Meyitlərlə alver edən İrəvanın Bakıya qarşı körüklədiyi “səlib yürüşü” də faydasız olacaq
Baş verənlər təbii qəbul olunmalıdır. Hərbi gücdən və bölgədəki vəziyyətə təsir imkanından məhrum olan İrəvanın siyasi təxribatlara əl atması çoxdan bizi təəccübləndirmir. Onun özünü saldığı burulğandan qurtulması üçün saman çöpündən yapışması da normal qəbul olunmalıdır. Amma bu zaman beynəlxalq hüquq və diplomatik etiketlə bir araya sığmayan üsul və gedişlərdən yararlanmaqla Azərbaycana qarşı başlatdığı “beynəlxalq yürüşün” heç bir nəticə verməyəcəyini də unutmasın.
Ölkəmizə qarşı belə “feyk” gedişlərdən birini də Ermənistanın ombudsmanı Anait Manasyan quraşdırmağa çalışır. Paşinyanın təbliğat maşınının dünya ictimaiyyətinə Azərbaycanın Qarabağ ermənilərini “etnik təmizləməyə” və “soyqırımı”na məruz qoymasını sırımaq üçün təsdiqləyici sübutlar üzə çıxıbmış. Hayastanın baş nazirinin bu günlərdə Strasburqda Avroparlamentin iclasında “fitilini yandırdığı” dezinformasiyanı ombudsman gerçəklik donuna bürüməyə cəhd edir: “Azərbaycanın 19-20 sentyabr hərbi təcavüzündən sonra aşkar edilən və Ermənistana gətirilən onlarca Qarabağ sakininin cəsədində işgəncə əlamətləri və bədən xəsarətləri var”. Bunu jurnalistlərə bəyan edən Manasyan bu yolla Azərbaycanın Qarabağ ermənilərini “etnik təmizləməyə” məruz qoymasını “sübut etməyə” çalışır. Belə məqamda deyirlər, adımı sənə qoyum, səni də yana-yana. Axı həmin antiterror tədbirlərindən bir gün sonra Ermənistan baş naziri “Qarabağın erməni sakinlərinə qarşı təhdid və təhlükəni görmədiyini” özü bəyan etmişdi. Amma üstündən bir ay keçməmiş Ermənistanın “ictimai-siyasi xadimləri” sanki yuxudan ayılıb Bakıya qarşı yalan və saxtakarlıqla dolu növbəti dezinformasiyanı üfürməyə başladılar. Elə həmin məqamda kimlər tərəfindən öldürüldüyü hələ bilinməyən Qarabağ ermənilərinin “işgəncə izləri tapılmış cəsədləri” ortaya çıxdı. Heç şübhə yoxdur ki, İrəvanın bu uydurma və ittihamları ən çirkin üsulla Bakının beynəlxalq imicinə zərbə vurmaq, dünya birliyinin gözündə Azərbaycanı ləkələmək məqsədini daşıyır. Bu çirkin kampaniyada erməni KİV-i fəal iştirak edir. Ombudsmanın havadan qapdığı, konkret adama və fakta söykənməyən açıqlaması ictimai rəylə manipulyasiyadan başqa bir şey deyil.
Bəs o cəsədlər kimindir?
Müvəkkil Anait Manasyanın açıqlamasında cəsədlərin konkret kimlərə məxsus olduğu, hansı şəraitdə və harada tapıldığı barədə heç nə deməməsi diqqəti cəlb edən məqamdır. Yəni burada söhbətin heç kim və heç nə barədə getdiyi üzə çıxır. Həlak olan qadın və uşaqlarla bağlı deyilənlərin də nəyə söykəndiyi qətiyyən aydın deyil. Bəli, İrəvanın yeni “feyk” partiyası göz önündədir. Axı, ən düzgün variantda burada söhbət Azərbaycanın Qarabağdakı silahlı quldurları suveren ərazimizdən təmizləmək üçün həyata keçirdiyi 23 saatlıq antiterror tədbirləri zamanı öldürülən erməni əsgərlərin meyitlərindən gedə bilər. Ombudsman təkidlə o tarixi göstərsə də, yalnız mülki şəxslərin ölümündənn danışır. Bəlkə həmin cəsədlər sentyabrın 25-də Xankəndidə yanacaqdoldurma stansiyasında baş vermiş dəhşətli patrtlayış və yanğında ölənlərə məxsusdur? Bu, Qarabağın çoxsaylı dinc erməni sakininin həlak olduğu yeganə faciəvi hadisədir. İrəvan, çox güman ki, həmin dəhşətli hadisə nəticəsində ölənlərin meyitlərini “etnik təmizləmə qurbanlarının” cəsədləri kimi təqdim etməklə, Bakıya qarşı yeni və “səs-küylü” təxribatın baş tutacağına ümid edir. Deməli, Ermənistan hakimiyyəti meyitlər üzərində “siyasi alveri” özünə sığışdıracaq qədər aşağı yuvarlanıb.
Yaxın günlərdə zəruri qrimdən, fotoşopdan istifadə etməklə “tələb olunan” vəziyyətə gətiriləcək cəsədlərin fotoşəkilləri yerli və xarici KİV-də yayımlansa qətiyyən təəccüblənməyəcəyik. Əsas məsələ beynəlxalq miqyasda ajiotaj yaratmaqdır. Amma bu “qurama səhnənin” bir “əmması” da var. Əgər bu “siyasi tamaşada” partlayışda ölənlərin meyitlərindən istifadə ediləcəksə, onda hayların “ideoloji işbazları” ciddi səhvə yol veriblər – yanacaqdoldurma məntəqəsində partlayışın baş verdiyi gün Azərbaycan hərbçiləri hələ Xankəndidə yox idi!
Bir versiya da var. Əgər sabah-birisigün üzə çıxsa ki, cəsədlərini “etnik təmizləmənin əşyayi-dəlili” kimi dünyaya nümayiş etdirəcəkləri həmin Qarabağ ermənilərini özləri işgəncə verərək qətlə yetiriblər, yenə təəccüblənməyə dəyməz. Çünki hayların, yeri gələndə, “milli maraqları naminə” soydaşlarını da qurban vermələrinin “tarixi ənənəsi” mövcuddur. 1918-ci ilin martında daşnaklar Bakıda Azərbaycan türklərinə qarşı etnik təmizləməni, soyqırımı məhz özlərinin qətlə yetirdiyi bir erməninin cəsədini müsəlman məhəlləsinə atmaqla başlamışdılar.
Mövsümi tərəfdaşların hay “canfəşanlığı”
Cənubi Qafqazda, Azərbaycan və Ermənistan arasında yaranmış son vəziyyətə, sentyabrın 20-də həyata keçirilən antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşmayan Qərbin haypərəst dairələri Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə girişiblər. Bizi dünya ictimaiyyətinə “işğalçı”, “anti-humanist” ölkə kimi təqdim etmək cəhdləri özünü açıq şəkildə büruzə verir. Bir mərkəzdən təşkil və idarə olunduğu şübhə doğurmayan bu “siyasi şou” Avropa Parlamenti, Avropa İttifaqı, Fransa, Niderland, Kanada, Almaniya və digər ölkələrin sərgilədiyi mövqelərdə aydın görünür. İndi bu “siyasi şou”ya Çexiya parlamenti qoşulub. Bu ölkənin qanunverici orqanı Bakını “Qarabağda yerli əhali ilə davranışı müşahidə etmək üçün beynəlxalq müşahidəçilərin bölgəyə girişinə imkan verməyə, tarixi və dini abidələri qorumağa” çağırır. Mesaj aydındır. İrəvanın və onun xaricdəkı havadarlarının düzənlədiyi “Qarabağda etnik təmizləmə” şousuna BMT-dən qəti və birmənalı cavab verilib: bölgəni tərk edən etnik ermənilərə qarşı təzyiq və zorakılıq faktı mövcud deyil. Yəni, BMT Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edib Ermənistana köçənlərin pis rəftara məruz qalmadığını açıqlayıb. Həm də bu açıqlamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İrəvandakı nümayəndəsi Kavita Belani oktyabrın 2-də qurumun Cenevrə ofisinin həftəlik mətbuat konfransında çıxışı zamanı verib: “Bizə məlumdur ki, indiyədək ermənilərə qarşı bir pis rəftar halı, hər hansı insident qeydə alınmayıb. Düzdür, bu, uzun yoldur, həmin vaxt tıxac insanları çətin vəziyyətə salır. Amma azərbaycanlılar tərəfindən pis rəftar faktı qeydə alınmayıb”.
Azərbaycan hakimiyyəti nəinki Qarabağ ermənilərini köçməyə vadar etdi, əksinə, onların reinteqrasiyasını istədiyini bildirdi. Sakinlərə ərzaq paylandı, tibbi yardım göstərildi. Dövlətimizin bu tolerant və humanist mövqeyini hətta bizi istəməyən qüvvələr də rəsmən etiraf etdilər. Fəqət ABŞ və Avropa İttifaqının BMT missiyası və ya beynəlxalq müşahidıçilərin Qarabağa yerləşdirilməsi ilə bağlı təklifinə rəsmi Bakının dolayısı ilə yox deməsi, əlbəttə, Qərbi məyus edib. Bu səbəbdən “etnik təmizləmə” ittihamları, “Qarabağ ermənilərinin təhlükəsiz qayıdışına təminat” tələbi kimi “ssenarilər” dövriyyəyə buraxılıb. Amma Azərbaycana ədalət prinsipindən və beynəlxalq hüquqdan kənar münasibət sərgilədikcə Qərbin bölgədəki mövqeyinin zəifləyəcəyi şəksizdir. Ermənipərəst və fürsətgir xarici aktorları narahat edən Prezident İlham Əliyevin xalqa müraciətində yerli problemləri region dövlətlərinin öz aralarında həll etmək təklifi oldu. Rəsmi Bakının “3+3” formatlı regional əməkdaşlığın tərəfdarı olması, Rusiya, Türkiyə və İranın da buna müsbət yanaşması Cənubi Qafqazın siyasi coğrafiyasını dəyişir. Bu yeni reallıq bölgədən öz paylarını umanların kürkünə birə salıb.
İnformasiya məkanı çirkləndirilir
Ətraf mühiti zərərli istehsal sahələrinin tullantıları çirkləndirdiyi kimi, hayların ideoloji təxribat və siyasi şantaj “kombaynı” da hazırda Qərbin və dünyanın informasiya məkanını mümkün qədər çox zibilləməklə məşğuldur.
Ümumiyyətlə, ortada aşkar görünən fakt ondan ibarətdir ki, Paşinyan və onun komandası “Qarabağ uğrunda” mübarizənin yeni mərhələsinə keçməyə qərar verib. Hər şeydən göründüyü kimi, bu utopik məsdəqlərinə çatmaqdan ötrü onların əlləri çatan bütün vasitələrdən – saxtakarlıqdan, yalan və böhtandan gen-bol yararlanacağı şübhəsizdir. Bu məqsədə çatmağın yolunda Azərbaycana qarşı pərdələnmiş “səlib yürüşünü” təşkil etməkdən belə çəkinməyən İrəvan və onun himayədarları beynəlxalq səhnəyə çıxara biləcəkləri bütün “arsenalı” işə salıblar. Bu “siyasi hücümün” təşkilində hayların “harayına züy tutan” avropalı siyasətbazlarla yanaşı, müxtəlif beynəlxalq təkilatlarda və ölkələrdəki lobbilər də yaxından iştirak edirlər. Kollektiv təşkilatçılığa informasiya dəstəyi verən ermənipərəst media resursları isə dünyanın xəbər məkanını müxtəlif “tullantılarla zibilləməklə” məşğuldurlar. Bu zaman “feyk” yaratmağın ən müasir, modern üsullarından yararlanmağı da unutmurlar.
Bakıdan Parisə “çələng” hədiyyəsi
Bu günlərdə dünyanın dörd tərəfindən Bakıya toplaşmış keçmiş müstəmləkə sakinləri maraqlı çıxışlar etdilər. Müxtəlif dövrlərdə Fransanın müstəmləkəçiliyindən əziyyət çəkmiş Əlcəzair, Korsika, Mali, Keniya, Mərakeş, Qvadelupa, Yeni Koledoniya, Polineziya, Fransa Qvineyası və digər ölkələrin rəsmi təmsilçiləri milli tarixlərində ədalətsizlik və haqsızlıq ucbatından çəkdikləri əzab və məşəqqətləri dilə gətirdilər. Onların hamısı bir ağızdan Parisin xüsusilə Afrika qitəsində yürütdüyü neokolonalizm siyasətinin bu gün tamamilə iflasa uğradığını, bir daha müstəmləkə istibdadının qitədə meydan sulamasına yol verilməyəcəyini dedi.
İlk baxışda Bakıda keçirilən neokolonalizmə dair beynəlxalq konfrans mövzumuza aid görünməyə bilər. Amma bu tədbirin indi haylara qucağını açıb, Azərbaycana qarşı hər cür təxribatlara rəvac verən Parisdə necə qarşılanacağı bizi çox maraqlandırır. Ehtimal edə bilərik ki, Bakı konfransına təşrif buyurmuş qonaqların siyahısı ilə tanış olandan sonra Yelisey sarayındakı rəsmilərdən kimsə huşunu itirə bilər. Yoxsa Emmanuel Makron haylara xidmətinə görə Bakıdan “minnətdarlıq çələngi” gözləyirdi?
İ.HƏSƏNQALA
XQ