Samvelsayağı Alma-Ata Bəyannaməsi yaxud “artsax”çıların “cəhənnəm ismarıcları”

post-img

Məlum olduğu kimi, bu ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxdığını elan edən Qarabağdakı separatçı rejimin sabiq rəhbəri, hazırda Ermənistanda olan Samvel Şahramanyanın dili açılıb. 

Əslində, onun buna məcbur edildiyini də söyləmək müm­kündür. Bir qrup başıpozuq aksiya keçirib və tələblər irəli sürərək deyiblər ki, bəs “artsax” ölməyib filan. Ancaq hər bir halda Şahramanyan sentyabrda imzaladığı sənədlə bağ­lı deyə bilərdi ki, daha rejim fəaliyyət göstərmir. Amma belə deməyib, əksinə, bildirib ki, heç kəs qondarma “Dağlıq Qara­bağ Respublikası”nı ləğv edə bilməz. Sən demə, ortada refe­rendum var imiş. 

Əvvəlcə buna diqqət yetirək görək Samvelin haqqında söz açdığı referendum nə deməkdir. Deməli, 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdikləri və yalnız ermənilərin qatıldıqları referendumun nəticəsinə görə “müstəqillik qə­rarı” çıxarılmış və 1992-ci il yanvarın 6-da “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi” “rəsmən” elan edilmişdi. Buna qədər isə 26 noyabr 1991-ci ildə “Azərbaycan Respublikası­nın Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdi. Qanu­nu Prezident Ayaz Mütəllibov imzalamışdı.

Diqqət yetirək: Ermənistan Res­publikasının müstəqilliyi 23 sentyabr 1991-ci ildə elan olunub. Əgər 26 no­yabr 1991-ci ildə Azərbaycan özünün qanuni ərazisindəki muxtar qurumu ləğv edibsə, belə nəticəyə gəlmək mümkündür ki, Ermənistanın 23 sent­yabr 1991-ci ildə elan etdiyi müstəqil­liyin əsasını təşkil edən və rəsmi şə­kildə bəyan olunmuş baza aradan qalxmış durumdadır. Nəzərə alaq ki, ölkənin istiqlaliyyət bəyannaməsində sənədin hazırlanması barədə qərarın Ermənistan SSR Ali Soveti və Dağ­lıq Qarabağ Milli Şurası tərəfindən 1 dekabr 1989-cu ildə çıxarıldığı vur­ğulanıb. Yəni faktiki olaraq hazırda Ermənistan Respublikasının mövcud­luğu qeyri-qanunidir. Görünür, həm də buna görə ölkənin baş naziri Nikol Paşinyan bir neçə ay əvvəl respublika üçün şəhadətnamə, loru dildə desək, “kupça” almaqdan söz açırdı. Çünki o, yaxşı bilir ki, Ermənistan üçün yaran­ma özəyi doğru deyil. Onu da nəzərə alaq ki, hayların istiqlal bəyannamə­sində qonşu ölkələrə ərazi iddiası ək­sini tapıb. Yeri gəlmişkən, Ermənistan konstitusiyası da özünün istinad mən­bəyini istiqlal bəyannaməsindən götü­rür. Bu isə faktiki olaraq o deməkdir ki, ölkənin əsas qanunu Azərbaycana və Türkiyəyə ərazi iddiasını təsdiqləmək­dədir. 

Bəli, qondarma “DQR” də ərazi iddi­asının “məhsulu” kimi meydana çıxan quruluş olub və otuz ilə yaxın müddət­də bu “ampluada” fəaliyyət göstərib. S.Şahramanyanın elan etdiyi qərar isə separatçı mahiyyətli qurumun ləğvi­ni vurğulayırdı. Ancaq dediyimiz kimi, indi Samvel bildirir ki, ləğv-filan yoxdur. Nəinki yoxdur, ona və Azərbaycanda həbsdə yatmaqdan canını qurtarmış beş-altı adama İrəvanda mənzil-qə­rargah verilib. İndi necə başa düşək? İstər-istəməz belə düşünməliyik ki, Er­mənistan öz ərazisində Azərbaycana ərazi iddiası irəli sürən, özünü qanuni əsaslı adlandıran bir qurum, daha doğ­rusu, qruplaşma bəsləyir. Heç şübhə­siz, bu, Ermənistandan Azərbaycana qarşı təhlükənin olduğu anlamını da­şıyır. 

Ermənistanın Azərbaycana qar­şı təhlükəliliyini təsdiqləyən digər məsələlər də var. Yəni, rəsmi İrəvanın hazırkı fəaliyyəti də bunu söyləməyə əsas verməkdədir. Başqa sözlə desək, Şahramanyanın “Artsax sağ­dır” deyərək bildirdikləri Ermənistanın həyata keçirdiyi kursdan aydın görün­məkdədir. Məlum olduğu kimi, hazırda rəsmi İrəvan bütün beynəlxalq platfor­malarda Azərbaycanın, guya, Qara­bağda etnik təmizləmə gerçəkləşdirdiyi məntiqini irəli sürməkdədir. Mövcud “dəst-xətt” bölgənin erməni sakinlərinin evlərinə qayıtmalarını nəzərdə tutur. Sən demə, bu qayıdış üçün “şərtlər” müəyyənləşməli imiş. Məsələni həm baş nazir Nikol Paşinyanın administra­siyası, həm də xaricdəki ermənipərəst­lər öz aləmlərində kifayət qədər kor­rektə etdiklərini düşünürlər. Formul da fikirləşiblər – təhlükəsiz və ləyaqətli qayıdış. Yəni, təhlükəsizliyi və ləyaqəti BMT sülhməramlıları təmin edəcək­miş. Görünür, İrəvanda oturub ağlına gələni zoğallayan Şahramanyan da başının dəstəsi ilə yenidən Xankəndiyə qayıdıb indi Dövlət Təhlükəsizliyi Xid­mətinin istintaq təcridxanasında olan sabiq separatçıbaşı Arayik Arutyundan “miras qalan” kresloda oturacaqmış. Böyür-başında da BMT-nin sülhmə­ramlı zabitləri əyləşəcəkmiş. Nə gözəl! Arada müstəqillik zəngulələri də vur­maq olar! Nə qədər olmasa, ləyaqəti qoruyan olacaq axı! Ən əsası isə “re­ferendum” var!

Bəli, Ermənistanın istədiyi budur. Baxın, ölkənin xarici işlər nazirinin müavini Vahaan Kostanyan bildirib ki, ölkəsinin Azərbaycanın ərazi bütövlü­yünü tanıması “Artsax” ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini arxa plana ata bilməz. Yenə də, “Artsax” ifa­dəsi. Elə bu ifadənin işlədilməsinin özü artıq ərazi iddiasıdır. Sual olunur: bir dövlətin başqasının suveren ərazisin­dəki bölgəni özü istədiyi tərzdə adlan­dırması nə deməkdir? İndiki halda bu, tamamilə yolverilməzdir. Çünki ortada böyük münaqişə olub. Deməli, İrəvan tərəfindən suverenliyimizin tanınma­sı mənasız şeydir. Şahramanyanın diqqətə çatdırdığımız fikirləri də həmin mənasızlığın əyani göstəricisidir. 

S.Şahramanyanın məlum açıqla­ması, əslində, Ermənistan hakimiyyəti ilə yanaşı, xaricdəki anti-Azərbaycan qüvvələrin, ayrı-ayrı Qərb dövlətlə­rinin müxtəlif orqanlarının, bəzi bey­nəlxalq təşkilatların qaldırdıqları Qa­rabağda etnik təmizləmə vay-şivənini də alt-üst edir. Bir daha təsdiqlənir ki, onların sentimentallığa, insan hüquq­larına bürünmüş oyunlarının arxasın­da Azərbaycan torpaqlarına qəsb niy­yəti dayanır. Başqa sözlə desək, bu qüvvələr İrəvanın ölkəmizə qarşı ərazi iddiasının gerçəkləşməsinə dəstək verirlər. 

Samvelin “Artsax” sağdır” ritorikası, eyni zamanda, Azərbaycan-Ermənis­tan sülh danışıqlarına da təsir göstərən amildir. Ermənistan rəhbərliyi bütün platformalarda bəyan edir ki, Azər­baycanın 86,6 min kvadratkilometlik ərazidə suveren hüquqlarını tanıyır və o əraziyə Qarabağ da daxildir. Hər halda separatçıya öz ərazisində sığı­nacaq vermək və onun ağzına gələni danışmasını tirajlamaq tanıma sayıla bilməz. Belə olan halda İrəvanın Azər­baycanı 29,8 min kvadratkilometrlik ərazidə Ermənistanın suveren haqları­nı tanımağı rəsmiləşdirməyə çağırması da yumşaq desək, düzgün deyil. Bakı necə bu tanımaya getsin ki, İrəvan separatçıya imkan və şərait yaradıb, onun çərənləməsinə, hansısa referen­dumdan danışmasına göz yumur? Hər halda, ölkəmiz özünə qarşı ekstremizm bəsləyən bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşa bilməz.

İndi S.Şahramanyanın məlum açıq­laması ilə bağlı bir vacib məqamın üzərində də dayanaq. Məlum olduğu kimi, Ermənistan rəhbərliyi, o cümlə­dən baş nazir N.Paşinyan tez-tez ölkə­sinin Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsasən tanıdığını vurğulayır. Ancaq vaxtilə İrəvanda bildirirdilər ki, SSRİ dağılandan sonra Azərbaycan necə öz müstəqilliyini elan edibsə, “Dağ­lıq Qarabağ” da eyni addımı atıb, öz müqəddaratını müəyyənləşdirib və s. Müqəddərat isə Samvelin haqqında söz açdığı “referendum”dan qaynaq­lanıb. 

O zaman tarixlərə diqqət yetirək. Alma-Ata Bəyannaməsi 1991-ci il de­kabrın 21-də imzalanıb. Yəni, separat­çıların Qarabağda saxta “referendum” keçirmələrindən 11 gün əvvəl. Bu mən­tiqlə Paşinyan və komandası deyə bilər ki, Alma-Ata Bəyannaməsinə qədər nə olubsa-olub. Belədə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü­nü tanıma da, əslində, heç nəyi dəyiş­mir. Çünki hüquqi baxımdan yanaşsaq, Alma-Ata Bəyannaməsində onun im­zalandığı tarixə qədər özünü “müstəqil” adlandırmış Qarabağla bağlı heç nə yoxdur. Əslində, Şahramanyanın “Art­sax”ın fəaliyyətini dayandırmasına dair fərmanfason kağız parçası da tam mə­nasızdır. O anlamda ki, qondarma qu­ruluş nədir ki, onun özünü buraxmaq sənədi də nə ola? Rədd olub getməlidir və gedib də. Vəssalam! 

Ancaq yenə də bildirək ki, Sam­velin hazırda Ermənistan ərazisində oturub “referendum zəngulələri” vur­ması və “DQR”in “ölmədiyini” bildir­məsi, bax, buna təhlükə mənbəyi kimi yanaşmaq mümkündür. Nəzərə alaq ki, İrəvan otuz ilə yaxın müddətdə Al­ma-Ata Bəyannaməsinin Azərbayca­nın ərazi bütövlüyü məntiqini heçə sa­yıb. Özü də bunu “DQR”in müstəqilliyi kontekstində edib. Yəqin elə bu mən­tiqlə də Şahramanyanı mənzil-qərar­gahla təmin edib. Deməli, Samvelin açıqlaması həm də Paşinyan iqtida­rının Azərbaycanla sülh prosesindəki qeyri-səmimiliyinin göstəricisidir və Ermənistanı ölkəmizin ərazi bütöv­lüyünü təhdid hədəfinə çevirməkdə­dir. Yaxşı olar ki, rəsmi İrəvan bunu düşünsün. Əks halda, Azərbaycanı təhdidə köklənmiş bütün hədəflərin, onların harada yerləşməsindən asılı olmayaraq, susdurulması məsələsi aktuallaşa bilər.

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət