qurultayda iştirak etmək üçün Mosk­vaya gedir. Qurultaydan sonra qəzet almaq məqsədilə növbəyə dayanır. Birdən admi­nistratorun “Ağdam”, “Ağdam” deyə qışqır­dığını eşidir. Katib də “buradayam, eşi­dirəm” deyə cavab verir. Administrator “siz niyə növbəyə dayanmısınız, bütün ruslar sizin şərab üçün növbəyə dayanır” - deyə bildirir. Katib növbədənkənar buraxılır”. 

Şərab zavodunda işlədiyim dövrdə “Ağdam” portveynin hazırlanmasında “Ba­yanşirə”, “Rkatsiteli” üzüm sortlarından is­tifadə edilirdi. “Ağdam” konyakı da keyfiy­yətinə görə seçilirdi.

Həmin vaxtlar Ağdamın Seyidli məhəl­ləsindəki həyətimizdə üzüm talvarı düzəlt­mişdim. Sözün düzü, tingləri şərab za­vodundan gətirmişdim. Yaxşı da məhsul verirdi. Şəhəri Ermənistan silahlı qüvvələri işğal etdikdən sonra uzun illər Ağdamı zi­yarət edə bilmədim. Bu günə şükür edirəm. Artıq Ağdam 3 ildir azad edilib, iki dəfə doğma şəhərimdə olmuşam. Birinci dəfə evimizin yerini çox axtarsam da tapa bil­mədim. İkinci səfərimdə isə evimizi həyəti­mizdəki üzümdən tanıdım. Əlbəttə, evdən əsər-əlamət yox idi, yerində daş qalağı qalmışdı. Talvarın dəmiri də sökülüb aparıl­mışdı. Amma üzüm tənəyindəki salxımları gördükdə çox sevindim. Həyəcanla yaxın­laşıb bir salxım qopartdım. Gilələri necə də şirin idi. Sanki, illərlə günəş şüalarını canına çəkmiş, şirinləşmiş və ev sahibini gözləmişdi. Yedikcə o istiliyi hiss edirdim. Doyunca doğma torpağın havasını sinəmə çəkdim. Mənə bir rahatlıq gəldi. Tezliklə ailəmlə Ağdama, öz doğma şəhərimə qa­yıdacağıma inanıram. Həyətimdəki üzüm tingləri üçün yenidən talvar düzəldəcəyəm. O ayrılıq illərini onlara qulluq etməklə unut­mağa çalışacağam. Bir arzum da var: İstərdim ki, Ağdam rayonunda üzümçülük və şərabçılıq yenidən dirçəldilsin. 

Üzümçülüyün inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları hazırda Ağdam­da öz müsbət nəticələrini verir və salınan üzüm bağlarının sahələri və istehsalı artır. Bunu statistik rəqəmlər də təsdiqləyir. Əgər 2011-ci ildə Ağdamın üzüm sahələrindən 357 ton məhsul yığılmışdırsa, 2019-cu ildə bu göstərici 402 ton, 2022-ci ildə 405 ton olub. 2025-ci ildə isə rayonda 3,8 min ton üzüm istehsal edilməsi proqnozlaşdırılıb. Bu həm məhsuldarlığın artması, həm də yeni salınmış üzüm bağlarının məhsul ver­məsi ilə bağlıdır.

Bundan əlavə, “Ağdam” şərabının əv­vəlki şöhrətinin qaytarılması istiqamətində addımlar atılır. Ölkə rəhbərliyi İxracın və İn­vestisiyaların Təşviqi Agentliyinə (AZPRO­MO) bu brendi dirçəltmək və populyarlaş­dırmaq üçün göstəriş verib.

AZPROMO-un sədri Yusif Abdullayev bildirib ki, bunun üçün İqtisadiyyat Nazirli­yinə və rəhbərlik etdiyi quruma “Ağdam”ın coğrafi və əmtəə nişanı kimi qeydiyyata alınması tapşırılıb. Bu məhsul əsasən, yerli avtoxton üzüm sortları ilə istehsal olu­nacaq. 

Hazırda ölkədə “Bayanşirə”, “Məd­rəsə”, “Xindoqnı” kimi yerli sortların yetiş­dirilməsinə böyük diqqət yetirilir. Bu növlər ağ və qırmızı şərabın istehsalı üçün istifa­də olunur. “Ağdam” brendinin dirçəldilməsi də avtoxton “Bayanşirə” sortunun inkişafı üçün səmərəli platforma olacaq. 

 

Pünhan ƏFƏNDİYEV
XQ



Sosial həyat