Bəs niyə onları kor qoymuşuq?
II YAZI
Abşeron gölləri vaxtilə öz təbiətinə görə nadir sututarlar siyahısına daxil edilib. Bu su ehtiyatlarından sosial-iqtisadi ehtiyacların ödənilməsində istifadə olunub. Lakin sonrakı illərdə sənayenin, xüsusilə də neft sektorunun inkişafı ilə əlaqədar müxtəlif tullantıların və kimyəvi birləşmələrin təsiri ilə həmin göllər kəskin çirklənməyə məruz qalıb.
Bu azmış kimi, yarımadada vaxtilə kənd təsərrüfatı məqsədilə istifadə olunmuş torpaqlarda son illərdə salınmış yeni-yeni yaşayış massivlərinin tullantı sularının da ətraf göllərə axıdılması problemi bir qədər də dərinləşdirib. Beləcə, 200-ə yaxın müxtəlif süni və təbii göl baxımsızlıq ucbatından çirkab mənbəyinə çevrilib. Halbuki vaxtilə bu göllərin bir çoxu respublikamızın əsas duz mənbələrindən olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron yarımadasında yerləşən duzlu göllərlə bağlı ünvanladığımız sorğuya cavab olaraq bu sahədə ekoloji vəziyyəti ağırlaşdıran səbəblərdən biri kimi əhalinin sayının getdikcə artması nəticəsində mövcud göllərin ətrafındakı mühafizə zonalarında kortəbii yeni yaşayış massivlərinin salınması göstərilir. Qeyd olunur ki, həmin ərazilərdə sürətlə yaşayış evləri tikilir, məhəllələr salınır, amma mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması unudulur. Belə şəraitdə isə əhali məişət-çirkab sularının birbaşa yaxınlıqda olan göllərə və ətraf ərazilərə axıdılması məcburiyyəti ilə qarşılaşır. Nəticədə, həmin su hövzələri zərərli maddələrlə çirklənərək güclü antropogen təsirlərin mərkəzinə çevrilir.
Məlumatda Abşeron yarımadasında həcm baxımından 14 iri gölün–Xocəsən, Qırmızı, Puta, Qu, Masazır, Mirzələdi, Qızılnohur, Pirşağı, Kürdəxanı, Bülbülə, Binəqədi, Zabrat, Zığ və Böyükşorun adları çəkilsə də, onların hansı ekoloji təsirlərə məruz qalmasının üzərindən sükutla keçilir. Halbuki açıqlamanın əvvəlində göllərin sadalanan səbəblər üzündən çirklənməsi bildirilir. Məsələn, min hektara yaxın sahəni əhatə edən Masazır gölünün Bakı şəhərindən 21 kilometrlik məsafədə, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşdiyi, suyunda duzluluğun yüksək olması-110 promil təşkil etdiyi vurğulansa da, kənar təsirlərə məruz qalması barədə heç bir söz deyilmir.
Əslində, adıçəkilən nazirliyə ünvanladığımız yazılı sorğuda da məqsəd Masazır gölünün, eləcə də digər su hövzələrinin zərərli maddələrlə çirklənərək antropogen təsirlərə necə məruz qalmasını öyrənmək və qurumun bu barədə gördüyü tədbirlərin nəticəsi barədə oxucuları tanış etmək idi. Lakin məlumatın ilk abzasında göllərin acınacaqlı vəziyyətini ifadə edən ümumi qeydləri nəzərə almasaq, qalan hissədə məlum statistik göstəricilərdən savayı, narahatlıq doğuran vəziyyət barədə heç nə vurğulanmır. Belə olan təqdirdə, materialın hazırlanmasında ümumi müşahidələrimizə, sakinlərin fikirlərinə, ən əsası isə ekspert rəyinə əsaslanmalı olduq.
Masazır gölü ətrafında indi illər əvvəlki mənzərədən əsər-əlamət yoxdur. Evlər duzlu su hövzəsinin, necə deyərlər, artıq bir addımlığındadır. Gölün lap yaxınlığında Badam bağının yerində Villa Badam kimi yeni yaşayış məntəqəsi diqqət çəkir. Binalar və drenajsız sərt örtüklər (asfalt və beton), həmçinin kanalizasiya sisteminin qurulması hövzəyə daxil olan yağış və qrunt sularının azalmasına səbəb olur. Şübhəsiz ki, belə bir vəziyyət gölə su axınına mənfi təsir göstərir və hövzəni quruma təhlükəsi ilə üzləşdirir.
Burada bir məqamı da zəruri olduğu üçün bir daha xatırladırıq. Qeyd edildiyi kimi, Masazır qəsəbəsinin müəyyən hissəsində, eləcə də Novxanı yaşayış sahəsində artıq bir neçə ildir ki, kanalizasiya sistemi işləyir. Mütəxəssislərin fikrincə, bu, adamda gölün ekoloji vəziyyətinin qorunması təsəvvürü yaratsa da, əslində, kanalizasiya sistemi təbii su axınının məhdudlaşdırılmasına, bura daxil olan yağış və qrunt sularının azalmasına, kənar ərazilərdəki tullantı sularının yenidən gölə sızmasına, nəticədə, gölün quruma təhlükəsi ilə üzləşməsinə şərait yaradır.
Beləliklə, gölün quruma ehtimalının qarşısını almaq üçün ən yaxşı həll yolu gölətrafı ərazini əvvəlki vəziyyətə gətirmək, başqa sözlə, hövzəyə istiqamətlənən su axınını təmizləməklə onu yenidən Masazır gölünə yönəltməkdir. Bununla yanaşı, sözügedən coğrafi sahə təmiz saxlanılmalı, ora məişət tullantılarının və plastik torbaların atılmasına imkan verilməməlidir. Çünki küləkli günlərdə həmin tullantılar hava axını ilə gölə tökülür. Bütün bunlar isə təbiətin yaratdığı bu zəngin potensialın–sirli göl ekosisteminin şüurlu insan əli ilə məhv edilməsinin, mədəni və təbii dəyərlərin üzərindən xətt çəkilməsinin, gölün qorunmasına, istismarına laqeyd yanaşılmasının bariz göstəricisidir.
Yeri gəlmişkən, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən su hövzələrindən biri də “Zibilli gölü”dür. Yəqin ki, bu ad ona gözdən-könüldən uzaq düşdüyü, nəzarətsiz qaldığı illərdə verilib. Başqa sözlə, hövzə yaxın ərazidəki evlərin tikintisindən sonra orada yaranan və sürətlə genişlənən yaşayış sahəsinin məişət tullantılarının atıldığı yerə çevrilib. Təbii ki, ərazinin kanalizasiya sistemindən tullantılar da bura axıdılır. Artıq gölün adı tarixə qovuşur, doldurularaq yerində evlər tikilir. Avqust ayında həmin ərazidə olarkən, gölün qurudulması prosesi sürətlə davam etdirilirdi. Müraciət etdiyimiz müvafiq dövlət qurumlarından isə heç biri məişət tullantılarının doldurulması ilə gölün qurudulmasının səbəbini izah etməyə maraq göstərmədi. Sakinlər isə yaxın günlərdə gölün yerində yaşayış sahəsinin salınacağını bildirdilər...
Oxşar problemlərə ölkəmizin müxtəlif bölgələrində yerləşən göllərdə də təsadüf olunur. Əsasən, Şəki–Qax və Aran bölgələrində yerləşən, vaxtilə duzlu göllər kimi tanınan su hövzələri artıq ekoloji fəlakətlə üz-üzə qalıb desək, yəqin, yanılmarıq. Son illər həddindən artıq çirklənməyə məruz qalmış bu göllər hazırda duzlu göl yox, sadəcə, çirkab mənbəyini xatırladır. Üstəlik, həmin göllərin duzçökdürmə səviyyəsi də əvvəlki illərlə müqayisədə xeyli azalıb. Hazırda yerli sakinlər tərəfindən bu göllərdən çıxarılan az miqdarda duzdan heyvanlara yem kimi verilməsi hallarına təsadüf olunur ki, bu da yodlaşdırılmamış məhsul olduğundan qanunsuz sayılır. Belə ki, “Yod çatışmazlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8.3 maddəsinə əsasən, ölkədə yodsuz duzun istehsalı, idxalı, hətta heyvanlara yem məqsədilə verilməsi qadağan edilib.
Göründüyü kimi, Abşeron yarımadasında, eləcə də ölkəmizin ayrı-ayrı ərazilərində təbiətin insanlara bəxş etdiyi zəngin oksigen mənbəyi olan göllər elə insanın öz əli və əməli ilə zaman-zaman ekoloji terrora məruz qalıb. Əvvəllər öz sərvətlərini duz və müalicəvi palçıq şəklində insanlara bəxş edən göllər indi, sadəcə olaraq, zibil poliqonunu xatırladır. Necə deyərlər, kimin əlinə nə keçirsə, bu göllərə və ya onların ətrafına atır. Nəticədə, təbii sərvətlərimiz olan göllər təmiz su mənbəyindən, az qala, kimyəvi elementlər poliqonuna çevrilib. Son illərin ekoloji terrorununun qurbanına çevrilmiş həmin sututarların təmizlənərək əhalinin istifadəyə qaytarılması isə xeyli zaman və vəsait tələb edir.
Vaqif MƏMMƏDOV,
ETN Geologiya və Geofizika İnstitutu hidrologiya və
geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru
Hazırda ölkəmizin ayrı-ayrı ərazilərində tərkibində müxtəlif miqdarda duzlar olan onlarca göl mövcuddur. Bunlar, əsasən, isti iqlimə malik ərazilərdə yerləşir. Həmin göllərin əksəriyyəti Abşeron yarımadasında, qismən də Şəki və Qax rayonlarının cənub hissələrində, eləcə də Salyan rayonun ərazisində, Kür çayının sol sahilindədir.
Hələ orta əsrlərdə, bəlkə də daha qədim dövrlərdə insanlar Abşeron yarım-adasında olan şor göllərdən duz istehsalında istifadə ediblər. Çox təəssüf ki, hazırda bu göllərin bir neçəsi istisna olmaqla qalanları çirklənməyə məruz qaldığından onlardan duz istehsal etmək mümkün deyil. Amma həmin ərazidə yerləşən Böyük Şor, Masazır, Mizələdi, Fatmayı, Kürdəxanı, Qala, Zığ, Məhəmmədi (az miqdarda) su hövzələrindən vaxtilə kifayət qədər duz istehsal olunub. Keçmişdə yerli sakinlər bu göllərdən duzların toplama vaxtını bilirdilər. Hətta 19-cu əsrin məlumatlarında qeyd olunur ki, əhali duzu toplayıb qurudaraq satış məqsədilə istifadə edir və ya başqa əmttə ilə dəyişirdi.
Yeri gəlmişkən, hələ İkinci Dünya müharibəsinə qədər Böyük Şor gölündən xeyli duz çıxarılırdı və orada “Baksol”, Bakı Duz Təşkilatı fəaliyyət göstərirdi. Həmin dövrdə “Baksol” gölünün şimal-qərb sahillərində hovuzlar var idi. Günəşin istiliyi nəticəsində quruyan həmin hovuzların dibinə duz çökür və məhsul yaxınlıqda yerləşən istehsal müəssisəsində emal olunaraq satışa çıxarılırdı. Sonralar neft sənayesinin inkişafı ilə əlaqədar Abşeron yarımadasındakı digər göllər kimi, Böyük Şor gölü də çirklənməyə məruz qaldı.
Abşeron yarımadasında yerləşən Böyük Şor gölü ilə yanaşı, Fatmayı, Kürdəxanı, Qala və Zığ gölləri də duz istehsalı əhəmiyyətini çoxdan itiriblər. Çünki quruda neft sənayesinin inkişafı zamanı quyularda çoxsaylı fontanlar baş verirdi. Zaman-zaman həmin fontanların nefti relyefin alçaq yerlərinə yayılıb toplanırdı. Abşeronda da ən alçaq yerlər məhz həmin çökəkliklərdir ki, onların da çoxu bu göllərlə tutulub. Ötən müddətdə həmin göllər o qədər çirklənib ki, indi onlara göl yox, sadəcə, çirklənmiş su hövzəsi demək olar. Digər tərəfdən, həmin göllərə xeyli neft-mədən, lay suları, emal zamanı əmələ gələn tullantı suları yığıldığından artıq orada duzyığılma prosesi baş vermir.
Abşeronun qərb hissəsində, Qobustan sərhədinə yaxın ərazidə də xırda duzlu göllər çoxdur. Bu göllər yeraltı duzlu sularla qidalansa da, hazırda onların heç biri, demək olar ki, duz çökdürmür. Bununla yanaşı, yaxınlıqda yerləşən Şirin nohur, Dadlı çala, Şorlu çala, Meyliqulu çala, Əyriçala şor və s. göllər yayda quruyur. Hələlik həmin ətraflarda sənaye və ya emaledici sənaye sahələri, yaşayış məntəqələri olmadığına görə göllər hazırda təbii vəziyyətdədir. Bu göllər yayda qurusa da, onların dibinə duz çökmür.
Digər iki böyük gölün biri respublikanın cənub hissəsində, Salyan rayonunun ərazisində yerləşən Duzdağ gölüdür. Bu gölün yanında eyni adlı palçıq vulkanı da mövcuddur. Yeraltı duzlu sularla qidalanan gölün sahəsi 4 kvadratkilometrə yaxın, uzunluğu 5, eni isə 1 kilometrdir. Amma duzu istifadəyə o qədər də yararlı olmadığından ondan istifadə edilmir. Bununla yanaşı, orada maqneziumlu acı duzların üstünlük təşkil etməsi də istisna olunmur. Yay fəslində Duzdağ gölü, demək olar ki, tam quruyur və ya quruma həddinə çatır.
Şəki rayonunun asağı, cənub hissəsinə yaxın ərazidə yerləşən Acınohur gölünün də böyük sutoplayıcı hövzəsi var. Burada suyun səthinin hündürlüyü, təqribən, 107 metr səviyyəsindədir. İlin fəsillərindən asılı olaraq gölün səthi 10-12 min kvadratkilometr təşkil edir. Amma göl çox dayazdır. Suyun bol olduğu vaxtlarda heç bir metrə belə çatmır. Ətrafları düzənlik olan ərazilər ağappaq rəngdədir. Bu gölün mənbəyini həm yeraltı sular, həm də ətrafda formalaşan yağış və qar suları təşkil edir.
Bu gün çirklənmə səviyyəsi az olan yeganə duz mənbəyi Masazır gölüdür. Məlum olduğu kimi, hazırda həmin göldən duz çıxarılır və yaxınlıqdakı zavodda istehsal olunaraq satış üçün hazırlanır. Bununla yanaşı, Masazır gölünün yaxınlığında, şərq tərəfdə yerləşən Mirzələdi gölündən də duz çıxarılıb və həmin müəssisədə təmizlənir. Əslində bu gün Masazır və Mirzələdi gölləri də çirklənməyə məruz qalır. Çünki onların ətrafında iri yaşayış məskənləri–Masazır, Novxanı və Saray qəsəbələri yerləşir. Amma bu göllərin çirklənmə səviyyəsi az olsa da, düşünürəm ki, vaxtında tədbir görülməsə, onların suyu da, duzu da çirklənəcək.
Əfsuslar olsun ki, təbii vəziyyətdə duzçökdürən göllərimiz ilbəil azalır. Belə ki, Masazır, Mirzələdini, eləcə də Acınohur və Duzdağı (bir sıra xırda göllərin isə elə bir əhəmiyyəti yoxdur) nəzərə almasaq, başqa duz mənbəyimiz qalmayıb. Abşeron yarımadasında, eləcə də ölkəmizin digər ərazilərində yerləşən duzlu göllərin çirklənməsi respublikamızı duz istehsalında xeyli geri salıb. Əgər həmin göllər çirklənməyə məruz qalmasaydı, Azərbaycanın xeyli sayda duz mənbəyi olardı. Amma vaxtilə bu göllərdən çıxarılan duz məişətdə istifadəyə tam yarayırdı. Digər göllərin, eləcə də Acınohur və Duzdağ su hövzələrinin duzları bir az texniki xarakterli idi. Həmçinin o göllərin dibində bioaktiv maddələrlə zəngin lil kütləsi, palçıq əmələ gəlirdi. Bu isə bir sıra xəstəliklərin sağalmasına kömək edirdi.
Yeri gəlmişkən, Elmi-Tədqiqat Kurortologiya İnstitutu tərəfindən ötən əsrin 30-50 ci illərində götürülmüş çoxsaylı nümunələr də həmin palçığın müalicəvi əhəmiyyətini tam sübuta yetirmişdi. Təəssüf ki, artıq duzla yanaşı, o palçıq da yoxa çıxıb. Çünki göllər çirklənməyə məruz qaldığından əvvəlki bioaktiv qüvvəsini, müalicəvi əhəmiyyətini itirib. Əgər bu göllər çirklənməsəydi, onların sahilində müalicəvi sanatoriyalar təşkil etmək olardı, ətrafdakı duzlu aerozollarla bol hava ilə də nəfəsalma sistemi zəif olan adamlar yaralana bilərdi.
Başqa bir misal. Zığ qəsəbəsinin cənubunda dənizə yaxın yerdə bir balaca göl var. Camaat adına Duzlu göl deyir. Vaxtilə həmin göl dənizin balaca bir körfəzi olub. Sonradan Xəzərin səviyyəsi aşağı düşdüyündən həmin ərazi dənizdən aralanıb və vaxtilə yaxınlıqdakı neft quyularının yodlu-bromlu, bir qədər də yeraltı suları ilə qidalanmağa başlayıb. Əhali gölün suyunun və dib hissəsinə yığılan palçığın müalicəvi xarakter daşıdğını düşünərək yay aylarında ora axın edir.
Düşünürəm ki, həkim-bioloqlar, kurortoloqlar Duzlu gölün ərazisində lazımi tədqiqat aparıb bu barədə rəy verməlidirlər. Əgər sözügedən gölün müalicəvi əhəmiyyəti təsdiqlənsə, onun çirklənməsinin qarşısı dərhal alınmalı və ərazidə hökm sürən antisanitar vəziyyət aradan qaldırılmalıdır.
Vaqif BAYRAMOV
Mirbağır YAQUBZADƏ
XQ